Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, ilkin kvota üçün 2000-dən çox yer nəzərdə tutulsa da, 1500 kvota yeri ayrılıb.
“İdarə kvotanı bir neçə dəfə azaltmaq zərurəti ilə qarşılaşıb. Bunun isə heç vaxt müşahidə olunmayan səbəbləri var”.
Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb:
“Elektron viza birillik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə, daha ucuz qiymətə aparacaqlarını bildiriblər.
Bizdə olan məlumata görə, hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə işbazların çoxlu qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər, xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin şəxslərin əlaltıları bu il bu vizalarla vətəndaşları aldadıblar.
Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün xüsusi sahələr və ərazilər var – Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız Həcc vizası ilə daxil olmaq mümkündür.
Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar. Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə getmək istəyənləri deport və cərimələr gözləyir”.
Vüsal Cahangiri kvotanın azaldılmasının digər səbəbi kimi Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin prosedurların erkən bitirilməsini tələb etməsini göstərib:
“Bu il əvvəlki kimi deyil, ötən illərdən fərqli olaraq, bu il elektron sistemdə sənədləşmə və viza işləri 1 ay tez bitməlidir. Ona görə vətəndaşlardan xahiş olunur ki, tələssinlər, yalan vədlərə aldanmasınlar. Çünki kvotanın dolmasına çox az qalır. Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır”.
Xatırladaq ki, fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta