AZ

Bu ay ərzaq məhsulları BAHALAŞACAQ - SƏBƏB

Hər il olduğu kimi, bu ilin mart ayında da əhalinin ərzaq xərclərində ciddi artım baş verəcək. Buna səbəb Novruz bayramıdır. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin yanvar və fevral aylarında ərzağa xərclənən pul 2,2-2,3 milyard manat olduğu halda martda 2,8 milyard manatı ötmüşdü, apreldə isə xərclər 2 milyard manata düşmüşdü. 


2022-ci ilin yanvar və fevral aylarında ərzağa hər ay 1,8-2 milyard manat xərcləndiyi halda martda ərzaq xərcləri 2,36 milyard manata yüksəlmişdi, apreldə xərclər yenidən azalaraq 1,7 milyard manat olmuşdu. 


İki ilin xərc dinamikası göstərir ki, hər ilin martında əhalinin ərzaq xərcləri kəskin şəkildə artır, daha sonra isə eyni sürətlə azalır. 


Əhalinin ərzaq xərclərinin martda kəskin artması izafi tələblə bağlıdır. Ailələr beşgünlük bayram tədbiri üçün xərclərini xeyli artırır. Orta hesabla bir ailədə bayrama görə yaranan əlavə xərc 150-300 manat intervalında olur. Bu, ay ərzində ölkə üzrə 300-600 milyon manat həcmində əlavə xərc deməkdir. 2023-cü ilin yanvar və fevralı ilə müqayisədə martda əhalinin ərzaq xərclərinin 500-600 milyon manat, 2022-ci ildə isə 360-560 milyon manat artması da bunu təsdiqləyir. 


Yaranan izafi xərclər böyük olduğundan bu, bazarda müvəqqəti qiymət artımına da səbəb olur. Adətən bayram öncəsində qiymətlər bir neçə gün öncəsinə nisbətən 5-20 faiz intervalında artır. Müvəqqəti bahalaşma xərclərə təsir edir. Buna görə də əhali əvvəlki günlərlə müqayisədə eyni miqdarda ərzaq məhsulunu almaq üçün bayram öncəsində daha çox pul xərcləyir. 


Həm əhalinin bayram süfrəsi üçün daha çox miqdarda ərzaq alması, həm də qiymətlərin yüksəlməsi martda əhalinin ərzaq xərclərini artırır. Ehtimal ki, bu ilin martında da əhalinin ərzaq xərcləri yanvar və fevral aylarına nisbətən ən azı 400-500 milyon manat artacaq.


Vasif

Seçilən
56
2
sfera.az

2Mənbələr