AZ

ADB Azərbaycan ilə növbəti 3 illik tərəfdaşlıq strategiyası hazırlayır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan ilə növbəti 3 illik ölkə tərəfdaşlıq strategiyasının üzərində çalışır.

“Report” Maliyyə Nazirliyinə istinadən məlumat verir ki, bu barədə aprelin 3-də ölkəmizdə səfərdə olan ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov Azərbaycanın maliyyə naziri Samir Şərifov ilə görüşündə deyib.

Görüşdə Azərbaycan ilə ADB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri üzrə məsləhətləşmələr aparılıb, ölkədə iqtisadi inkişafın davamlılığına və hökumətin prioritetlərinə əsaslanan layihələr üzrə gələcək kreditləşdirmə proqramları nəzərdən keçirilib.

S.Şərifov bildirib ki, fevral ayında keçirilən prezident seçkilərində inamlı və parlaq qələbə qazanan İlham Əliyev hökuməti yenidən formalaşdırıb və Azərbaycan üçün yeni dövrün başlandığını elan edib, eyni zamanda hökumət qarşısında yeni hədəflər müəyyənləşdirib. Bu hədəflər sırasında "yaşıl" enerji mənbələrindən istifadənin genişləndirilməsi milli enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edilib: “Hesab edirik ki, COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın "yaşıl" enerji siyasətinə qlobal dəstəyi ifadə edir”.

Nazir, eyni zamanda, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində görülən işlər, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa və yenidənqurma işləri barədə geniş məlumat verib, hökumətin nəqliyyat, dəmiryolu və bərpaolunan enerji infrastrukturu layihələrində ADB ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə müzakirələrin aparılmasını məqsədəuyğun hesab edib.

Bu il Azərbaycan hökumətinin ADB ilə əməkdaşlığının 25 ilinin tamam olduğunu qeyd edən S.Şərifov bu müvəffəqiyyətli tərəfdaşlıq illərində Azərbaycanın bankdan bütün inkişaf istiqamətlərində strateji dəstək aldığını bildirib.

Öz növbəsində Y.Jukov yenidən formalaşdırılmış hökumətə fəaliyyətində uğurlar arzulayıb və ADB-nin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, həmçinin hökumətin prioritetlərinə uyğun olaraq yeni layihələrin icrasına maliyyə və texniki dəstəyin göstərilməsində maraqlı olduqlarını deyib.

Azərbaycanı cari ilin noyabr ayında COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşməsini yüksək qiymətləndirən ADB rəsmisi bunun ölkədə "yaşıl" enerji sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu bildirib və bu mötəbər tədbirin uğurla baş tutması üçün lazımi texniki və təşkilati dəstəyin göstərilməsinə hazır olduqlarını ifadə edib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Seçilən
42
9
Mənbələr
Şərh ()
Bağla