21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Estoniya çempionatında 2024-cü il mövsümünün 6-cı turunun oyunları keçirilib.
“Nomme Yunayted” bu turda səfərdə “Levadiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
“Nomme Yunayted”ə fevral ayında qoşulmuş Vəliyev bu oyununu 62-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə məhz Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ cinah vingeri olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 6 oyuna çıxıb və 1 qola imza atıb.
Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 10 oyun keçirib və 1 qola imza atıb.
Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 6 turdan sonra 4 xalla 10 iştirakçı arasından 9-cu pillədə qərarlaşıb.