Bakı, 17 fevral, Təhminə Verdiyeva, AZƏRTAC
Xalqdan güc alan və xalqın dəstəyi ilə yenidən Prezident seçilən İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitq həm keçmişin dəyərləndirilməsi, həm də gələcəyin yol xəritəsi kimi tarixi mahiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru, I Qarabağ müharibəsi veteranı Bədirxan Əhmədov söyləyib.
Bədirxan Əhmədov bildirib ki, Prezident andiçmə mərasimindəki nitqində həyatın bütün sahələrinə toxunub, görülən işlərə qiymət verib və gələcək işlərə də öz münasibətini bildirib: “Mənim diqqətimi çəkən dövlətimizin başçısının hərbi vətənpərvərlik və milli mənəvi dəyərlər istiqamətində söylədiyi fikirlər oldu. Əslində bu iki istiqamət bir-biri ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq olmaz. Belə ki, Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarının düşməndən azad olunmasından sonra yeni reallıqlar ortaya çıxdı. Prezident dünyanın və Avropanın bir çox ölkəsində təhlükəli proseslərin baş verdiyinə diqqət çəkdi və Azərbaycanın təhlükəsizliyi baxımından yeni bir mərhələyə daxil olduğunu qeyd etdi”.
Professor diqqətə çatdırıb ki, Azərbaycan xalqının sabitlik şəraitində yaşamasının əsas təminatçısı və bu siyasəti uğurla həyata keçirən Prezidentdir: “Xüsusilə torpaqların işğaldan azad olunmasından sonra ordu quruculuğunda kardinal dəyişikliklər və yeniliklər baş verdi. Bunun sayəsində Azərbaycan Ordusu dünya miqyasında öz gücünü artırdı. Həmin hadisələr bununla da Azərbaycanda hərbi vətənpərvərlik istiqamətində böyük işlər görüldüyünü göstərir. Azərbaycan Respublikası Birləşmiş Veteranlar Şurası Təşkilatı da Prezidentin bu nitqindən irəli gələn tezislərə uyğun olaraq hərbi vətənpərvərlik və milli şüurun formalaşması sahəsində müəyyən işlər görür, görüşlər keçirir, təbliğat aparır”.
“Prezidentin nitqindən irəli gələn istiqamətlərdən biri də milli-mənəvi dəyərlərimizin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasıdır. Prezident bu nitqində də bir daha milli-mənəvi dəyərlərimizə sadiqliyini ifadə etdi. Dünyanın bir çox ölkəsində ayrı-seçkilik, ksenofobiya olduğu halda Azərbaycanda multikulturalizm və İslam həmrəyliyi dövlət siyasətinin əvvəllər olduğu kimi yenə də əsas prioritetlərindən biridir. Prezidentin nitqindən irəli gələn bu prioritetlər əlaqədar təşkilatların da əsas yol xəritələrindən biri olaraq qalır”, - deyə Bədirxan Əhmədov əlavə edib.