AZ

Kütləvi məzarlıqlar tarixi acılara ayna tutur - FOTOLAR

Tədqiqatçı Bilal ŞİMŞİR: “Erməni millətçiləri 1880-cı illərdən başlayaraq Anadoluda amansızcasına türk qanı tökməyə başladılar. Onlar böyük dövlətlərə arxalanaraq belə bir qanlı prosesə atıldılar”

(“Erməni uydurmalarından yaranan bəşəri cinayətlər: dünəni və bu günü” (“Ermeni Uydurmalarından Doğan Beşerî Cinayetler: Dün ve Bugünü”), Avrasiya Yazarlar Birliyinin nəşri, BENGÜ yayınları, Ankara-2019, 276 səh.)

Dünyanın hansı bölgəsində və nə vaxt törədilməsindən asılı olmayaraq soyqırımı mövzusunda bir kəlmə eşidəndə özümdən asılı olmayaraq “31 mart” tarixini xatırlayıram. Bəzən mənə elə gəlir ki, cəlladlar soyqırımı aktlarını ancaq bu tarixdə törədə bilirlər. Mövzuya keçməzdən əvvəl bu tarix barədə rəsmi sənədə müraciət edək. Ulu öndər Heydər Əliyevin imzaladığı 26 mart 1998-ci il tarixli Prezident Fərmanına əsasən 31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür. Bu Fərman əsasında erməni millətçi dairələrinin və din xadimlərinin türk-müsəlman əhaliyə qarşı törətdikləri ən ağır cinayətlər araşdırılmağa başladı və erməni yalanları ifşa edildi. Fərmanda qeyd olunur ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

...Torpaq və genetik yaddaş tarixdə baş verən hadisə və proseslərin inkarolunmaz hafizəsidir. Xüsusilə bütöv bir xalqı əhatə edən məsələlər, o cümlədən soyqırımı, deportasiya, etnik təmizləmə, kütləvi sürgün kimi törədilmiş faciələr. Bu cür acı həqiqətləri gizlətmək və onların izlərini tarixin yaddaşından həmişəlik silmək cəhdlərinə baxmayaraq, əsl həqiqətlər nəsillərdən nəsillərə ötürülür. Bu məsələdə sadalanan qeyri-insani davranışları həyata keçən şəxsin və yaxud şəxslərin sonrakı illərdə və yaxud yaxın onillikdə bioloji olaraq həyatda olmaması da burada mühüm rol oynayır. Şəxs və şəxslər həyatdan köçəndən sonra onlara qarşı olan qüvvələr törədilmiş cinayətlərin açılmasında maraqlı olurlar. Mövzudan bəhs edərkən Azərbaycan xalqının XX əsrdə qarşılaşdığı soyqırımı, deportasiya, etnik təmizləmə, kütləvi sürgün və s. kimi acıları özündə əks etdirən faciələrə dair məlumatların tam şəkildə olmasa da, bəzi mühüm nümunələrin müasir dövrə qədər gəlib çıxması dediklərimizin təsdiqidir.

Keçmiş Sovetlər birliyinin Azərbaycana qarşı həyata keçirdiyi ən ağır cinayətlər sırasında unutdurma siyasəti olmuşdur. Bütün bunlara baxmayaraq istər 1905-1907, istərsə, 1918, o cümlədən 1937 və 1948-1953-cü il hadisələrini yaddaşlardan silmək mümkün olmamışdır. Kütləvi məzarlar başda olmaqla ana torpağın yaddaşı və dəyişən siyasi proseslərin nəticələri bütün bu məsələlərdə faktdaşıyıcı varlıq kimi xalqın imdadına çatmışdır. Ümumiyyətlə dünyanın heç bir yerində kütləvi məzarlıq xoş məramlı hadisənin nəticəsi ola bilməz. Bəzi hallarda bu cür faktlar kütləvi olsa da onların səbəbinin sübutunda çətinliklər yaranır. Bütün bunlara baxmayaraq, onlara qarşı həssas yanaşmaq, ədalətlə tədqiq etmək insanlıq borcu, bəşəri dəyərlərin tələbidir.

Kütləvi məzarlıq anlayışının mənası dəfn edilmədən öncə təyin edilə bilən və ya bilinməyən bir neçə cəsəddən ibarət basdırılma yeridir. Ümumilikdə kütləvi məzarlıqların yaranmasını iki səbəbdən xarakterizə edə bilərik: təbi fəlakət hadisələri ilə bağlı və kütləvi öldürmə şəkilində törədilən cinayətlər. Hər iki halda kütləvi məzarlıqların yaranmasını epidemiya təhlükəsini sovuşdurmaq məqsədilə görülən tədbir kimi də qiymətləndirə bilərik. Səbəblərdən asılı olmayaraq kütləvi dəfn olunan şəxslərin hansı zəmində həyatını itirməsinin araşdırılması, tədqiqi və dəqiq məlumatların ictimailəşdirilməsi müasir sülhsevər dünya birliyi qarşısında dayanan mühüm humanizm tədbiridir.

BMT tərəfindən kriminal kütləvi məzarlığı dəfn ərazisində qətl edilmiş üç və daha çox qurbanın olduğu yer kimi qəbul edilsə də, bu halın yekdilliklə qərar verilmiş konkret bir izah yoxdur (Human remains and identification. Oxford University Press. 2015. 169-171. ISBN 978-1784991975). Kütləvi cinayətin siyasi, sosial və hüquqi aspektlərinin araşdırılması kütləvi qətillərdə zərər çəkənlərin sayına deyil, hadisənin səbəb, məqsəd və nəticəsini, eləcə də onun yaratdığı ümumbəşəri prinsiplərə qarşı təhlükə risklərinə diqqət etməlidir.

Azərbaycan xalqının minillikləri əhatə edən dövlətçilik tarixində 1917-1924-ci illərdə coğrafiyamızda baş vermiş hadisələrin daha həssas araşdılması və tarixiləşdirilməsi mühüm milli məsələdir. Ziyalılarımızın zamanı qabaqlayaraq düzgün dəyərləndirmə sərgiləməsi bu prosesdə tarixi reallıqların öyrənilməsinə mühüm töhfə verib. Bu sayədə tam doğru səmt almış proseslərin öz yeri, öz rolu, öz əhəmiyyəti, tamamilə başqa bir mənəvi mahiyyəti vardır. Bu mənada davamlı olaraq ifadə etdiyimiz bir fikri təkrar etmək niyyətindəyik: 1918-ci ilin martında Qafqazda törədilən türk-müsəlman soyqırımı məhz Azərbaycan adlı dövlətin yaranmasının qarşısını almaq məqsədilə təşkil olunmuş bəşəri cinayətdir. Bununla Azərbaycan əhalisinə aşılamaq istəyirdilər ki, sən Rusiyadan asılısan və heç vaxt müstəqil dövlət qurub taleyini və milli müqəddəratını özün həll edə bilmərsən. Təəssüf ki, bütün bu proseslərdə erməni millətçi dairələri və din xadimləri Azərbaycana qarşı hərbi-siyasi alət olmuşdur. Bu cinayətlərdə nə üçün məhz erməni toplumundan istifadə edilməsi isə xalqların genetik xüsusiyyətlərinə bağlı olan tamamilə başqa bir mövzudur.

Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 1918-ci il iyul aynın 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən hazırlanan 5 cildlik istintaq materiallarında erməni silahlı dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi dəhşətli faktlar əksini tapıb. Komissiya üzvü A.Novatskinin və digər şəxslərin hazırladığı sənədlərdən bəlli olur ki, Bakı Kommunasının rəhbəri S.Şaumyanın başçılığı altında bölgədə bolşevik hökuməti qurmaq adı ilə erməni silahlıları Quba qəzasına hücum çəkib. Top və pulemyot ilə silahlanan iki mindən artıq daşnak ordusu bolşevik bayrağı altında bölgədə qırğınlar törədiblər. Ermənilərin Qubadakı vəhşilikləri 9 gün davam edib. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülüb ki, onların əksəriyyəti qadın və uşaqlar olub. Bu müddət ərzində meyitlərin dəfn edilməsinə icazə verilməyib. Yüzlərlə insanın taleyindən xəbər olmayıb. Ümumilikdə Quba qəzasında 16 min dinc sakin vəhşicəsinə qətlə yetirilib. 122 kənd, 26 məscid tamamilə yandırılıb və ya dağıdılıb. Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər (https://bakucity.preslib.az/az/page/cBJE2tj8O0). Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirdilər.

İndi qayıdaq ötən əsrin əvvəllərində Azərbaycan xalqına qarşı təşkil olunan cinayətlərin yüzilliyin sonunda təkrarlanmasına. İyirmi Yanvar şəhidlərinin (1990) “Dağüstü Park”da dəfn olunması ideyasının kimə məxsus olduğunu dəqiq bilməsəm də qeyd etməliyəm ki, bu barədə ilk təşəbbüs və qərar xalqın genetik yaddaşının hökmü kimi ortaya çıxan reallıqdır. Qeyd etməliyəm ki, bu sətirlərin müəllifi olaraq erməni-müsəlman davasının acıları, ana babam Həsən bəy Qazıbəyovun Şahtaxtı kəndindəki mal və mülkünün, imarətlərinin erməni quldur və vandallar tərəfindən necə talandığı (imarətin zirzəmisində yandırılmış evin his nişanələri indi də qalır) və məqsədli şəkildə murdarlandığı, Osmanlı ordusunun rəşadəti, Naxçıvanın qurtuluşu, Qarabəkir Paşanın şəxsiyyətinin ucalığı barədə tarixi həqiqətləri əhatə edən mühüm məlumatları Azərbaycanda Türkiyə haqqında düşünməyin belə yasaq olunduğu keçmiş Sovetləri birliyi dövründə mərhum nənəmdən və anamdan eşitmişəm (Nənəm Zinyət Əli bəy qızı Qazıbəyova (1900-1987); anam Mənsurə Həsən bəy qızı Qazıbəyova (Hacıyeva) (1939-2015)). Hələ orta məktəbdə oxuduğum illərdə hər gün günorta “Danışır Təbrizin Azərbaycan radiosu. Saat 12-dir. Türk dilində bugünkü İran xəbərlərinə başlayırıq”,-ifadəsi ilə təxminən yarım saat Arazın o tayından oxunan məlumatı diqqətlə dinləyirdim. Ayrılıq çayı üstündəki tikanlı məftillər niyə çəkilib? O taydakı Azərbaycanlılar bizə niyə birləşmir? Niyə Təbriz radiosu bizim dilə türk dili deyir? Və s kimi təkrar etdiyimiz çoxsaylı suallara tam cavab ala bilməsək də zehnimizi milli koloritli məlumatlarla gen-bol qidalandıra bilirdik. Zənnimcə “Dağüstü Park” adı ilə tanınan Bakı zirvəsinin gerçəkdə tarixi Şəhidlik olması barədə məlumatlar da məhz bu yolla nəsillərin yaddaşında yaşamışdır. Qorxu, həyəcan, stress kimi hislərdən asılı olmayaraq nənələr və babalar bu məkanın Şəhidlik olduğunu öz körpələrinə məhz zamanında pıçıldaya bilmişdirlər. Tarixin bu acı gerçəyi yalnız yazılı mənbələrlə nəsillərdən nəsillərə çata bilməzdi. Həmin mənbələri oxumağa maraq göstərmək üçün mütləq istiqamətverici məlumatlar olub. Təsadüfi deyildir ki, 20 Yanvar şəhidləri üçün Bakının yüksəkliyində məzarlar qazılanda əsrin əvvəlləri dəfn edilən şəhidlərin cəsədlərinin qalıqları üzə çıxdı və tarixi həqiqət barədə məlumatlar ildırım sürətilə dillərdə dolaşdı. Beləliklə də, İyirmi Yanvar qurbanlarının dəfni ilə salınan yeni Şəhidlər Xiyabanı əbədi ziyarətgaha çevrildi. Xalqın genetik yaddaşının gücü qalib gəldi. Sovet hakimiyyətinin bütün düşmənçilikləri və unutdurma siyasəti Şəhidlər Xiyabanının milli hərarəti qarşısında buz kimi əridi, sabun köpüyü kimi axıb yox oldu.

2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında erməni silahlı quldur dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu kimi ortaya çıxdı. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir (https://soyqirim.az/link/2500).

Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında deyib: “Bu gün biz Quba Soyqırımı Memorial Kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir ( https://president.az/az/articles/view/9346/print).”

Hər biri insan faciəsi, ailə dramı, göz yaşı və inilti saçan daha bir statistik məlumat təqdim edirik: “1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub. Birinci Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil (https://azerbaijan.az/related-information/108)”.

Ermənistanda əsirlikdə olan azərbaycanlı hərbi və mülki şəxslərin acı taleləri barədə çoxsaylı məlumatlar təqdim etsək ki, 1988-ci ildən bəri Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən soydaşlarımızdan daha dəqiq məlumat əldə etmək üçün son ümid yerimiz kütləvi məzarlıqlardır. Rəsmi məlumatlara əsasən, 44 günlük Vətən müharibəsindən sonraişğaldan azad olunmuş Azərbaycan torpaqlarında aparılmış axtarış-qazıntı işləri zamanı 400-ə yaxın vətəndaşımıza aid meyit qalıqları aşkar edilib. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət hələ də faktlarla sübut olunan Ermənistanın hərbi cinayətlərinə göz yumur, itkin Azərbaycan vətəndaşlarının aqibətinin müəyyən olunması istiqamətində rəsmi İrəvana heç bir təzyiq göstərmir. 2023-ci ilin sentyabrına qədər həmin ərazilərdə 10 kütləvi məzarlıq aşkarlanıb. Mina terror riski təəssüf ki, bu məsələdə daha sürətli işlər görməyə başlıca mane kimi hələ də qalır. Heç şübhəsiz ki, Ermənistanın hərbi cinayət törətmiş hərbçiləri azərbaycanlıların cəsədlərinin olduğu kütləvi məzarlıqların koordinatlarını dəqiq bilirlər. Təcavüzkar Ermənistan rəhbərliyi minalanmış ərazilər kimi, kütləvi məzarlıqların da xəritələri ya vermir, ya da koordinatları bilərəkdən pozaraq Azərbaycana təqdim edirlər.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqlərdən birində Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanmasını şərh edərkən "Biz bu uzunmüddətli münaqişəsinin səbəb olduğu insan itkilərindən sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı bir çox ailə yaxınlarını itirib",-deyərək fikirlərini belə davam edib: "Təqsirkarlar cavab verməlidirlər. Sülh əldə etmək, yaraları sağaltmaq üçün məsuliyyətli olmaq lazımdır (https://ordu.az/az/news/235868/abs-dovlet-departamenti-edillide-askarlanan-kutlevi-mezarliqlar-haqqinda--gunahkarlar-mesuliyyete-celb-edilmelidir-)". Vedant Patel yaxşı bilir ki, Ermənistan tərəfindən əsir və girov götürülən və taleyi bəlli olmayan azərbaycanlılar ilə aşkar olunan kütləvi məzarlıqlar bir-birinə bağlı məsələlərdir. Hər iki cinayətdə birbaşa məsuliyyət Ermənistan dövlətinin üstünə düşür. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozmaqdadırlar.

Bu hissədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatını təqdim etmək xüsusi əhəmiyyət daşıyır: Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat etmişdir. Belə ki, 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasındakı və vaxtilə işğal altında olmuş Azərbaycan Respublikasının ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olmuşlar. Lakin sonradan onlardan 17 nəfərinin meyiti Azərbaycana təhvil verilmiş, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmamış, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmamışdır (http://human.gov.az/az/media/xeberler/xeber.html?newsID=167).

Erməni silahlı birləşmələrinin ötən əsrin əvvəllərindən başlayaraq türk-müsəlman əhaliyə qarşı törətdikləri ağır cinayətlərin izləri Anadoluda və Qafqazda yüzlərlədir. Qeyd etdiyimiz kimi bu cinayətlərin acıları günümüzədək çoxsaylı şahid ifadələri ilə bərabər kütləvi məzarlıqlar vasitəsilə də gəlib çıxmışdır. Təəssüf ki, keçmiş SSRİ-nin süqutuna qədər Azərbaycanda olduğu kimi Türkiyədə də bu məsələlərin ictimiləşməsinə biganə münasibət bəslənilmişdir. Səbəblər fərqli olsa da hər iki qardaş ölkədə eyni vəziyyət müşahidə olunub.

İndi isə vəziyyət dəyişib. Xüsusilə təcavüzkar Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı əsasız ərazi tələbləri və digər yersiz və hüquqsuz iddiaları qarşı tərəfləri müəyyən tədbirlərə vadar edib. Bu çərçivədə son dövrlərdə aşar edilən bəzi faktlara müraciət edək: erməni silahlı birləşmələrinin Türkiyənin İğdır vilayətinin Koçkıran, Taşburun, Bulakbaşı, Kadıkışlak, Hakmehmət, Oba, Yaycı, Küllük, Bayraktutan, Gedikli və digər kəndlərində türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırımılara dair təkzibolunmaz izlər mövcuddur. Bu yaşayış məskənlərində Oba kəndində (1-2 mart 1986), Hakmehmət kəndində (5-6 oktyabr 1999), Gedikli kəndində (27 may 2003) xarici media və elm adamlarının qarşısında soyqırımıların şahidi olan şəxslərin ifadələri dinlənilmiş, nişan verilən yerlərdə qazıntı aparılmış, kütləvi məzarlıqlar üzə çıxarılmışdır (Ziya Zakir Acar. İğdırda Ermənilərin törətdikləri soyqırımılar şahidlərin gözündə (Görenlerin Gözüyle Iğdır’da Ermeni Katliamı), Anatolia mətbəəsi, Ankara-2012, 170 s.).

İndi isə digər faktlar üzrə daha geniş məlumatlar təqdim edəcəyik:

–1920-ci ildə Adananın Kahyaoğlu fermasında erməni silahlılar türk əhaliyə qarşı soyqırımı törətdiblər. Adanadan Anadoluya daxil olan işğalçı fransız ordusu özü ilə erməni silahlı birləşmələrini gətirməklə bərabər, qısa zamanda bu bölgələrdə ayrı-ayrı məntəqələrdə mövcud olan erməniləri də silahlandırmağı bacarıb. Adananın Çukurova rayon bələdiyyəsinin əməkdaşı Əli Kamal Şan (müsahibə tərəfimdən alınıb-S. Ş.) deyib: “Birinci Dünya müharibəsinin sonunda fransızlar Adananı işğal etdilər. Fransızların nəzarətində olan bölgədə yaşayan və bu əraziyə köçürülən ermənilərdən ibarət silahlı dəstələr türk və müsəlman əhaliyə zülm etməyə başladılar. Bu zülmlərdən bezən türklər Toroslardakı Yörük yurdlarına köçməyə çalışırdılar. Tarixdə bu hadisə "Qaçahaqaç" (Həmin dövrün bu qanlı hadisələrinin yaratdığı bu ifadə Naxçıvan bölgəsində “Qaçaqaşlıq” kimi mövcud olub-S.Ş.) kimi yadda qalıb. O vaxt ermənilər 43 kişini və 21 qadını qətlə yetirdilər. Öldürülərək cəsədlər parçalanan uşaqların sayı isə hələ də məlum deyil. Bütün bunlar o dövrdə qanlı hadisələrin şahidi olan şəxslər tərəfindən yaddaşlara köçürülüb. Bəzi mənbələr ermənilərin içərisində insanların olduğu binaları yandırdıqlarını bildirir. Həmin hadisədən yalnız 4 kişi və 18 qadın sağ çıxa bilib (Şahtaxtı S. Fransanın Anadoluda törətdiyi tükürpədici cinayətlərin izləri heç zaman yaddaşlardan silinməyəcək VİDEO, 03.11.2022 [15:33]; https://azertag.az/xeber/fransanin_anadoluda_toretdiyi_tukurpedici_cinayetlerin_izleri_hech_zaman_yaddaslardan_silinmeyecek_video-2361662, “Azərbaycan” qəzeti, 04.11.2022)”.

Əli Kamal Şan bildirib ki, ermənilər istər Türkiyə, istərsə də Azərbaycan ərazisindəki cinayətləri yalnız öz güclərinə yox, havadarlarının dəstəyinə arxalanaraq törədiblər. Adana Kahyaoğlu soyqırımı fransızların bölgəni işğal altında saxladığı dövrə təsadüf edib. Çukurova rayon bələdiyyəsinin əməkdaşı Əhməd Ak isə qeyd edib ki, Çukurovadakı bu məkan “Yeşiloba Şəhidliyi və Muzey Kompleksi” adlanır. Bura soyqırımı məzarlığı olmasa da, bu divarlar arasında törədilən cinayətin əsl soyqırımı olduğu təsdiqini tapıb.”

1919-cu il 7 mart tarixində fransızlar Kozanı işğal edəndə yerli ermənilər qəsbkar yadellilərə qoşulurlar. Fransızlar qısa zamanda bələdiyyə üzvlərinin və jandarma qüvvələrinin yarısını erməni silahlılarından təşkil edirlər (Şimşir B.N. Erməni məsələsi: 1774-2005. Ankara, Bilgi kitab evi (s.313), 2006, 470 s.). Erməni silahlılar könüllü şəkildə Anadolunun digər bölgələrində olduğu kimi Kozanıda da yerli türk-müsəlman əhaliyə divan tutmaqdan çəkinməyiblər.

Təqdim etdiyimiz faktdaşıyıcı informasiyalardan aydın göründüyü kimi kütləvi məzarlıqlar əksər hallarda İlahi hökmü ilə təsadüf hesab olunan hadisə və yaxud proseslər, o cümlədən qazıntı, təbi fəlakət və s. nəticəsində üzə çıxır. Ötən əsrin əvvəllərində xüsusilə Osmanlı dövlətinə qarşı olan İmperialist qüvvələrin əlində alətə çevrilən erməni millətçiləri və din xadimlərinin rəhbərliyi ilə Anadoluda və Qafqaz bölgəsində, Ermənistan kimi tanınan Qərbi Azərbaycanda, o cümlədən indiki İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərində türk-müsəlman əhaliyə qarşı bir-birindən ağır soyqırımı aktları törədilib. Erməni silahlı dəstələri dinc türk-müsəlman əhaliyə qarşı ən amansız işgəncə metodları tətbiq ediblər. Adamların kürəyinə qaynar samovar bağlamaq, insanları diri-diri quyuya doldurub basdırmaq, adamları kütləvi şəkildə məscid və samanlıqlarda yandırmaq, öküzün üstünə yanacaq töküb yandırıb tövlədəki insanların üstünə buraxmaq kimi şeytan ağlına gəlməyən işgəncə metodlarını tətbiq etmək və bundan həzz almaq erməni millətçiləri üçün adi hadisələr sayılıb. Ərzurum Universitetinin nəzdində fəaliyyət göstərən Erməni Araşdırmaları Mərkəzinin mütəxəssisləri bu bölgədə erməni silahlıları tərəfindən əsir və girov götürülən türk-müsəlman insanları günlərlə ac saxlayandan sonra onlara körpə türk uşağının ətini bişirərək yedizdirilmasinə dair əsaslı faktların izini tapıblar. Türkiyənin “A Haber” telekanalı tarixi erməni cinayətləri ilə bağlı 2021-ci il 4 may tarixli növbəti reportajında erməni silahlı birləşmələrinin XX əsrin əvvəllərində Anadolunun şərqində müsəlman-türk əhaliyə qarşı törətdikləri bəşəri cinayətlər barədə yeni faktlar açıqlayıb. Bildirilib ki, bu cinayətlərin ən bariz nümunəsi bir-birinin ardınca aşkar edilən kütləvi məzarlıqlardır. Əksəriyyəti təsadüf nəticəsində üzə çıxan bu məzarlıqlardakı cəsədlərin türklərə məxsus olması testlərlə təsdiqlənib. Kütləvi məzarlıqlar, yerli əhalinin ifadələri və arxiv materialları əsasında hazırlanmış reportajda Qarsdakı “Ulu” məscidində törədilən bəşəri cinayətdən də bəhs edilib. Əsl soyqırımı olan bu cinayətin təfərrüatı belədir: “1920-ci ildə bölgədə ağır cinayətlər törədən erməni silahlı birləşmələri aralarında qadın, qoca və uşaqların da olduğu 360 yerli türkü məscidə dolduraraq diri-diri yandırıblar (Sabir Şahtaxtı, “A Haber” telekanalı: erməni quldurları Qarsda 360 türkü diri-diri yandırıblar;https://azertag.az/xeber/a_haber_telekanali_ermeni_quldurlari_qarsda_360_turku_diri_diri_yandiriblar-1773003)”.

Təqdim etdiyimiz növbəti məlumat BBC radiosu tərəfindən 2010-cu il 5 oktyabr tarixində yayılıb. Məlumatda deyilir: “Son günlərdə Türkiyənin müxtəlif bölgələrində erməni silahlılar tərəfindən ötən əsrin əvvəllərində öldürüldüyü güman edilən türklərin kütləvi məzarlıqları aşkar edilib. Bitlis bölgəsində 3 ay davam edən qazıntı işləri dünən (5.12.2010) tamamlanıb. Məzardan çıxarılan 5 nəfərin sümükləri təhqiqatların davam etdirilməsi üçün Ankaraya gətirilib. Bitlisin Saray məhəlləsindəki kütləvi məzarlıqda aparılan qazıntı işləri nəticəsində 8 skelet, üzərində latın rəqəmləri və yazılar olan 5 mərmi aşkar edilib. Qazıntılarda iştirak edən Pamukkale Universitetinin professoru Kadir Bektaş bildirib ki, kütləvi məzarlıqda aşkar edilən insan sümükləri müsəlmanların öldürüldüyünü təsdiq edir. Onun sözlərinə görə, həmin bölgədə bir ailənin qətl edildiyinə dair məlumatlar var. O deyir ki, erməni silahlı dəstələri evi yandırdıqda ailənin qaçmağa çalışan üzvləri güllə ilə vurularaq öldürülüb. Cənab Bektaşın fikrincə, qazıntı yerində aşkar edilən Rusiya istehsallı güllələr də çox şeyi deyir... Məhəllədə yaşayan bəzi yaşlı sakinlər isə həmin yerdə ermənilər tərəfindən öldürülən türklərə aid şəhidlər xiyabanı olduğunu bildiriblər. Ötən ay (noyabr, 2010) Qarsın Çatma kəndində də 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldüyü güman edilən türklərin məzarının tapıldığı xəbər verilir (https://www.bbc.com/azeri/news/story/2010/10/printable/101005_turkey_massacre)”. 1915-ci ildə general Nikolayev özünün göndərdiyi məlumatlarda Tero və Xeço adlı ermənilərin quldur dəstələrinin türklərə qarşı vəhşiliklərindən söz açaraq yazır ki, türk körpələri analarından alıb oda atırdılar. Dəhşətli işgəncələr verib öldürüdülər. Bu qətillərin təşkilayçılarından biri erməni terror təşkilatı “Qnçak”ın ideoloqlarından olan türk parlamentinin deputatı Stepan Ter-Danielyan idi (Məmmədov A. Osmanlının çöküşünə Rusiyadan baxış. “Elgün” mətbəəsi, Bakı-2012,287 s.).

Qeyd etmək lazımdır ki, keçmiş SSRİ dövründə həyata keçirilən unutdurma və iz itirmə siyasəti İranda və Qərbi Azərbaycanda da davam etdirilib. İndiki İranın Səlmas, Xoy, o cümlədən Ermənistan ərazisində-Qərbi Zəngəzurda kütləvi məzarlıqlar tapılıb və dərhal da məhv edilib. Hər iki tərəf türk-müsəlman kütləvi məzarlıqlarına dair həqiqətlərin üzə çıxmasında maraqlı olmadıqları üçün bu addımı atmaqla izi itiriblər. Xüsusi olaraq təəssüflə bildirməliyik ki, keçmiş SSRİ-nin süqutu illərinə qədər qardaş Türkiyədə də bu hallara rast gəlinib. Tapılan kütləvi məzarlıqlara bir müddət biganə yanaşılsa da son illər, xüsusilə təcavüzkar Ermənistan Azərbaycana və Türkiyəyə qarşı açıq ərazi iddiasına keçəndən sonra qardaş ölkədə kütləvi məzarlıqların tədqiqi və mühafizəsi ilə bağlı ciddi addımlar atılıb. Ən mühüm fakt bundan ibarətdir ki, yüz illik zaman kəsimində Türkiyə saxta “erməni soyqırımı” anlayışı ilə məşğul edildiyi halda indiyədək heç bir yerdə erməni toplumuna aid cəsədlərin olduğu kütləvi məzarlıq aşkarlanmayıb. Əgər indiyədək İran və yaxud indiki Ermənistan ərazisində belə bir şey üzə çıxsaydı mütləq onu “ziyarətgah”a çevirərdilər. Yox əgər belə bir məzarlıq Azərbaycan və Türkiyədə aşkar edilsəydi heç şübhəsiz ki, BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar elə həmin gün hadisə yerinə xüsusi tərkibli missiya göndərmək fikrində olduqlarını bəyan edərdilər.

Birinci Dünya Müharibəsində “Daily Chronicle”nin “xüsusi müxbiri” olaraq 1918-ci ildə müdafiə nazirliyi tərəfindən İngilis ordusunda xidmət edən mayor M.H.Donohoen qələmə aldığı “İngiltərənin (1918) İran/Azərbaycan səfəri” əsərində yazır: O zamandan 1918-ci ilə qədər zəfər və məğlubiyyət dalğalanmaları ilə savaşan bütün tərəflər qorxu və həyəcan keçirirdilər. Rusların İrandan çəkilməsindən sonra bölgədəki xristian ordusu türklərə qarşı cəsur bir döyüş çıxarmışdı. İyul ayında 10 min civarında döyüşçüyə sahib olan bu birliklər sıralarındakı qadın və uşaqları da silahlandırıb 30 minlik xristian ordusu yaratmışdı (M.H.Donohoe. “İngiltere nin (1918) İran/Azerbaycan seferi”(əsər ilk dəfə 1934-cü ildə ingilis dilində yayınlanıb), Tahih&Kuram yayınları, 2016, İstanbul, 219 səh.).

Əvvəla qeyd etməliyəm ki, bu fakt ermənilərin Osmanlıya qarşı xəyanət etdiyinə və onların birinci dünya müharibəsində türklərə qarşı döyüşən tərəf olduqlarına dair olduqca tutarlı sübutdur. Müəllifin də qeyd etdiyi kimi bəhs olunan tarixdə bölgədəki Çar Rusiyası ordusu bir çox səbəblərdən indiki İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərini, eləcə də Anadolunun şərqini və Qafqazı tərk etmiş, geri çəkilərkən ermənilərə külli miqdarda silah sursat, geyim və hətta quru ərzaq saxlamışdır. İngilis yazarın erməni təəssübkeşliyi ilə gizli işarə vurduğu “xristian ordusu” əslində erməni silahlı birləşmələri olmuşdur. Bunu inkar edəcək heç bir arqument yoxdur. Həmin birləşmələr tarixə “Cilolul” faciəsi kimi yazılan türk-müsəlman soyqırımı həyata keçirmişlər. Faciə ona görə “Cilolu” adlanır ki, həmin erməni dəstələr Anadolunun Cilo dağı bölgəsindən gələn silahlı vəhşi quldurlar idi. Bu silahlı quldur dəstə yüzlərlə kəndi tar-mar edərək türk-müsəlman əhaliyə sözün əsl mənasında zülm verib. Onlar keçdikləri bütün ərazilərdə qarşılarına çıxan erməniləri könüllü və yaxud məcburi halda öz sıralarına qatır, onlara qoşulmaq istəməyən erməniləri də amansızcasına cəzalandırırdılar. Türkiyənin Van bələdiyyəsinin sədri Bedros Kapamacıyan və doktor Maltizyanın 1919-cu ildə məhz nümayişkarənə şəkildə türklərlə sülh şəraitində yaşamaq çağırışı etdikləri üçün daşnak ermənilər tərəfindən qətlə yetirildiiklərinə dair əsaslı sübutlar mövcuddur (ŞAHTAHTI Sabir. Ermeni Uydurmalarından Doğan Beşeri Cinayetlerin: DÜNÜ VE BUGÜNÜ, ENGÜ Yayınları, Ankara, 2021, 276 s.; BOZDAĞ İsmet. Tarihin vicdanını sızlatan soykırım yalanı (Çankaya Özel Arşiv Belgelerinde Atatürk Soykırım İddialarını Reddediyor). Truva yayınları, İstanbul, 2009, 208. s.).

Tədqiqatçı Tovhid Məlikzadə Dilməqaninin “Azərbaycan birinci dünya müharibəsində və yaxud “cilolu faciələri” elmi əsəri Birinci dünya müharibəsi ərəfəsində ermənilərin assurilərlə birlikdə İranın indiki Qərbi və Şərqi Azərbaycan Vilayətlərində törətdikləri dəhşətli cinayətlərdən bəhs edilir. Müəllif Türkiyə və İranın arxiv sənədlərini tədqiqata cəlb edərək əsaslandırır ki, Birinci dünya müharibəsi ərəfəsində Çar Rusiyasının bu regiondan geri çəkilən ordu birləşmələri bütün silah və sursatlarını ermənilərə hədiyyə etmişdir. Nəticədə erməni silahlı quldur dəstələri İrandakı azsaylı assuriləri də özlərinə qoşaraq günahsız türk- müsəlman əhaliyə qarşı misli görünməmiş cinayətlər törətmişlər (Azadi M. Azərbaycan müsəlmanlarının cilolular vasitəsi ilə soyqırımı tarixi, Urmiya: 1389, 230 s (farsca).). Sərdarniya başda olmaqla digər iranlı müəlliflər yazırlar ki, erməni millətçiləri öz sıralarına daxil etdikləri assuriləri hücumlardan əvvəl sərxoş hala qədər içirirmişlər. Silahlı assurilər özlərinə gələndə türk-müsəlman əhaliyə qarşı qırğınlarda niyə iştirak etdiklərini anlamırmışlar. Tədqiqatçılar hesab edir ki, erməni silahlılar assuruləri məhz öz cinayətlərinə şərik qoşmaq üçün bu addımları atırmışlar. Əslində mayor Donohoen yuxarıdakı haqqında bəhs etdiyimiz əsərində digər bir faktı da təsdiqləyir. Xüsusilə Anadoludakı ermənilərin qaçqın və köçkün halında düşməsində ən böyük maraqlı tərəf o dövrdə erməni millətçi dairələri və din xadimləri idi. Onlar terrorçu-silahlı dəstələri Osmanlıya qarşı silahlandırırdılar. Donohoeni də yazdıqları ilə təsdiq edir ki, erməni millətçiləri və din xadimləri təşkil etdikləri üsyanlar nəticəsində evlərini tərk edən erməni qadın, uşaq və gənclər məcburən silahlanaraq münaqişəyə qatırdılar. Qaregin Nijde də məhz bu üsulla Balkanlarda erməni qadın və gənclərdən, hətta azyaşlılardan ibarət xüsusi silahlı birləşmələri təşkil etmiş və onların bir hissəsini Osmanlıya qarşı başlanan üsyanlara yardıma göndərmişdir. Sonda qeyd etdiyimiz faktlar keçmiş sovetləri birliyi dövründə ermənilərin süni yaratdığı türk düşmənçiliyinin nə üçün uzun illər “erməni-müsəlman” davası kimi təqdim edilməsinin arxa planlarına da işıq salır. Erməni lobbisi və din xadimləri istər 1905-1907-ci il, istərsə də 1914-cü ildən 1924-cü ilə qədər davam edən hadisələri “erməni-müsəlman” davası kimi təqdim etməklə xristian dünyasının dəstəyini və himayəsini qazanmağa çalışıb və müəyyən qədər buna nail ola biliblər.

Azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımı aktları hərbiçilərə və dinc əhaliyə qarşı eyni amansızlıqla aparılıb. İşğalçılıq prosesində, yəni hərbi təcavüz dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü (https://president.az/az/pages/view/azerbaijan/karabakh). Acınacaqlı hal budur ki, hələ də işğalçılıq siyasətindən əl götürməyən təcavüzkar Ermənistan Azərbaycan ərazisində basdırdığı minaların xəritəsini vermək istəmədiyi kimi, kütləvi məzarlıqların da yerlərini demir (2020-2024). Əslində hər iki hal özündə revanşizm cəhdlərini birləşdirir.

Xocalı rayonunda növbəti kütləvi məzarlıq 2024-cü ilin fevralında ictimaiyyətə təqdim olunub. Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı soyqırımı zamanı qətlə yetirilən yerli azərbaycanlı sakinlərə məxsus olması ehtimal edilir. Müvafiq qurumların nümayəndələri yerli və xarici jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçiriblər.

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib (https://xalqqazeti.az/az/last-news/167380-xocalida-kutlevi-mezarliq-askar-edilib). Ən son məlumata görə, işğaldan azad olunan Azərbaycan ərazilərində indiyədək (2024, mart) azərbaycanlıların cəsədləri quylanan 16 kütləvi məzarlıq aşkar edilib.

Arayış: Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, təkcə Xocalı soyqırımında itkin düşmüş şəxslərin ümumi sayı 196 nəfər təşkil edir. Onun sözlərinə görə, son müraciətlərdən sonra bu sayın 200-ü keçəcəyi ehtimal edilir.

Təəssüflə qeyd etməliyəm ki, türk-müsəlman əhaliyə qarşı ermənilərin düşmənçiliyi təkcə siyasi dairələrin fəaliyyəti, silahlı birləşmələrin hücumları ilə başa çatmır. Erməni həkimlər də zaman-zaman hər bir fürsətdə bu düşmənçiliyinin fəal tərəfi olublar. Yenə də faktlara müraciət edək: vaxtilə Osmanlı ordusunda xidmət edən bir erməni həkim 1915-1916-cı illərdə zəhərli iynə ilə xəstəxanada müalicə olunan 40 türk əsgərini öldürüb. Türkiyənin Sivas vilayətinin Hafiq bölgəsindəki Çinarlı kəndində yaşayan Əhməd Koca adlı 93 (2016) yaşlı türk vətəndaşı 16 yaşından bəri gündəlik yazıb. O, uzun zaman bundan əvvəl gündəliyində qeyd etdiyi bir faktı 2015-ci ildə Anadolu Agentliyinin müxbiri ilə bölüşüb (ŞAHTAHTI S. “Dinmeyen acı: Hocalı...”, BENGÜ Yayınları, Ankara-2022, 688 s. https://www.aa.com.tr/tr/yasam/ermeni-doktor-40-turk-askerini-zehirlemis/52093). Gündəlikdə yazılır: “1915-1916-cı illərdə Merzofondan Ərzuruma məzuniyyətə gələn bir əsgər kəndlilərinə danışıb ki, taborumuzda xəstələnən əsgərlər xəstəxanaya gedərkən sağ qayıtmırdılar. Bu vəziyyətdən şübhələnib xəstələri qəddarcasına öldürən erməni “həkim”i sorğu-suala çəkirlər. Törətdiyi cinayətləri etiraf edən cinayətkar erməni “həkim” deyir ki, mən çox əsgərinizi öldürmüşəm. Siz də mənə istədiyinizi edə bilərsiniz”.

Əhməd Koca bildirib ki, həmin əsgərlərin dəfn olunduqları yer el arasında “Qəriblər məzarlığı” adlanır. Görüşdə iştirak edən Çinarlının rəhbəri Adəm Özmən isə bildirib ki, sonrakı illərdə araşdımalar nəticəsində məlum olub ki, həmin erməni “həkim”in 40 yox, müalicə və yaxud müayinə üçün müraciət edən 70 günahsız türk əsgəri öldürüb.

Əslində, erməni həkimin bu cinayəti barədə yayılan məlumat Azərbaycan ictimaiyyəti üçün təəccüblü deyil. Çünki XIX əsrin sonlarından başlayaraq Azərbaycan xalqının həyatında baş vermiş bütün qanlı hadisələrdə erməni həkimlər də daxil olmaqla erməni cinayətlərinin izi var. Əgər dünyadakı ikili standartlar olmasaydı, təkcə bu fakt uydurma “erməni soyqırımı” ilə maraqlananlar tərəfindən ciddi bir tarixi mənbə kimi araşdırıla bilərdi (ŞAHTAHTI S. “Dinmeyen acı: Hocalı...”, BENGÜ Yayınları, Ankara-2022, 688 s. https://www.aa.com.tr/tr/yasam/ermeni-doktor-40-turk-askerini-zehirlemis/52093)

...31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin qanlı mart-aprel hadisələrindən 106 il ötür. Bu barədə yayılan rəsmi sənəddə diqqətə çatdırılır ki, Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilmiş, əhalisi amansızlıqla qətlə yetirilmişdir. Bu kəndlərdən 35-i yer üzündən silinmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı öldürülmüşdür.

Yuxarıda təqdim etdiyimiz rəqəmlərin mahiyyəti gerçəkdən də dəhşətlidir. Bununla bağlı dövlət, xalq və vətəndaş olaraq bizlərin qarşıda duran vəzifə belədir: Unutma, unutdurma, unudurulmağa imkan vermə!

Ötən 106 illik zaman kəsimində dünyada baş verən ictimai-siyasi proseslər dəfələrlə dəyişmişdir. Keçmiş SSRİ-nin süqutu ilə Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Müstəqillik yolunda ağır itkilər və acılar yaşanıb. Bu acıların təməlində yenə də erməni millətçiliyi dayanır. Bütün bunlara baxmayaraq, Azərbaycan qüdrətli dövlətə çevrilib. Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu ölkəmizin suverenliyini və ərazi bütövlüyün tam bərpa edib. Tarixdə ilk dəfədir ki, türk dövlətlərinin birliyi və həmrəyliyi istiqamətində real addımlar atılır. Mübarək Qarabağ Zəfəri bölgəyə sülh vəd edir. Lakin tarixi həqiqətlər və reallıqlar deməyə əsas verir ki, sülhün yaranması və qorunması öz-özlüyündə gücə bağlıdır. İnsan cəmiyyəti tarixdən dərs almağı tələb edir. Güclü dövlət, güclü ordu, güclü lider!

Sabir Şahtaxtı

Araşdırmaçı-yazar, Siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
278
3
sia.az

10Mənbələr