Bakı, 18 aprel, AZƏRTAC
Almaniyanın xarici işlər naziri Annalena Berbok G7 ölkələrini İrana qarşı daha sərt siyasət yürütməyə çağırıb. O, eyni zamanda Yaxın Şərqdə münaqişənin genişlənə biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, bu barədə Annalena Berbok G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.
“İran təcrid olunmalıdır. Eyni zamanda, Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsinin qarşısını almaq lazımdır”, - deyə nazir vurğulayıb.
Annalena Berbok deyib ki, nazirlərin görüşündə İrana qarşı mübarizə tədbirləri müzakirə olunacaq. Onun sözlərinə görə, İranın İsrailə qarşı PUA və raket hücumu ilə bağlı misli görünməmiş insidentə mütləq reaksiya verilməlidir, lakin bölgədə eskalasiyanın daha da yüksəlməsinin qarşısını almaq lazımdır.
Qeyd edək ki, aprelin 17-də Neapol körfəzdə yerləşən Kapri adasında G7 ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb. Aprelin 19-dək davam edəcək iclasda Yaxın Şərqdəki son hadisələr, həmçinin Qəzza sektoruna hadisələrin inkişafı, Rusiya ilə qarşıdurmada Ukraynaya yardım, Afrika ilə əməkdaşlığın gücləndirilməsi, Hindistan-Sakit okean regionunda ticarətin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaq.