AZ

Gözəl əxlaq ən böyük sərvətdir


Elə bir insan yoxdur ki, ömrü boyu bir dəfə də olsun qəzəblənməsin, özündən çıxmasın. Belə hallarda özünü ələ alıb qəzəbi cilovlamaq dində mühüm sayılan məziyyətlərdəndir. Bir tərəfdən insanların qüsurlarını bağışlamaq, bir tərəfdən də qəzəb hissini boğmaq (əlbəttə ki, səbirlə və təmkinlə) möminə xas xüsusiyyətdir.
Peyğəmbərimiz (s.ə.s.): “Ən kamil və yetkin mömin ən gözəl əxlaqa malik olan və insanlarla ən yaxşı yola gedəndir” - buyurmuş və bizə gözəl əxlaqın yolunu göstərmişdir. Bəli, “Əxlaq ilədir kamali-adəm, əxlaq ilədir nizami-aləm”.
Gözəl əxlaqlı insanı cəhənnəmə də atsalar, güman ki, yenə yoluna sadiq qalar. Orada da həlim xasiyyətindən vaz keçməz, başına gələnləri geniş ürəklə qarşılayar. Gözəl əxlaqa malik bir könül geniş bir məkana bənzəyər. Başına nə qədər bəla-müsibət gəlir-gəlsin, yenə də hirsini, qəzəbini gömməyə yer tapar. Xasiyyəti pis, qəlbi dar insanlara gəlincə, belələri “Qabil xislətli”lərdir, öz hiddətlərini, nifrətlərini bu boyda dünyada basdırmağa yer tapmazlar.
Xasiyyəti gözəl olanın hər şeyi gözəldir. Ancaq gözəl xasiyyət pis xasiyyətlə sınağa çəkilmədən isbat olunmaz. Bir insan pis xasiyyətli adamlarla münasibətdə belə gözəl əxlaqına sadiq qalırsa, onun xasiyyəti gözəldir. Mömin yüksək xarakteri və uca əxlaqı ilə ilan-çayanların arasına düşsə belə, onlara da ədəb-ərkan öyrətməyə çalışmalıdır. Yaxşı insanlarla dolanmaq asandır. Məharət odur ki, pis insanlarla yola gedə biləsən. Cənnətin qapılarının sirli açarı da məhz budur...
Bir möminin din qardaşının müvəffəqiyyətlərini ilk növbədə “Əlhəmdülillah” deyərək, Allahdan bilməsi, sonra da bu uğuru özü qazanıbmış kimi sevinməsi ixlasın, başqa bir ifadə ilə də səmimiyyətin əlamətidir. Məsələn, bir yoldaşımız gözəl yazılar yazır, o biri gözəl natiqdir, başqa birinin isə həm gözəl nitq qabiliyyəti var, həm də gözəl yazı yazmağı bacarır. Cənabi-Allah həm ona natiqlik qabiliyyəti verib, həm də yazmaq məharəti. O da fikirlərini ən gözəl şəkildə ifadə edir, düşüncələrini ən gözəl şəkildə kağıza düzür. Bu yerdə bizim vəzifəmiz buna sevinmək, hətta lazım gəlsə, sevindiyimizi ifadə etməkdir.
Gözəl əxlaq ən böyük sərvətdir. Gözəl əxlaqın mənbəyi Allahın kitabı, Peyğəmbərimizin yoludur. Ömrünü bu düstür üzərində quran insan həyatından zövq alar. Onu da unutmayaq ki, Sevimli Peyğəmbərimiz (s.ə.s.) “İslam ən gözəl əxlaqdır” buyurmuşdur. Ən gözəl əxlaqa sahib olmağa və onu yaşamağa çalışaq ki, aqibətimiz xeyir olsun.

Murad Məmmədov
Seçilən
276
50
yeniavaz.com

10Mənbələr