AZ

“Bakı bu silahları anbarda saxlamaq üçün almır” - Gərginlik pik həddə

İrəvan Qərblə daha da yaxınlaşmaq üçün xarici siyasi vektorunu dəyişmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Andranik Ovannisyan deyib.

“Ermənistan hakimiyyəti 2022-ci ilin dekabrından faktiki KTMT-dəki iştirakını dondurub. İrəvan Qərblə daha da yaxınlaşmaq üçün xarici siyasi vektorunu dəyişmək niyyətindədir. 2024-cü ildə bu proses davam edəcək, yeni Konstitusiyanın qəbulu bunu sürətləndirə bilər. Məsələn, Konstitusiyada Ermənistanın bloklara qoşulmaması statusu ilə bağlı maddə yer ala bilər ki, bu da Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazası ilə əlaqədar müqavilənin ləğvi və KTMT-dən çıxmaq üçün hüquqi əsas olacaq.

Əlbəttə, belə bir qərar KTMT və Rusiyanın reputasiyasına xələl gətirəcək, həm də Ermənistan-Rusiya münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olacaq. Eləcə də Ermənistanın təhlükəsizliyi kontekstində ağır nəticələrə gətirib çıxaracaq”, - ekspert bildirib.

Ovannisyanın fikrincə, nə Qərb, nə də Rusiya Ermənistanın təhlükəsizliyi üçün məsuliyyəti üzərinə götürməyə hazırdır: “Bu dövri dönüşlər bizə yalnız yeni fəlakətlər gətirə bilər”.

Politoloq onu da əlavə edib ki, Ermənistanın yeni Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Aktına istinad olmayacaq.

Eyni zamanda, o, Azərbaycanın Türkiyə, İsrail, Pakistan və Şərqi Avropanın bəzi ölkələrindən silah-sursat aldığını da söyləyib.

Ovannisyan Azərbaycanın bu yaxınlarda Pakistanla 1.6 milyard dollar dəyərində silah alışına dair müqavilə imzaladığını da xatırladıb: “Azərbaycan bütün bu silahları anbarlarda saxlamaq üçün almır”.

Ekspert hesab edir ki, aparıcı dövlətlər arasında hibrid müharibələrin getdiyi vaxtda - dünya düzəninin transformasiyası zamanı xarici siyasi vektoru dəyişmək son dərəcə təhlükəli avantüradır.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
50
teleqraf.com

10Mənbələr