AZ

Ermənistanı cəsarətləndirən 5 aprel görüşü

Pərvanə SULTANOVA [email protected]


Məlum olduğu kimi, aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan rəsmilərinin görüşü keçiriləcək. Bu görüşdə Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsini nəzərdə tutan hərbi paktın imzalanması gözlənilir ki, bu da regionda onsuz da kövrək olan sülhə, sabitliyə ciddi təhdid deməkdir. Üstəgəl, ABŞ və kollektiv Qərb Ermənistanı açıq şəkildə silahlandırır, onu yeni müharibəyə hazırlaşdırır. Bu dəstəkdən, eyni zamanda 5 aprel görüşündən cəsarətlənən İrəvanda revanşizm artır, işğalçı ölkə artıq vəziyyəti gərginləşdirəcək addımlar atır.

Belə ki, son günlər Ermənistan Azərbaycanla şərti sərhədə qoşun yığmağa başlayıb ki, bu, ABŞ və Aİ-nin Ermənistanla planlaşdırdığı 5 aprel görüşünün nəticəsidir. Görünən odur ki, regionda üçlü hərbi alyans yaradılır.

Azərbaycanın Müdafiə Nazirliyi  martın 31-də bununla bağlı rəsmi məlumat yayıb. Qeyd olunub ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur: "Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır".

Azərbaycan MN bir daha bəyan edib ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir.

Rəsmi Bakı öz xəbərdarlığını edib, həm Ermənistana, həm də havadarlarına. Ona görə də İrəvan və onu müharibəyə təhrik edən, silahlandıran, regionu qaynar nöqtəyə, ikinci Ukraynaya çevirmək istəyən qüvvələr yaxşı düşünməli, nəhayət çirkin və riyakar siyasətlərindən əl çəkməlidirlər. Hansı ki, həmin riyakar siyasət Azərbaycana qarşı 30 ildən artıqdır ki, həyata keçirirlir. Torpaqlarımızın işğal dövründə ABŞ və Aİ bu işğala son qoyulması üçün bir addım belə atmadı, Azərbaycan üçün belə konfransın keçirilməsinə təşəbbüs göstərmədi. Əksinə, işğalçıya dəstək verdi. Eyni çirkin siyasət bu gün də davam edir.

Ermənistanın tamamilə viran qoyub, darmadağın etdiyi, kütləvi şəkildə minalarla çirkləndirdiyi yaşayış məntəqələrimizlə bağlı da eyni mövqeni nümayiş etdirirlər. ABŞ və Qərb Azərbaycana mina probleminin həlli ilə bağlı hər hansı dəstək vermədi, bir kəndin bərpasına yardım göstərmədi. Əvəzində Azərbaycanın müharibədən sonrakı sülh səylərinə zərər vurmağa yönəlik addımlar atır, Ermənistan üçün mini-Nato mexanizmi yaradırlar.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov mövzu ilə bağlı "525"ə bildirib ki, ümumiyyətlə, 5 apreldə keçiriləcək görüş əslində Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni reallıqlara təhdid yaradır: "Söhbət təhlükəsizlik, sabitlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı reallıqlardan gedir ki, bu görüş qeyd etdiyimiz proseslərə ciddi təhlükə, təhdid yaradır, sülh prosesinə maneə törədir. Məlumdur ki, bu görüş Ermənistanın silahlandırılması, Ermənistan vasitəsilə Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhənin açılması və həm də bu prosesin nəticəsində ümumilikdə Cənubi Qafqaz regionunda xaosun yaradılmasına xidmət edir. Elə bir xaos ki, həmin o qüvvələr tərəfindən idarəedilə bilən olsun. Yəni bu gün Cənubi Qafqazın aparıcı dövləti söz sahibi, dominant qüvvəsi hamıya bəllidir. Bu, Azərbaycandır. Bu görüş elə qüvvələr tərəfindən həyata keçirilir ki, söhbət bir tərəfdən dünyaya meydan oxuyan ABŞ, Avropa İttifaqı kimi nəhənglərdən gedir ki, bunlarla Ermənistanın görüşünün keçirilməsi təbii ki, kiçik layihələrə hesablanmayıb. Bu, ümumilikdə Cənubi Qafqazda baş verən proseslərlə bağlıdır. Və belə bir görüşə Azərbaycanın dəvət edilməməsi, Azərbaycanın iştirakı olmadan bu görüşün keçirilməsi təbii ki, xoş niyyətdən xəbər vermir. Eyni zamanda, Cənubi Qafqaz regionunun digər bir dövləti olan   Gürcüstanın da bu görüşdə iştirak etməməsi bunun təhlükəliliyini, Ermənistan üzərindən hansısa bir oyun qurmaq niyyətindən xəbər verdiyi ehtimallarını daha da atırır". X.Bəşirov deyib ki, görüşlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, Ermənistanla hərbi pakt bağlanacaq, digər məsələlər reallaşdırılacaq: "Təsəvvür edin ki, bu görüş barəsində Ermənistan tamamilə fərqli fikir səsləndirir, kollektiv Qərb, görüşün təşəbbüskarlarından birincisi olan Fransa tamamilə fərqli fikirlər səsləndirir. Ermənistan tərəfi iddia edir ki, bu, ölkənin iqtisadi əlaqələrinin, beynəlxalq əlaqələrinin gücləndirlməsi məqsədilə keçirilən görüşlərdən biridir. Burda hərbi müzakirələrdən söhbət gedə bilməz, yaxud hansısa bir dövlətə qarşı alyans qurulmasından söhbət gedə bilməz. Amma Fransanın Baş naziri elə bu görüş ərəfəsində qeyd edir ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinin təminatı bizim öhdəliklərimizdən biridir. Daha sonra qeyd olunur ki, Ermənistana hər cür dəstək və yardım göstəriləcək. Onsuz da buna qədər də bilirdik ki, Ermənistana həm siyasi, həm diplomatik, həm mənəvi, həm maddi, həm humanitar, bir sözlə, bütün istiqamətlərdə dəstək verilir. Eyni zamanda, hətta hərbi dəstək də göstərilir. İndi hər cür dəstək deyirlərsə, artıq bu, daha ciddi, bu günə qədər göstərilən dəstəkdən daha üstün dəstək deməkdir ki, bu da açıq şəkildə Ermənistanın hərbləşdirilməsi mənasına gəlir. Ermənistanın hərbləşdirilməsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz üçün təhdid yaradır. Hesab edirəm ki, Azərbaycanın bu məsələdə mövqeyi açıq-aşkardır. Azərbaycan bütün səviyyələrdə bu görüşü pisləyir, bunun ölkəmizə və Cənubi Qafqazdakı sülh prosesinə qarşı olduğunu açıq şəkildə deyir. Rusiya tərəfi də bununla bağlı mövqeyini bəyan edib. Çünki bilirik ki, Azərbaycanla yanaşı, bu, daha böyük miqyasda Rusiyaya qarşı yönəlmiş bir addımdır. Artıq Ermənistan ərazisində NATO qüvvələri mövcuddur, Avropa İttifaqının mülki missiyası adı altında yerləşən qüvvələr faktiki olaraq NATO-nu təmsil edən dövlətlərin hərbçiləridirlər ki, həmin o qüvvələr Rusiyaya və onun Ermənistandakı mövqeyinə qarşı yönəlib. Rusiya baş verənləri açıq şəkildə bunu pisləyib. Düşünürəm ki, 5 aprel görüşü və ondan sonra baş verən proseslərlə bağlı bundan sonra Rusiyanın real addımlarının da şahidi ola biləcəyik".

 






















Bizi İnstagramda izləyin

Seçilən
220
50
525.az

10Mənbələr