Bəhruz Əskərovun ittihamlara münasibəti açıqlanmayıb
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terror aktı törətməyə hazırlıq görən 1988-ci il təvəllüdlü Bəhruz Əskərovu saxladığını deyir.
Bu barədə DTX martın 25-də məlumat yayıb.
Bildirilir ki, Azərbaycan vətəndaşı, Rusiyanın Murmansk şəhərində yaşamış Bəhruz Əskərov şübhəli şəxs qismində saxlanılıb: "Bəhruz Əskərov digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb”.
"Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran şəhər icra hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit olunub”, – deyə DTX əlavə edib.
DTX bildirir ki, kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərov tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, onun barəsində həbs qətimkan tədbiri seçilib: "Eyni zamanda, müəyyənləşdirilib ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib”.
Meydan TV Bəhruz Əskərovun yaxınları və vəkili ilə əlaqə saxlaya, ittihamlara münasibət ala bilməyib.