AZ

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı” keçirilib

Dördüncü “Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədikləri onlayn mərhələnin “Ümumi biliklər imtahanı” keçirilib.

Müsabiqənin İşçi Qrupundan 525.az-a bildirilib ki, imtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər”blokları üzrə aparılıb. İştirakçıların onlayn formada qatıldıqları imtahanda 9784 namizəd iştirak edib.

Qeyd edək ki, bu qədər iştirakçının eyni anda vahid sistemə daxil olaraq imtahandan keçməsi ölkəmizdə bir ilkdir. “Ümumi biliklər imtahanı” üçün təyin olunan keçid balı 60-dır. Ötən illərdən fərqli olaraq, bu dəfə onlayn mərhələ “Ümumi biliklər imtahanı” və “CV turu” olmaqla 2 hissədən ibarətdir. İmtahanı uğurla başa vuran namizədlər mayın 1-dən 10-dək davam edəcək CV turunda iştirak etmək hüququ haqq qazanıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Sevinc Qarayeva 






















Bizi İnstagramda izləyin

Seçilən
213
5
525.az

6Mənbələr