AZ

Mərahim Nəsibin yeni hekayəsi: Anamın qisası

Modern.az Mərahim Nəsibin "Anamın qisası" adlı hekayəsini təqdim edir:


Peymanın qışqırıq səsinə çölə çıxdım. İşləmək üçün xaricə gedən atamdan başqa ailəmizin bütün üzvləri onun başına yığışmışdı. Uşağın səsi dünyanı başına götürmüşdü. İnsan yalnız iki halda bu cür ağlaya bilərdi: ya fiziki ağrıdan, ya da mənəvi ağrıdan. Beş yaşlı qardaşım Peyman, əlbəttə ki, mənəvi ağrılar hələ nə olduğunu bilmirdi, bilməyəcəkdi də. Yazıq uşaq ağrıdan qovrulurdu. Əlimizdən heç nə gəlmirdi. Bilmirdik neyləyək. Gecədən xeyli keçmişdi. Yaşadağımız bu ucqar kənddə yalnız bir həkim yaşayırdı. O da gecələr xəstə qəbul eləmirdi. Ümid qalmışdı böyük nənəmin türkəçarəsinə. Kənddə hamı ona hörmət əlaməti olaraq Bikə xanım deyirdi. Dilbər nənəm heç vaxt atamın nənəsi ilə, yəni qayınanası olan Bikə xanımla yola getmirdi. Nənəm olsa da deməliyəm ki, Dilbər nənəmin biraz zalımlığı vardı. Bikə xanım çox yaxşı insan idi. Bütün qohumlara, qonşulara yaxşılığı keçmişdi. Nə vaxt yemək bişirərdisə birinci, kənddəki hamilə qadınlara çəkib aparardı. Deyirdi ki, burunlarına yeməyin iyi gedər, umsuq olarlar. Buna rəğmən Dilbər nənəm hər səhər tualetə gedəndə də suyu Bikə xanıma isitdirərdi. Su biraz soyuq olanda isə aftafanı onun başına çırpardı.


İlk dəfə idi ki, nənələrimi eyni dərdə şərik olan görürdüm. Əlbəttə, bu məqamda birləşmək lazım idi. Bikə xanım hər gün kəndimizin dağlarından yığdığı otlardan, bitkilərdən beş yaşlı Peymana dərman hazırlayıb, içirməyə başladı. Biraz gözlədik. Hamımız gözümü qardaşıma, ümidimizi isə Allaha dikmişdik. Uşaq biraz səsin kəsəndən sonra qəfildən fəryad qoparmağa başladı. İşıqlar da sönmüşdü. Hava da soyuq idi. Bu vaxtı maşın tapmaq da çətin olurdu. Bilmədik neyləyək. Nəhayət, anam ümidsiz halda dilləndi:


-Əlac Nurəli həkimə qalıb. Peymanı tez ona çatdırmalıyıq.


Əlbəttə, bunun faydasız olduğunu bilirdik. Qapısında adam ölsəydi belə Nurəli həkim gecə heç kimi qəbul eləmirdi, hətta əsəbi halda qapısından qovurdu. Tanrıdan bəxt almayan kəndimizin bir bədbəxtliyi də bu idi. 


Axır dözməyib, əlimiz ətəyimizdən uzun getməyə qərar verdik. Bikə xanım evdə qaldı. Anamla Dilbər nənəm Peymanı qucağına alıb yola düşdü. Biz dağın ən lap zirvəsində yaşayırdıq. Həkimin evi isə dağın ətəyində idi. Bizim evdən ora ayaqla bir xeyli yol vardı. 


Həkimin evinə yollandıq. Bir saatdan sonra həkimin evinə çatdıq. Dilbər nənəm qapını döyüb həkimi səslədi:


-Həkim, ay həkim!


Ancaq səs çıxmadı. Bu dəfə anamın naləsini eşitdim:


-Həkim, qurban olum, qapını aç, Peyman ölür.


İçəridən sönük qadın səsi eşidildi:


-Kimdir?


Deyəsən, Nurəli həkimin arvadı Çimnazın səsi idi.


-Mənəm ey, Dilbər. Peymanın vəziyyəti çox pisdir. Sən Allah, həkimə denən bir baxsın. Uşaq ölür. 


Çimnazın yenə sönük səsini eşitdik:


-Biraz gözləyin.


Beş dəqiqə sonra içəridən səs gəldi:


-Nurəli yatıb. Deyir, çox yorğunam. Bu halda xəstəyə baxa bilmərəm.


Anamla nənəm qışqırmağa başladı. Səsləri, ağlamaqları bir-birinə qarışmışdı:


-Çimnaz, yalvarırarm, de ki, bizi qəbul eləsin. Gecənin bu vaxtı hara gedək, kimə pənah aparaq? Uşaq ölür. Yalvarıram baxsın, iynədən, dərmandan versin. Yoxsa Peyman öləcək. Elə bu an Nurəli həkimin səsini eşitdik:


-Eşitmədiniz ki, yorğunam. Yuxuma haram qatıb sizə vaxtımı sərf etməliyəm? Gedin, sabah gələrsiz.


Nənəmlə anam bir-birinə baxıb ağlaya-ağlaya geri qayıtdılar. Ağlamaqları, nalələri bir-birinə qarışmışdı. Bu vaxtı neyləyək, hara gedək? Peyman isə elə hey ağlayırdı. Uşaq bu ağrılara necə dözürdü, İlahi! Bəlkə də başqası olsaydı bu qədər ağrının içində çoxdan keçinmişdi. Qəfildən anamın xırıltılı səsini eşitdim:


-Gedək Rafiq dayı gilə. Elcana deyək bizi rayon xəstəxanasına aparsın. Başqa əlacımız yoxdu. 


Rayon xətəxanasının baş həkimi Fikrət həkim bizim  qohumumuz idi. Ümidimiz ancaq ona qalmışdı. Üz tutduq Rafiq dayı gilə. Yarım saatdan sonra artıq Rafiq dayının qapısında idik. Nənəm çağırmağa başladı:


-Rafiq, ay Rafiq? 


İçərdən Rafiq dayının yuxulu səsi gəldi:


-Kimdir?


-Mənəm Dilbər. Ocağına düşmüşəm. Elcan evdədir? Peyman ağır xəstədir. Təcili xəstəxanaya aparmaq lazımdır. 


Rafiq dayı təngnəfəs qapını açıb bizi içəri dəvət elədi:


- Keçin içəri. Bu dəqiqə oyadaram. Biraz gözləyin.


     Beş dəqiqə sonra Elcan qarşımızda peyda oldu. 


-Nə olub, Dilbər xala?


-A bala, uşaq ölür. Neçə saatdır səsini kəsə bilmirik. Elə hey ağlayır, yerində qıvrılır. Nurəlinin evinə getdik. O da bizi qovdu qapısından. 


İlk dəfə idi ki, Elcanı belə əsəbləşən görürdüm:


-Bu kənd kənd olandan Nurəli kimi alçaq insan görməyib. Bu dəqiqə sizi çatdıraram rayona. 


Elcan maşının qapısını açıb bizi əyləşdirdi. Özü də sükan arxasına keçib mühərriki işə saldı. Yol boyu demək olar ki, bir kəlmə də danışmadıq. Qulaqlarımızda ancaq Peymanın qışqırıq və ağlamaq səsləri var idi. Uşaq qızdırmadan yanırdı. Xəstəxanaya çatmağa az qalmışdı ki, Peyman səsini kəsdi. Uşaq daha ağlamırdı. Qızdırması da yox idi. Bədəni buza dönmüşdü. İçimizdəki qorxunu dilə gətirməyə cəsarət eləmirdik. Özümüzü aldadıb düşünürdük ki, yəqin özünə gəlib. Həkim də iynə-dərman yazar, tamamilə sağalar. Yarım saat sonra xəstəxanaya çatdıq. Özümüzü qaranəfəs Fikrət həkimin otağına çatdırdıq. Fikrət həkim bizi görüb təəccüb dolu baxışlarla bizə baxdı:


-Nə olub?


    Nənəm sürətli nitqlə həyəcan içində cavab verdi:


-Peyman gecədən ağlayır, qışqırır. Qızdırmadan ot tutub yanırdı. Neylədiksə özünə gəlmədi. Nurəlinin yanına apardıq, o da baxmadı. Birtəhər özümüzü bura çatdırdıq. Yarım saat bundan əvvəl səsini kəsib. Yəqin özünə gəlib, hə, həkim? Çox güman xəstəliyi keçib.  


Fikrət həkim elə nənəmin qucağında Peymanın nəbzini, ürək döyüntüsünü yoxladı. Sonra üzgün-üzgün üzünü bizə tərəf çevirdi:


-Vaxtında həkim müdaxilə etsəydi nəsə etmək olardı. Təəssüf ki, Nurəli vaxtında müdaxilə etməyib. Ondan sonra vəziyyəti daha da ağırlaşıb. Çox təəssüf. Allah səbrinizi artırsın. Uşaq yarım saat əvvəl dünyasını dəyişib. 


Həyatımda ilk dəfə idi ki, belə fəryad eşidirdim. Anamın fəryadı az qalırdı qulaqlarımı batırsın. Qışqıra-qışqıra ağı deyirdi. Nənəmin elə bil dili batmışdı. Gözləri də bərəlmişdi. Yerində donub qalmışdı. İlk dəfə idi ki, itki yaşayırdım. Anam qardaşımın cansız bədənini qucağına alıb ağlaya-ağlaya otaqdan çıxdı. Biz də onun arxasınca gedirdik. Güclü yağış başlamışdı. Elə bil tanrı da bu ədalətsizliyə dözməyib göz yaşı tökürdü. Pilləkənləri düşəndə anamın bu sözləri dəfələrlə təkar etdiyini eşitdim:


-Nurəli, sən mənim balamı öldürdün. Səni Allaha tapşırıram.


Anamın qarğışı uzun illər qulaqlarımdan getmədi. İnsan nə qədər yanmalı idi ki, başqasının da yanması üçün  bəla arzu etməliydi.


Peymanın ölüm xəbərini eşidən atam elə həmin gün bilet alıb kəndimizə yola düşmüşdü. Hamımız dəfn mərasiminə hazırlaşırdıq. Atam gəlib çatandan sonra qardaşımı torpağa tapşıracaqdıq. Qara torpaq onu bizdən həmişəlik alacaqdı. Həsrətlə atamın yolunu gözləyirdik. Gecə saat ikidə atam qapıdan içəri girdi. İçəri girməyi ilə ağlaşma səslərinin yenidən başlaması bir oldu. Anam dizlərini, nənəm isə atamı qucaqlayıb ağı deyirdi. Kişilər ağlayanda çox məzlum görünürlər. Elə atam kimi. İlk dəfə idi ki, atamı ağlayan görürdüm. Gözü yaşlı atam ağlaya-ağlaya hamımızla salamlaşıb görüşdü. Anamla atam bir-birlərinə baxıb ağlayırdılar.


Peymanın kəfənə bükülmüş kiçik, cansız bədəni isə otağın ortasında şirin-şirin uyuyurdu. Qəfildən atamın dizləri yerə çökdü. Peymanın cansız bədənini qucaqlayıb ağlamağa başladı. Heç nə danışmırdı, sadəcə ağlayırdı. Mən uşaq olanda bir dəfə ilandan qorxub saatlarla ağlamışdım. Nəhayət, atamın "kişilər ağlamaz" ibarəsindən sonra səsimi kəsmişdim. İndi "kişilər ağlamaz" deyən atamın gözündən yaş tökülürdü. Səhərə qədər evdəki ab-hava dəyişmədi. 


Səhər açılanda dəfn mərasiminə yenidən hazırlıq görülməyə başlandı. Bütün qohum-qonşuların hamısı bizə yığılmışdı. Təkcə Nurəli və ailəsi gözə dəymirdi. Yəqin üzləri yox idi gəlməyə. 


Kəndimizin mollası qardaşımın cənazə namazını qıldırandan sonra kişilər qəbristanlığa yola düşdülər. Tabutu çiyinlərində daşıyan adamlar tez-tez növbələrini dəyişirdlər. Təkcə tabutun qabağında gedən gözü yaşlı atamdan başqa. Qəbristanlıq biraz uzaqda yerləşirdi. Ona görə biraz gec çatdıq. Çətin olsa da gəlib çatdıq. Mollanın ərəb dilində oxuduğu duaların sədası altında qardaşımı torpağa tapşırdıq. Evə qayıdandan sonra kişilər yas çadırına girdilər. Qadınlar isə evimizin aynabəndində dil deyib ağlayırdılar. Çətinliklə də olsa bu faciəli günün öhdəsindən gələ bildik. 


Qardaşımın yeddisindən sonra atam bizi başına yığıb danışmağa başladı:


-Sizi bu vəziyyətdə qoyub xaricə gedə bilmərəm. Qərara almışam ki, işləmək üçün Bakıya gedim. Belə olan halda həm də sizdən çox uzaqda olmaram. Hamımız razılaşdıq. Səhər atam Bakıya yola düşdü. Həyatımızda yeni dönəm yaranırdı. Atam gedəndən bir neçə gün sonra bizə məktub yazıb bildirdi ki, daş karxanasında işə başlayıb. İşləri rəvan getsə bizi də yanına aparacaq. 


Beləliklə, atam şəhərdə, biz də bu ucqar dağ kəndində həyatımıza davam eləməyə başladıq. Kəndimiz günü-gündən gözəlləşirdi. Yeni istirahət mərkəzləri açılmışdı. Kəndimizn toyları da çoxalmışdı. Evə bir köməyim dəysin deyə qərara gəlmişdim ki, kənd toylarına gedib siqaret, tum satıb pul qazanım. Düzdür evə çox gec qayıdırdım, ancaq son vaxtlar evə bir xeyli köməkliyim dəymiş olurdu. Dəfələrlə dağın yanından keçib evimizə gedəndə ac canavarlarla da qarşılaşırdım, apardığım ərzaqları kəndin avara uşaqları döyüb əlimdən almışdılar da. Amma buna rəğmən heç bezmirdim. Atam hərdən məktub yazıb işlərinin yolunda getdiyini yazırdı. 


Kəndimizdə yeni istirahət mərkəzi açılmışdı. İstirahət mərkəzinin sahibi  ana nənəm Ədiləni yaxşı tanıyırdı. Onun yaxşı aşbaz olduğundan xəbəri vardı. Buna görə də o öz istirahət mərkəzinə nənəmi baş aşbaz kimi dəvət eləmişdi. Nənəm də razılaşmışdı. Hətta nənəmə istirahət mərkəzinin həyətində qalmaq üçün ev də vermişdi. İstirahət mərkəzinin işi yaxşı getməyə başlayandan sonra nənəmin aşbaz kimi nüfuzu da yüksəlmişdi. Qərara gəlmişdim ki, bundan sonra nənəmin yanında işləyim. Həm ona kömək edim, həm də biraz pul qazanım. Nənəm istirahət mərkəzinin sahibi Akif müəllimlə mənim istəyim barədə danışanda Akif müəllim tərəddüdsüz qəbul elədi:


-Ədilə xala, bu istirahət mərkəzinin nüfuz qazanmasında sənin böyük əməyin var. Necə istəyirsən, elə də elə. 


Nəhayət nənəmin yanında işləməyə başladım. Əvvəlcə süfrəçilik edirdim. Bir dəfə müştərilərdən biri hazırladığım çoban salatını bəyənəndən sonra Akif müəllim mənə restoranda salat düzəltməyi təklif elədi. Maaşımı da artıracağını demişdi.  Mən də razılaşmışdım.


Bizim kəndin çox gözəl təbiəti vardı. Buranın yayı mülayim, qışı soyuq keçərdi. Hər tərəf dağlarla əhatə olunmuşdu. Hava tez-tez dəyişirdi. Kəndimiz dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşirdi. Qışın  ilk qarı  bizim kəndə yağardı. Ən keyfiyyətli və sağlam bitkilər də bizim kəndin dağlarında, meşələrində yetişərdi. Kəndimizin meşələrində palıd, fıstıq, qoz, dəmirğacı çoxluq təşkil edirdi. Bu dağlarda ən vəhşi heyvanlara da rast gəlmək olardı. Buradakı şəlalələr, bulaqlar əsrarəngiz olurlar. Əbəs yerə deyildi ki, kəndimizdə ən az yaşayan adam səksən, doxsan il yaşayardı. Mənim günlərim bu təbiətin ağuşunda keçirdi. 


     Yayın bitməyinə az qalmış atamdan məktub aldıq. Atam yazırdı ki, işlədiyi karxananın rəhbəri onun vəzifəsini və maaşını artırıb, Bakıya gəlməyimizi istəyir. Hətta bizim üçün kirayə ev də tutubmuş. Bu yerlərdən ayrılmaq çətin olsa da getməyə məcbur idik. 


Akif müəllimə işdən çıxacağım barədə xəbər verdim. Təəssüflənsə də anlayışla qarşıladı. Nə vaxt qayıtsam məni qonaq etməyə hazır olduğunu bildirdi. Nənəmlə sağollaşıb evə gəldim. Bu gün hazırlaşıb səhər Bakıya yola düşməli idik. Səhərə qədər gözümə yuxu getmədi. O yad şəhərdə necə yaşayacağım barədə düşünürdüm. Səhəri diri gözlü açıb hazırlaşmağa başladıq. Dilbər nənəmlə, Ədilə nənəmlə və Bikə xanımla sağollaşıb yola düşdük. Atam avtovağzalda bizi qarşılayıb kirayə tutduğu evə apardı. Bununla da həyatımız da yeni səhifə açdıq.


Bakıya köçməyimizin üstündən uzun müddət keçmişdi. Hələ də burdakı həyatıma öyrəşə bilməsəm də, kəndimiz tez-tez yuxuma girsə də, uzun zamandır ki, kəndimizə getmirdim. Anam hərdən kənddəki xatirələrdən danışırdı. Ən çox da Peymandan. Qardaşım öləndən sonra anamın üzü bir dəfə də olsun gülməmişdi. 


Bakının dar küçələrinə, hər tərəfdən uzanan göydələnlərinə, onsuz da insanları öz soyuqluğu ilə üşüdən xislətinə yaraşmayan qışı yola saldıq. Bahar öz təravətiylə tənhalıqdan əziyyət çəkən adam dolu şəhəri isidəcəkdi nəhayət. Daha çox yayın gəlməsini, tətilin başlanmasını gözləyirdim.  Uzun zaman sonra kəndimizə gedəcəkdim. Çox sevinirdim.


Qərara almışdım ki, üç ay yay tətilini kəndimizdə keçirim.  Nəhayət gözlədiyim gün gəldi. Kəndə yola düşdüm. Bir neçə saatdan sonra artıq evimizə gəlib çatmışdım. Yolun yorğunluğu canımdan çıxmamış qərara gəldim ki, kəndə bir baş çəkəm. Kənddə çox şey dəyişibmiş. Uzun xəstəlikdən sonra Bikə xanım Allahın rəhmətinə qovuşmuşdu. Bu mənim kənd haqqda bildiyim yeganə məlumat idi. Bundan savayı demək olar ki, kəndlə heç bir əlaqəmiz olmamışdı. Aradan keçən bu müddət ərzində Dilbər nənəm biraz da qocalıb, əldən düşmüşdü. Ana nənəm isə bundan fərqli olaraq nisbətən yaxşı görünürdü. İstirahət mərkəzinin nüfuzu çox artmışdı. Biraz dincələndən sonra Ədilə nənəmin yanına getdim. Görüşüb xeyli dərdləşdik. Qərara aldım ki, yenidən burda işləməyə davam edim. Ən azından başım qarışar, həm də şəhərin səs-küylü, boğunuq havasından bir xeyli uzaq qalar, istirahət edərdim. Elə bu  məqsədlə də orada-nənəmin yanında qalıb işləməyə başladım.


Bura gəlişimdən bir neçə gün keçmişdi. Nənəm həmişəki kimi öz işində idi. Lakin nədənsə mənə elə gəlirdi ki, sanki onu nəsə narahat edir. Nənəmə yaxınlaşıb nə baş verdiyini soruşdum. Üzündəki gərginliyi dilinə verib danışmağa başladı: 


-Bala, Nurəli böyük oğluna toy eləyir. Məni də çağırıb. Bilmirəm neyləyim. Mən ora getməsəm hamı kin saxladığımızı düşünəcək. Getsəm də deyəcəklər ki, heç nə olmamış kimi toya gəlib. Qərara gəldim ki, toya sən gedəsən. Gedib toyananı yazdırıb qayıdarsan. 


Təəccüblə nənəmə baxdım:


-Nənə, bunu məndən necə istəyə bilərsən? O adam qardaşımın qatilidir. Mən onun oğlunun toyuna necə gedim?


-Oğlum, xeyir işdə hamını tapmaq olar. Gərək şər işdə bir yerdə olasan. Biz şər işdə də, xeyir işdə də camaatın arasında olmalıyıq.  Get bala.


Nənəmin sözündən çıxa bilmədim. Evə gedib hazırlaşdım. Günorta özümü toy olan həyətə yetirdim. Ancaq təəccübümdən çaşıb qaldım. Elə bil toy yox, yas həyətinə gəlmişdim. Toy çadırı yas çadırına çevrilmişdi. Evdən ağlayan qadınların səsi gəlirdi. Həyətdəki kişilər hərəsi bir tərəfə qaçırdılar. Nurəli həkim isə çadırın yanında əllərini dizlərinə dayayıb başını da ovuclarının içinə almışdı. Yerimdə donub qalmışdım. Burda nə baş verirdi axı. Həyətdəki nar ağacının altında dayanan cavanlardan birinə yaxınlaşıb nə baş verdiyini soruşdum. Oğlan təəssüf dolu baxışlarla mənə baxıb dilləndi:


-Nurəlinin böyük oğlu Azər qonşu rayondan evlənmişdi axı. Gəlini gətirməyə gedəndə maşın qəzaya düşüb. Oğlan dünyasını dəyişib. Xaricdə yaşayan qardaşı Anara da xəbər göndəriblər. Tez bilet alıb yola düşüb. İndi onun yolunu gözləyirlər. O gələndən sonra rəhmətliyi dəfn edəcəklər. 


Dəhşətə gəlmişdim. Bu nə ağır dərd idi. Ağlıma anamın qarğışı gəldi. Yəni, doğurdan bu anamın qarğışına görə idi? Geri qayıtmağa üzüm gəlmədi. Nənəmin sözü yadıma düşdü. Gərək qalıb yas mərasiminə kömək edəydim. Həyətdə qurulan toy çadırını indi yas çadırı üçün istifadə etməyə başlamışdılar. Hərə bir tərəfə qaçırdı. Hərə bir cür kömək edirdi. Bəyin cansız bədənini gətirib çıxaranda evdə yenidən ağlaşma başladı. Qardaşımın ölümü yadıma düşdü. Eyni ilə bizdə də belə olmuşdu. Tarix necə təkrarlanırdı?!


Axşama qədər orda qaldım. Saat doqquz olardı. Hamımız Nurəli həkimin başına yığışmışdıq. Qəfildən qapıda maşın səsi eşidildi. Bir nəfər maşından düşüb üzgün-üzgün həyətə girdi. Nurəli həkimə yaxınlaşanda gözləri doldu:


-Həkim, xaricdən gələn oğlunuz Anar yolda qəzaya düşüb dünyasını dəyişib. Allah rəhmət eləsin. 


Elə o anda həkim oturduğu stuldan yerə yıxıldı. Hamımız təşvişə düşmüşdük. Birtəhər həkimi özünə gətirdik. Deyəsən, kimsə qadınlara xəbər vermişdi. Səngiməkdə olan ağlaşma səsi bu dəfə daha gur nalə qoparmağa başladı. Toy həyətinə bir gündə iki ölüm xəbəri gəlmişdi. Dəhşətdən gözlərim bərəlmişdi. Bu necə ola bilərdi? Bu nə faciə idi? Bilmirəm küyə düşmüşdüm, yoxsa doğurdanmı qəhərlənmişdim, amma yanaqlarımın islandığını hiss elədim. Ordan uzaqlaşıb nənəmin yanına getdim. Baş verənləri olduğu kimi nənəmə danışdım:


-Nənə, yəni doğurdan bu anamın qarğışına görədir?


-Sən belə şeylərə baş qoşma, bala! Allah bilən məsləhətdir. 


Üç gün ard-arda həkimin evinə gedib əlimdən gələn köməyi elədim. Nənəm demişkən, xeyir işdə hamını tapmaq olar. Gərək şər işdə bir yerdə olasan. Üçüncü günün axşamı yorğun-arğın özümü evə çatdırdım. Bir stəkan çay içib yuxuya getdim. Səhər eşitdim ki, Nurəli həkimin ürəyi partlayıb ölüb. Hadisələr elə ardıcılıqla davam edirdi ki, söz tapa bilmirdim. Sanki anam Allahın yanına çıxıb şəxsən onun özünə şikayət eləmişdi. Bu qədər də təsadüf ola bilməzdi. Həkimin həyətində övladları üçün qurulan yas çadırı indi onun özü üçün istifadə olunmağa başlamışdı. İndi həkimin ailəsindən yalnız həyat yoldaşı Çimnaz və ən kiçik oğlu Həsən qalmışdı. Kənddə ancaq son günlər baş verən bu anlaşılmaz faciə haqqında danışırdılar. Yenə kənd camaatı bu ağır gündə heç kimə təmənnasız yaxşlığı dəyməmiş həkimin ailəsini tək qoymadılar. Bu dəfə də hər şeyi öz öhdəliklərinə götürüb bu faciəli günü üç gün boyunca lazımınca yola verdilər. 


Günlərim nənəmin yanında keçirdi. Hərdən kəndimizin buz bulaqlarına, şəlalərinə tamaşa etməyə gedirdim. Çaylarında çimər, balıq tutardım. Gecələr evə qayıdanda köhnə günlərdəki kimi  dağdan mənə baxan ac canavarların parıldayan gözlərini görürdüm. Qorxsam da bildirməməyə çalışardım. Hərdən onları qorxutmaq üçün əcayib səslər də çıxarardım. 


Həkimin oğlanlarının ölümündən otuz doqquz gün keçmişdi. Səhər qırx mərasimi idi. Ertədən yatdım ki, səhər tezdən durub yas olan həyətə gedə bilim. Gecəni narahat yatsam da, səhər tez oyandım. Həyətə çıxanda nənəm qabağımı kəsdi:


-Bala, Çimanaz axşam keçinib. Yəqin bu qədər dərdə dözə bilməyib. 


Bilmədim nə deyim.Yerimdə donub qaldım. Oğlunun toy günündə iki oğlunu itirən, ardından özü ölən həkimin, qırxında arvadı dünyasını dəyişmişdi. 


Yas yerinə baş çəkəndə hər kəs öz işində idi. Elə bil heç kim təəücblənmirdi. Camaat sanki bu ailənin faciəsinə adət eləmişdi. Axşam evə qayıtdım. Yayın sonuna kimi kəndimizdə qalacaqdım. Hələ bir aydan çox vardı. 


Çimnaz xalanın vəfatından bir neçə həftə sonra eşitdim ki, artıq tək-tənha yaşayan həkimin kiçik övladı Həsən meşədə odun yaranda kötük parçası başına dəyib, huşunu itirib. Ayılanda heç nə xatırlamayıb. Həkim deyib ki, güclü travma alıb. Yaddaşını bərpa etməsi qeyri-mümkündür. Bundan sonra ağlı özündə olmayacaq. Həkimin ailəsinin sonuncu nümayəndisə də belə məhv olmuşdu. Bir neçə gün sonra Həsən özünə gəlsə də heç nə xatırlamırdı. Dağlarda, dərələrdə tək-tənha gəzər, günlərini keçirərdi. Qohum-qonşular hərdən ona baş çəkib yemək aparar, paltarlarını yuyardılar. 


Yay təlili bitirdi. Təəssüf ki, Bakıya qayıtmalıydım. Nənəmlə sağollaşıb evə gəldim. Həmişəki kimi Dilbər nənəm mənə xeyli nəsihət verdi. Səhər tezdən yola düşdüm. Yol boyu isə ağlımda yalnız bir fikir cövlan edirdi:


"Anamın qisası alınmışdı.”

Seçilən
315
24
modern.az

10Mənbələr