AZ

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb.

11 ildən sonra, 2022-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun tanışı Əhəd Salahovun NZS qəsəbəsində adam öldürməsi üzə çıxıb.

İstintaqla müəyyən edilib ki, Əhəd Salahov Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb və onun tanışı İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib. Buna razılıq verən Əhəd Salahova Firudin Məmmədov İlkin Qurbanovun fotoşəklini və mobil nömrə verib. Onu NZS qəsəbəsinə aparıb, öldürəcəyi adamın yaşadığı küçəni göstərib.
Bundan sonra Əhəd Salahov “20 yanvar” stansiyasının yaxınlığından bıçaq alıb. Plana əsasən, bıçağı gödəkçəsinin cibinə qoyub, evdən çıxıb və dostu Anar Mansurovla görüşərək ondan sadə modelli mobil telefonunu alıb.

Oktyabrın 31-i saat 23:02-də Firudin Məmmədovdan aldığı məlumat əsasında evinə gedən İlkin Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə üzbəüz qaranlıq ara yolda ona arxadan hücum edib, İlkin Qurbanovun kürəyinə, sonra isə sinəsinə bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetirib. Evə çatandan sonra Firudin Məmmədovla telefonla danışaraq ona üstüörtülü şəkildə “tapşırdığınız işi həll etdim” deyib. Hadisədən bir müddət sonra Əhəd Salahov Anar Mansurova NZS qəsəbəsində bir adamı öldürdüyünü deyib. Dörd gün sonra, yəni noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Xocalı prospektində maşında intihar edib. Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin Məmmədov qətlə yetirib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.

Seçilən
120
11
olke.az

8Mənbələr