AZ

Dünya gücləri Ermənistana buna görə təzyiq etmir - Ayrım

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım Teleqraf.com-un suallarını cavablandırıb.

Axar.az onunla müsahibəni təqdim edir:

- Şamil bəy, bu gün Türkiyəni sarsıdan zəlzələdən bir il ötür. Ötən dövr ərzində Türkiyə toparlanmaq üçün hansı addımları atdı?

- Bilirsiniz ki, 6 fevral tarixininin səhəri gün cənab prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin bütün rəsmi şəxsləri zəlzələ baş verən ərazilərə getdilər. Öncə həmin ərazilərdə xilasetmə işləri aparıldı. Təəssüf ki, əsrin faciəsində 50 mindən çox insan dünyasını dəyişdi.

Təbii ki, bu kədəri, yaranı sağaltmaq asan deyildi. Sürətli şəkildə həmin bölgələrin bərpası üçün cənab Ərdoğanın təlimatı üzrə lazımi işlər görüldü. Bu gün ölkəmizdə baş verən zəlzələnin birinci ildönümüdür. Bölgədə olan evlərin bir qismi ehtiyaclılara təhvil verilib. Bu müddətdə bütün işləri başa çatdırmaq çox asan deyil. Minlərlə insanlarımız evlərinə qovuşmalıdır. Amma hökumətimiz, dövlətimiz bunun üçün əlindən gələni yüksək səviyyədə edir.

Bilirsiniz ki, ölkəmizdə zəlzələ baş verən zaman ilk yardıma gələn azərbaycanlı qardaşlarımız oldu. Hər zaman Türkiyə və Azərbaycan acı və kədərdə bir-birinin yanındadırlar. Zəlzələdə də Can Azərbaycan böyük bir xilasetmə komandası ilə bizim yaramızın sağalmasına kömək etdi.

Türkiyə zəlzələnin açdığı yaranı sağaltmağa çalışır. Proqram çərçivəsində yeni yollar, məktəblər, xəstəxanalar inşa edilir. 13 milyon insanın yaşadığı bir bölgədir, 11 şəhərimizi əhatə edir. Zəlzələyə əsrin fəlakəti deyirik. Çünki zəlzələnin baş verdiyi ərazi Avropada yerləşən bir çox dövlətlərdən daha böyükdür.

Bütün bunlara rəğmən türk insanı bu yaraları sağaldır. Biz zəlzələ zamanı böyük dəstək gördük. İnanıram ki, bir neçə il ərzində bütün sıxıntıların böyük qismini həll edəcəyik. Evlər inşa ediləcək, amma itirdiyimiz canları geriyə gətirə bilməyəcəyik. Acımız çox böyükdür.

- Türkiyədə zəlzələ baş verən ərazilərdə inşa işlərinin aparıldığını vurğuladınız. Başqa nə kimi layihələr həyata keçirilir?

- Məktəblər, xəstəxanalar tikilir, yollar bərpa edilir, fabriklər inşa olunur. Bölgəyə yeni yatırım üçün iş adamları gəlirlər. Onlara şərait yaradılır, dəstək göstərilir. Hava limanı yenilənir, magistral yollar bərpa edilib. Beləliklə, yeni layihə olaraq bölgəyə gəlmək istəyən bütün biznesmenlərə hər sahədə çox ciddi imkanlar yaradılıb.

- Ermənistan sülh müqaviləsi imzalamaqdan imtina edir. Necə düşünürsünüz, niyə dünya gücləri Ermənistana hər hansı təzyiq göstərmir?

- Ermənistanın Amerika və Fransada çox ciddi lobbisi var. Ancaq bunların hamısı əbəsdir. Çünki bu güclər Azərbaycanın ərazi bütövlüyünü əldə etməsinə mane ola bilmədi. Azərbaycan 30 il sonra 44 günlük Vətən Müharibəsində öz topraqlarının böyük bir qismini azad edib.

Azərbaycan keçən il senyabrın 19-da baş tutan “antiterror əməliyyatı” zamanı torpaqlarının qalan hissəsini azad edərək ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Azərbaycan artıq sülh müqaviləsini gözləyir.

Ermənistana təkliflərini irəli sürüldü. Ermənistan tərəfindən hər hansı hərəkət yoxdur. Prosesə ən böyük əngəl Fransadır. Afrikadan qovulan Fransa təəssüf ki, Ermənistana müharibə dövründə də çox ciddi dəstək olub, indi də bu dəstək davam edir.

Bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib. Təbii ki, bu qərara cənab prezident İlham Əliyev, deputatlar çox ciddi reaksiya göstərib. Nədənsə Fransa bu məsələyə çox manipulyasiya edir, onun arxasında başqa güclər də var.

Qafqaz xalqları artıq sülh istəyir. Bu sülhün davamlı olması üçün isə Türkiyə hər zaman Azərbaycanın yanındadır. İnşallah, bu sülh baş tutacaq. Çünki region xalqının buna ehtiyacı var. Bölgənin iqtisadiyyatının inkişaf etməsi, gənclərin iş imkanlarının açılması, iş adamlarına yeni iş imkanlarının yaradıması lazımdır. Bunlar çox önəmli məsələlərdir. Gözləyib, görəcəyik.

Biz mübarizə aparırıq. Hər zaman deyirik ki, Yaşasın Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi!

Seçilən
419
50
axar.az

10Mənbələr