AZ

İqtisadiyyat İnstitutunun keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

İqtisadiyyat

Bakı, 23 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi (ETN) İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda bu elmi müəssisənin baş direktoru iqtisadiyyat elmləri doktoru, professor Nazim Müzəffərli 2023-cü ildəki elmi-tədqiqat işləri üzrə hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, İqtisadiyyat İnstitutunda “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafin milli prioritetlərinin reallaşdırılması istiqamətləri (2022-2025-ci illər)” mövzusunda tədqiqatlar aparılıb. İnstitut öz tədqiqatlarında dövlət proqramlarının, strategiya və konsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur. İnstitutun hazırda yerinə yetirdiyi elmi-tədqiqat istiqaməti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müəyyənləşdirilib.

Baş direktor qeyd edib ki, institut Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramlarının və Nazirlər Kabinetinin qərarlarının icrası ilə bağlı müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir, onların sifarişlərini yerinə yetirir və birgə tədqiqatlar aparılır. İnstitutun əməkdaşları hökumət qurumlarının iqtisadiyyatla bağlı 10-dan artıq işçi qrupunda ekspert qismində təmsil olunurlar. İl ərzində Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin sifarişi ilə bir sıra layihələr həyata keçirilib və növbəti ildə də bu işlər davam etdiriləcək.

Nazim Müzəffərli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində İqtisadiyyat İnstitutunun iştirakı və təşkilatçılığı ilə müxtəlif dövlət qurumları ilə birgə üç elmi konfrans keçirilib, Ümummilli Liderə həsr olunmuş iki kitab nəşr edilib. Belə ki, aprelin 17-də Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində Qarabağ iqtisadi rayonunda Prezidentin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans təşkil olunub. Noyabrın 16-17-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Habelə noyabrın 23-24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birlikdə “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı təşkil olunub.

Cari ildə institutun əməkdaşları tərəfindən 7 monoqrafiya, 181 məqalə, beynəlxalq elmi bazalara (“Web of Scinece”, “Scopus” və s.) daxil olan jurnallarda 31 məqalə olmaqla bütövlükdə xaricdə 55 əsər çap olunub. İl ərzində institutun əməkdaşları müxtəlif yerli və xarici elmi konfranslarda, forumlarda, seminarlarda, tədbirlərdə iştirak ediblər. Habelə elmi seminarlarda iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. İnstitutun hazırda “İqtisadi artım və ictimai rifah” adlı elmi jurnalı çap olunur. Elmi əməkdaşların sayı 119 nəfərdir ki, onlardan 22-si elmlər doktoru, 46-sı fəlsəfə doktorudur. İnstitutda 62 doktorant və dissertant (onlardan 15-i elmlər doktoru proqramı üzrə) təhsil alır.

İqtisadiyyat İnstitutunun saytına baxış sayı 1 milyonu keçib. Sayt, ümumilikdə 145 ölkədən, o cümlədən Rusiya, ABŞ, Avropa İttifaqı, Türkiyə, Ukrayna, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan və digər ölkələrdə oxucular tərəfindən izlənilir. İnstitutun yutub kanalında 163 videomaterial yerləşdirilib. Bu videolar İqtisadiyyat İnstitutunun alimlərinin ölkəmizin tanınmış və aparıcı televiziya kanallarına müsahibələrini, verilişlərdə ekspert qismində iştirakını əhatə edir.

Sonra İqtisadiyyat İnstitutunun əməkdaşları arasında Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin təbliği, habelə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və bunun üçün əməkdaşların əlavə stimullaşdırılması məqsədilə Zəfər Gününə həsr olunmuş, cari ildə institutda yerinə yetirilən plan elmi-tədqiqat işlərinin müsabiqəsinin nəticələri elan olunub. Elmi şöbələr arasında müsabiqənin qalibi “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsi olub. Əməkdaşlar arasında müsabiqədə iqtisadiyyat üzrə fəlsəfə doktoru Gülnarə Fətəliyeva birinci, dosent Nəsimi Əhmədov və iqtisadiyyat üzrə fəlsəfə doktoru İsgəndər Babazadə ikinci, dosent Mətanət Abdalova, iqtisadiyyat üzrə fəlsəfə doktoru İntizar Qurbanova və elmi işçi Vəfa Həşimova üçüncü yerləri tutublar. Qaliblərə pul mükafatları verilib.

Elmi şurada 2023-cü ildə İqtisadiyyat İnstitutunun doktorantura və dissertanturasına qəbul olanların dissertasiya mövzularının hər biri geniş müzakirə edilərək təsdiq olunub.

Seçilən
240
50
azertag.az

10Mənbələr