AZ

Xırdalan-Novxanı yolundakı işıq problemi ilə bağlı RƏSMİ AÇIQLAMA    

 

“2022-2023-cü illər ərzində Abşeron rayonunun Xırdalan şəhərində 19 adda küçə gecə işıqlandırması ilə təmin edilib.  Onlardan 13-ü Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən, digər 6 küçə isə Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Abadlıq  İdarəsi tərəfindən çəkilib. Qeyd edilən Həsən Əliyev küçəsində gecə işıqlandırılması üçün  mövcud olan elektrik xətləri, o cümlədən avadanlıqlar uzun illər əvvəl çəkilib və fasiləsiz olaraq, cari təmir işləri aparılmadan istismar edilib”.

WhatsApp

Bunu Musavat.com-a açıqlamasında Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov bildirib.  O qeyd edib ki, sözügedən avadanlıqlar istismar müddətini başa vurduğu üçün ara-sıra texniki problemlər yaşanır: “Bu səbəbdən də küçənin bəzi hissələrində gecə işıqlarında sönmələr müşahidə edilir. Bununla əlaqədar olaraq Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən dərhal müdaxilə olunaraq mümkün təmir işləri aparılıb. Lakin elektrik xətlərinin yararsız olması gecə işıqlandırmasının tam təmin edilməsinə imkan verməyib. Bununla əlaqədar olaraq yaxın günlərdə elektrik xətlərində cari təmir işlərinin aparılması nəzərdə tutulub”.

S.Qasımov onu da əlavə edib ki, Həsən Əliyev küçəsi hazırda layihə üzrə tikintisi həyata keçirilən M 4–Pirşağı–Novxanı–Xırdalan magistral yolunun üzərində yerləşir: “Yol infrastrukturu yeniləndikdən sonra müasir standartlara cavab verən gecə işıqlandırılmasının quraşdırılması nəzərdə tutulub. Buna baxmayaraq Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən ərazidə cari təmir işləri həyata keçiriləcəkdir. Saray-Novxanı magistral yolunda baş vermiş avtomobil qəzasına gəldikdə isə bildirmək istərdik ki, ərazidə gecə işıqlandırılması mövcuddur və işlək vəziyyətdədir”.

 Qeyd edək ki, Musavat.com-a Xırdalan sakinləri müraciət etmişdilər.

Yazıda qeyd edilirdi ki, Bakı Mühəndislik Universitetinin qarşısından, "Vaz dairəsi" kimi tanınan ərazidən Xırdalana gedən istiqamətdə işıq dirəkləri olsa da, həmin yol boyu işıqlar yanmır, bu da hər an təhlükə yaranmasına səbəb ola bilər.

 

Afaq Mirayiq,
Musavat.com

 

 

 

Seçilən
438
4
musavat.com

10Mənbələr