"Moskvanın birbaşa göstərişi ilə Dnestryanı Rusiyanın tərkibinə qatılmaq arzusundadır..."
"Tiraspol düşünülməmiş addımlar atacağı təqdirdə onu hansı nəticələrin gözləyəcəyini anlamalıdır..."
Dnestryanıda fevralın 28-də tanınmamış respublikanın bütün səviyyələrində deputatların qurultayı planlaşdırılıb.
Moderator.az xəbər verir ki, bu barədə "dzen.ru" nəşri yazıb.
Forum Dnestryanı lideri Vadim Krasnoselski tərəfindən "Moldova Respublikası tərəfindən dnestryanılıların hüquqlarını pozan və sosial-iqtisadi vəziyyətini pisləşdirən təzyiqlə bağlı narahatlıq" səbəbindən çağırılacaq.
Məlumatda deyilir ki, qurultayda Rusiyaya Dnestryanının Rusiya Federasiyasının tərkibinə qatılması çağırışı səsləndiriləcək.
Yerli siyasətçi Gennadi Çorbanın fikrincə, bu göstəriş bilavasitə Moskvadan verilib.
"Bu gün Kremlin bütün hərəkətləri bir amilə, yəni Putinin Ukraynaya qarşı törətdiyi müharibəyə bağlıdır. Məqsəd isə bütövlükdə Moldovada və Ukrayna ilə Moldova arasında sərhəddə, o cümlədən Dnestryanı sahəsində sabitliyin pozulması, Ukrayna ətrafında imkan daxilində daha çox ərazilərdə gərginlik yaratmaqdır", - Çorba hesab edir.
O, bəyan edib ki, Dnestryanı deputatların qurultayının ertəsi günü, fevralın 29-da Vladimir Putin özünün Federal Məclisə müraciətində Dnestryanının xahişini elan edəcək və onun təmin edilməsi barədə qərar qəbul edəcək.
Çorba "özlərinin fəaliyyətsizliyi ilə" hadisələrin belə mümkün inkişafına gətirib çıxaran Moldova hakimiyyətinə müraciət edib.
"Xanım prezident Sandu, Sizin ətrafınız Rusiyanın Moldova ərazisinə zərbə endirəcəyi ilə Sizi hər vasitə ilə qorxudub.
Siz bir şeyi nəzərı almamısınız ki, Rusiyanın indiki rəhbərliyinin, o cümlədən Putinin psixologiyası ötən əsrin 30-cu illərinin Hitler psixologiyasına çox bənzəyir.
Putin kimilərinin yola gətirilməsi yalnız bir şeyə- təcavüzkarın iştahasının artmasına gətirib çıxarır", - Çorba deyib.
Kişinyov siyasətçinin məlumatına münasibət bildirib. Reinteqrasiya üzrə Büro bəyan edib ki, Dnestryanı regionda vəziyyəti diqqətlə izləyir, ATƏT-in Missiyası və digər beynəlxalq tərəfdaşlarla daimi təmasdadır.
"Biz əminik ki, Tiraspol düşünülməmiş addımlar atacağı təqdirdə onu hansı nəticələrin gözləyəcəyini anlayır", - bəyanatda deyilir.