AZ

"Dövlət qulluğu ilə sertifikat qazanıb, işə qəbul olmaq istəyənlərin qarşısında görünən "bariyerlər" var"

Dövlət qulluğu sahəsinə edilən müraciətlər çox, vakant yerlər isə azdır. Ölkəmizdə yaradılan müəyyən bariyerləri aşmaqla dövlət qulluğu vəzifələrində çalışmaq mümkün olsa da, bunun üçün test və müsahibə mərhələsindən keçmək lazım gəlir. Təəssüf ki, çətinlik bununla yekunlaşmır. Dövlət qulluğu imtahanı verən namizədlərin qarşısında duran ən böyük maneə vakant yerlərin sayının az olmasıdır. Səbəb isə dövlət orqanlarında çalışmaq istəyənlərin sayının çox olması, ancaq təqdim olunan vəzifə sahələrinin sayının azlığıdır. Nəticə etibarilə bir çox namizəd dövlət qulluqçusu adını ala bilmir və əməyi boşa gedir. Hansı ki, dövlət orqanlarında müddətli müqavilə ilə çalışan yetəri qədər kadr mövcuddur. Vaxtını, enerjisini, psixologiyasına bu imtahana kökləyib, minimum iki ay, hətta bir il bu imtahana hazırlaşıb, daha sonra sertifikat alan namizədlər müsahibə mərhələsində süni bariyerlərlə qarşılaşırlar. Nəzərə alsaq ki, həmin namizədlərin ali təhsil diplomu və üstəlik dövlət qulluğunda çalışması üçün sertifikatı var, onlara heç bir güzəşt tanınmır və oturub, çarəsizcə növbəti vakansiyaları gözləməli olurlar. Bu sistemin belə nizamsız işləmə səbəbi əsasən nədir? Nəyə görə ard-arda həm ali təhsil, həm də aylarını, pullarını sərf edib hazırlaşdıqları dövlət qulluğu imtahanı sertifikatı son mərhələdə "lazımsız kağız"a dönür? Həm orta məktəbdə, həm ali məktəbdə öyrəndiyi xarici dil bir kənarda qalır, müsahibə zamanı namizəddən tamamilə başqa bir dil tələb edirlər? İl ərzində minlərlə sertifikat sahibi hələ də işsiz qalacaqdısa, onda DİM-in nəzarətində olan bu fəaliyyətin anlamı nədir? Məsələ ilə əlaqədar təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb. Qoşqar Məhərrəmov "Müddətli və ya müddətsiz müqavilə ilə işləmək məsələsi barədə onu deyək ki, dövlət imtahanından keçməyən və dövlət qulluğu sertifikatı olmayan insanlar işə götürülür və bir müddət qeyd olunur ki, bu insanlarla işləyək, daha sonra həmin şəxslər dövlət imtahanına girərək, sertifikat alsınlar, bununla da işləri rəsmiləşdirilsin. Yəni müddətsiz müqavilə imzalansın. Mənim müşahidələrim onu göstərir ki, müddətsiz müqavilə ilə işləyənlərin bir qismi tanışlıqla işə giriblər. Bir qismi həqiqətən də keyfiyyətli kadrlardır, sadəcə onların vaxtları, hansısa fürsətləri olmayıb ki, imtahana girsinlər. Ola bilsin ki, yüksək səviyyədə ali təhsil alıblar, ancaq dövlət qulluğu imtahanına hazırlaşmaları üçün vaxtları, fürsətləri olmayıb. Dövlət onları ya xarici təhsil proqramında oxuduqları üçün, ya da bir növ elə dövlətin yetişdirdiyi bir insan olduğu üçün onları müddətli müqavilə ilə birbaşa işə götürür, daha sonra tələb edir ki, dövlət qulluğu imtananına girsinlər və qazandıqları sertifikatla müddətsiz müqaviləyə keçsinlər. Burada ikincisi yaxşı haldır, ancaq birincisi yaxşı hal deyil. Əgər şəxs müddətli müqavilə ilə, tanışlıqla işə giribsə, təbii ki, bunun qarşısı alınmalıdır. Sadəcə ləyaqətli, bacarıqlı, qabiliyyətli və səriştəli insanlar işə girməlidir. Ümumi mənada bu iki versiyada müşahidələrimiz budur. Mənim tövsiyəm budur ki, insanlar dövlət qulluğuna çox da müraciət etməyə çalışmamalıdırlar. Çünki dövlət qulluğu sabit işdir, orada müəyyən qədər işlədikdən sonra insanlar bilməlidirlər ki, artıq hər şey rutinləşir, sabitləşir və onlar get-gedə sıxılmağa başlayırlar. İnsanlar daha çox özəl müəssisələrə müraciət etməlidirlər. Orada qeyri-sabitlik olsa da, daha çox fürsətlər var. Özəl sahələrdə məvacib dövlət qulluğundan daha çox ola bilər. Əgər həmin müəssisələr keyfiyyətli yerlərdirsə, vətəndaşlar əlavə iş axtarışında olmayacaqlar. Həmçinin, bu sahədə vəzifənin və əməkhaqqının yüksəlməsi daha intensivdir. Amma dövlət müəsisələrində bu proses daha yavaş gedir. Ona görə də mən məsləhət görərdim ki, gənclərimiz özəl müəssisələrə müraciət etsinlər. Yaxud öz müəssisələrini qursunlar, öz təşəbbüslərini həyata keçirsinlər. Dövlət qulluğu ilə sertifikat qazanıb, işə qəbul olmaq istəyənlərin qarşısına belə mənfi vəziyyətin çıxması, əlbəttə, kədərləndirici haldır. Vakansiyaların sayı artırılmalı, orada işləyən insanlar da digərləri kimi imtahan verməlidirlər, ona görə ki, müddətli müqavilə ilə işə girənlər daha uzun müddətli "müddətli müqavilə" ilə işləməsinlər. Qısa müddətli işləsinlər, onlara bir il vaxt verilsin. Ya imtahanı qazanıb, müddətsiz müqavilə ilə işləsinlər, ya da işdən ayrılsınlar. Əks halda vakansiya yaranmayacaq və insanların sertifikatı olmasına rəğmən işsiz qalmağa davam edəcəklər" - deyə, ekspert əlavə edib. Mətin Şükürlü, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
340
23
bizimyol.info

10Mənbələr