Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Litvaya işgüzar səfərinə icazə verməyib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidzenin müvafiq fərmanı hökumətin saytında dərc edilib.
“Gürcüstan Prezidentinin aprelin 10-dan 12-dək Litva Respublikasının Vilnüs şəhərinə işgüzar səfəri rədd edilsin”, – sənəddə deyilir.
Qeyd edək ki, Prezidentin “Gürcü Arzusu” partiyasının iqtidarda olduğu hökumətlə münasibətləri Ukraynada müharibə başladıqdan sonra ən aşağı həddə çatıb. Prezident Zurabişvili hökuməti Kiyevə yetərincə dəstək vermədiyinə, Moskva ilə yaxınlaşmasına və ölkənin Avropaya inteqrasiyası istiqamətində zəif səylərə görə tənqid edir. Hökumət isə Prezidentin xarici səfərlərini əngəlləməyə başlayıb və bunu Prezidentin verdiyi bəyanatlarla ölkəyə zərər vurması ilə əlaqələndirir.
Prezident Salome Zurabişvili artıq bir neçə dəfə şəxsi vəsaiti hesabına Avropaya ezamiyyətə gedib.
Bir il əvvəl də Zurabişvili hökumətin icazəsi olmadan Litvaya və digər Baltikyanı ölkələrə səfər edib.