AZ

“Barselona”da “El Klasiko” ərəfəsində vəziyyət gərgindi

Məlum olduğu kimi, “Barselona”nın Çempionlar Liqası ilə bağlı arzuları bu həftə növbəti dəfə puç oldu.

Kataloniya nəhəngi səfərdə məğlub etdiyi PSJ-yə evdə böyük hesablda uduzaraq fanatlarına əsl şok yaşatdı və mübarizəni 1/8 finalda dayandırmalı oldu. “Arauxo qırmızı vərəqə almasaydı, görəsən, sonluq necə olardı” sualına heç vaxt cavab tapılmayacaq. Amma fakt budu ki, erkən qovulmaqla komandasını pis vəziyyətdə qoyan 25 yaşlı müdafiəçi hələ də ən çox müzakirə olunan futbolçuların başında gəlir.

Gündoğan Arauxonu tənqid etdi
İlkay Gündoğan oyundan bir gün sonra Arauxo ilə bağlı yaranmış durumu bir qədər də alovlandırdı. “Barsa”da ilk mövsümünü keçirməsinə baxmayaraq, daha öncə “El Klasiko”dakı məğlubiyyətdən sonra da komanda yoldaşlarını tənqid etməsi ilə diqqəti çəkən təcrübəli yarımmüdafiəçi bu dəfə ad çəkmədən Arauxonu “yıxıb-sürüdü”:
“Epizodla bağlı nəsə demək çətindi. Fikrimcə, müdafiəçi belə kritik məqamda mübaqrizəyə girirsə, özünə yüz faiz əmin olmalıdı. Onun topa toxunub-toxunmadığını bilmirəm. Amma mən olsam, o epizodda rəqibə toxunmazdım. Qoy, qapıçı ilə təkbətək çıxsın. Ter-Ştegen bəlkə də zərbənin qarşısını kəsə bilərdi. Ən pis halda qol buraxacaqdıq. Amma matçın əvvəllərində azlıqda qalmaq komandanın oyununu məhv edir”.


Almaniya yığmasının kapitanının bu sözləri həm sosial şəbəkələrdə, həm də “Barsa” fanatları arasında böyük müzakirə doğurdu. Bəziləri Gündoğanın fikrini dəstəkləyərək Arauxonun komandanı pis vəziyyətdə qoyması ilə razılaşdı. Amma bəziləri də Gündoğanın komanda yoldaşını ictimaiyyət önündə belə açıq formada tənqid etməsini yaxşı qarşılamadı. Maraqlıdı ki, İlkayın bu tənqidi komanda daxilində faciəvi qarşılanmadı. Yalnız az sayda komanda yoldaşı onun fikirləri ilə razılaşmadı. Arauxo oyundan dərhal sonrakı paylaşımında üzrxahlıq etmişdisə, Gündoğanın sözlərinə bir qədər fərqli reaksiya verdi:
“ÇL-də mübarizəni dayandırmağımız hamı kimi məni də çox üzdü. Çünki hər şey öz əlimizdə idi. Həmin epizod təsadüfi alındı. 50/50-yə olan bir epizod idi. Hakim fitini səsləndirməsəydi, heç nə baş verməyəcəkdi. Amma hakim qayda pozuntusu qeydə aldısa, artıq məni qovmalıydı. Çox üzgünəm. Haqqında səsləndirilən fikirlərə gəlincə, mən öz düşüncələrimi daxilimdə saxlamağa üstünlük verirəm. Mənim də öz prinsiplərim və dəyərlərim var. Onlara hörmətlə yanaşmaq lazımdı”.


Bütün bunlar azmış kimi, türkəsilli futbolçunun həyat yoldaşı da diqqətçəkən paylaşım edərək Gündoğana dəstək verdi. O, İlkayın ötən mövsüm “Mançester Siti”nin heyətində ÇL kubokunu qaldırdığı şəkili paylaşaraq bunları yazdı:
“Bu şəxs çox çalışqandı. Onun fikirləri və futbola baxış tərzi bütün komandaya kömək etməlidi. Onun mentallığı əsl trebl mentallığıdı”.


Amma deyəsən, Gündoğan özü bu söz-söhbətin tezliklə başa çatmasını istəyir. İspaniya mənbələrinin iddiasına görə İlkay açıqlamasında konkret Arauxonu günahkar çıxarmaq istəmirmiş. O, sadəcə, həmin matçda komanda yoldaşlarının yol verdiyi səhvləri qabartmaq istəyirmiş. Hətta deyilənə görə, 33 yaşlı futbolçu bu məsələ ilə bağlı müsahibə verməyə və ya Arauxo ilə ayrıca söhbət etməyə də razıdı.

Xavi məşqi ləğv etdi
Baş məşqçi Xavi Ernandes hələ yanvarın 27-də evdə “Vilyarreal”a 3:5 hesablı məğlubiyyətin ardından mövsümün sonunda ayrılacağını açıqlamışdı. Maraqlıdı ki, həmin vaxtdan bəri “Barselona” ardıcıl 13 rəsmi oyunda uduzmamışdı. Bu seriya bəlkə də ən vacib məqamda – PSJ ilə oyunda qırıldı. İndi “Barsa”nın bu mövsüm qazana biləcəyi yeganə titul qalıb. Bu, La Liqadı. Amma daxili çempionatda da “blauqrana”nın durumu çətindi, üstəlik komanda həftəsonu praktiki cəhətdən bu tituldan da əlini üzə bilər. Çünki “Barsa”nı bazar günü səfərdə barışmaz rəqib “Real” ilə oyun gözləyir. “El Klasiko”dakı mümkün məğlubiyyət Kataloniya nəhəngini Madrid nəhəngindən 11 xal geri salacaq. Sona 6 tur qalmış isə bu cür fərqi “əritmək” mümkün görünmür. PSJ-yə məğlubiyyət və son yaşananlar komanda daxilində ab-havanı həqiqətən də gərginləşdirib. Hətta o qədər gərginləşdirib ki, Xavi srağagünkü məşqi ləğv etmək qərarına gəldi. “As” nəşrinin yazdığına görə, əslində bu mütəxəssisin həftəboyu “El Klasiko”ya qədər futbolçulara istirahət vermək planı yox idi. Amma 44 yaşlı çalışdırıcı loru dildə desək, futbolçuların beyinlərinə istirahət verərək onların psixoloji durumunu yaxşılaşdırmağa çalışıb. Həmin gün məşq bazasına yalnız kapitan Serxi Roberto ilə Pedri, eləcə də ağır zədəsini sağaltmaqla məşğul olan Qavi təşrif buyurdu. Onların bazaya hansı səbəbdən gəlməsi barədə məlumat verilmir.

Laporta qələbəyə inanır
Amma dünənki məşq baş tutdu. Özü də Xavi məşqdən öncə futbolçularla toplantı keçirərək onları ÇL-dəki məğlubiyyətə görə başlarını aşağı salmamağa çağırdı. Ernandes oyunçularını ruhlandırmağa, motivasiyalandırmağa səy göstərdi və bir daha “El Klasiko”nun həm prinsipiallıq, həm də tunir cədvəli baxımından önəminə diqqət çəkdi. Məşqçi başverənləri, bütün “bəhanələri” unudaraq futbolçulardan yalnız qarşıdakı “Real”la oyunu düşünmələrini istədi. Onun fikrincə, “Barselona” qalib gəlsə və xal fərqini 5-ə endirsə, çempionluq mübarizəsi son tura qədər davam edəcək. Elə klubun prezidenti Xoan Laporta da yerli mətbuata açıqlamasında “El Klasiko”ya ümidlə baxdığına işarə vurub:
“Mütləq qalib gəlməliyik. Başqa çıxış yolumuz yoxdu. ÇL-də mübarizəni davbam etdirə bilməməyimiz heç yaxşı olmadı. İlk oyundan sonra hamımız ümidlənmişdik. Bu ümid sonda üzüntü ilə əvəz olundu. Amma indi bu üzüntünü unutdurmaq üçün əlimizə gözəl fürsət düşüb”.


Qeyd edək ki, son üç rəsmi oyunun hamısında “Real” “Barselona”dan üstün olub. Özü də bu 3 qarşılaşmadan 2-də “Barsa” darmadağın edilib. Söhbət ötən mövsüm “Nou Kamp”da baş tutan Kral kubokunun yarımfinalının cavab oyunundan (0:4) və bu mövsüm Səudiyyə Ərəbistanında keçirilən superkubokun finalından (1:4) gedir. Siyahını bir qədər də genişləndirsək, “Barsa”nın son 9 “El Klasiko”da cəmi 2 qələbəsi var (6 məğlubiyyət)! Həqiqətən də “blauqrana” həftəsonu “Benrabeu”da uduzsa, artıq indidən komanda üçün mövsümü və Xavinin dönəmini “bağlamaq” olar.

Bazar günü keçiriləcək oyunu Sesar Soto Qrado idarə edəcək. 2019-cu ildən La Liqa oyunlarına təyinat alan 43 yaşlı hakim karyerasında ilk dəfə “El Klasiko”da fit sahibi olacaq. Maraq üçün indiyə qədər onun idarəçiyiliyi altında “Real”ın 15 oyunun 9-da, “Barselona”nın isə 7 oyunun cəmi 2-də qalib gəldiyini bildirək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
football-plus.az

1Mənbələr