AZ

Venesiya Biennalesində Azərbaycan pavilyonu açılacaq

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 60-сı Venesiya Biennalesində təmsil olunacaq. Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. 
Bu il aprelin 20-dən noyabrın 24-dək davam edəcək 60-cı Venesiya Biennale­si “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçiriləcək. 
Biennalenin kuratoru Adriano Pedros mövzunu təsadüfən seçməyib. Biennale­nin dünyada insanların müxtəlif ölkələrə köçməsi ilə bağlı böhranlar fonunda fəa­liyyət göstərdiyini bildirən Adriano Pedros bunun müxtəlif fərqliliklər və çətinliklərlə müşayiət olunduğunu qeyd edir. “Əcnə­bilər hər yerdədir” ifadəsi iki mənada verilir. Birincisi, hara getməyimizdən ası­lı olmayaraq hər yerdə əcnəbilərlə rast­laşırıq – onlar (biz) hər yerdədir. İkincisi isə, istənilən yad bir yerə getsək, həmişə əcnəbiyik.
XVI əsrin heyrətamiz memarlıq abi­dələrindən olan Campo della Tanada yer­ləşən Azərbaycan pavilyonu isə Venesiya sərgisində “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin şüarını özündə əks etdirir. 
Müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kura­toru olmuş Luka Beatrisin (Luca Beatrice) kuratorluğu ilə yaradılan pavilyonumuzda əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyeva­nın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq ediləcək - səfər­lər, səyahətlər, mühacirətin hər zaman fərdi identiklik və incəsənətə təsiri göstə­riləcək. Şəxsi təcrübələrinə əsaslanan müəlliflər əsərlərində əcnəbilik mövzusu­nun Azərbaycan üçün aktuallığını çatdırır, insanla onun yaşadığı məkan arasındakı dərin bağları əks etdirir, eyni zamanda, incəsənət vasitəsilə digərinə hörmətlə ya­naşmağın vacibliyini bəyan edirlər.

Seçilən
532
1
xalqqazeti.az

2Mənbələr