O deyib ki, Putin Navalnının azadlıqda olmasını həzm edə bilməyib
Rusiyalı müxalifətçi Aleksey Navalnı ölümündən öncə Berlində qətl törətməkdə təqsirli bilinən rus kəşfiyyatçısı Vadim Krasikovla mübadilə edilməli imiş.
Bu iddia ilə Aleksey Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru Mariya Pevçix çıxış edib.
Navalnının "YouTube” kanalındakı videomüraciətində Mariya Pevçix deyib ki, fevralın 15-i axşam mübadilə üzrə danışıqların son mərhələdə olduğu barədə təsdiq alıb. Lakin ertəsi gün Navalnının ölüm xəbəri yayılıb.
Mariya Pevçixin sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Navalnının tərəfdaşları onun və digər siyasi məhbusların Rusiya casusları ilə dəyişdirilməsinin mümkünlüyü üzərində işləməyə başlayıblar.
Nəticədə fevralın əvvəlində Putinə Navalnı və adını çəkmədiyi iki ABŞ vətəndaşını Krasikovla dəyişmək təklif olunub.
Söhbət Rusiyada casusluqda ittiham olunan amerikalı, keçmiş dəniz piyadası Pol Uilan və "The Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçdən getdiyi güman edilir.
Navalnının Krasikovla dəyişdirilməsi ideyasını isə Putinə iş adamı Roman Abramoviçin verdiyi bildirilir.
Hətta Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Vadim Krasikovu "vətənpərvər” adlandırıb və onun dəyişdirilməsi ilə bağlı danışıqlara işarə vurub.
Rusiya Prezidenti həmin vaxt Navalnının adını çəkməyib.
"Fevralın əvvəlində Putinə təklif olunub ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) killeri, hazırda Berlində qətlə görə cəza çəkən Vadim Krasikovun əvəzində iki amerikalını və Aleksey Navalnını azadlığa buraxsın. Danışıqların fevralın 15-də axşam yekun mərhələdə olması barədə informasiyanı mənə təsdiqləyiblər. Fevralın 16-da isə Navalnı öldürülüb”, – Pevçix deyib.
O, bu məsələdə birbaşa Kremli günahlandırıb.
İddia edib ki, Vladimir Putin Aleksey Navalnının azadlıqda olmasına dözməyib və onu dəyişdirmək əvəzinə, sövdələşmə predmetindən canını qurtarmaq qərarına gəlib.
Pevçix iddialarını əsaslandırmayıb.
"Reuters”, "Financial Times” və digər dünya KİV-ləri təsdiqləyiblər ki, Navalnının ölümündən öncə Vadim Krasikovla dəyişdirilməsi müzakirə olunurmuş.
Fevralın 16-da, Aleksey Navalnının vəfat etdiyi gün Almaniyanın "Bild” qəzeti müxalifətçinin Vadim Krasikovla dəyişdirilərək azadlığa buraxılacağına dair məlumat yayıb.
Almaniya hökumətinin sözçüsü Kristian Hofman isə məsələni şərh etmək istəməyib.
Aleksey Navalnının nəşi ailəsinə ölümündən 9 gün sonra, fevralın 24-də verilib.
O, uzaq "Qütb ayısı” həbsxanasında ekstremizm və başqa ittihamlarla 19 il həbs cəzası çəkirdi.
Özü və tərəfdarları isə ittihamları rədd edir, siyasi motivli sayırdı.
Müxalifətçinin ölüm səbəbi açıqlanmayıb.
Navalnının anası Rusiya rəsmilərini ona oğlunu gizlin dəfn etmək üçün təzyiq göstərməkdə ittiham edib.
Məqsədin Putinin açıq tənqidçisinin dəfninə izdihamın yığışmasını önləmək olduğu bildirilir.
Kremlin sözçüsü Dmitri Peskov isə fevralın 26-da təzyiqlə bağlı deyilənləri absurd adlandırıb.