AZ

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakı, 23 aprel, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrindən jurnalistlər arasından ən yaxşılara verilən Fetisov Jurnalistika Mükafatlarının 5-ci təqdimatı aprelin 22-də İstanbulda keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq mükafatın təqdimat mərasimində ölkəmizi Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, “Bayraqdar Media”nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət təmsil edib.

Mükafatın təsisçisi, iş adamı, xeyriyyəçi Gleb Fetisovun da qatıldığı təqdimat böyük maraqla qarşılanıb.

Ənənəvi olaraq bu dəfə də qaliblərə yüksək məbləğdə pul mükafatları verilib.

Qeyd edək ki, Fetisov Jurnalistika Mükafatları ildə bir dəfə ekspert seçimi ilə dörd istiqamət üzrə verilir. Bunlar “Diqqətəlayiq araşdırma jurnalistikası”, “Sülhə diqqətəlayiq töhfə”, “Vətəndaş hüquqlarına töhfə” və “Ətraf mühit jurnalistikasında mükəmməllik” istiqamətləridir. Yazıları ilkin mərhələdə Ekspert Şurası dəyərləndirərək seçim edir. Bundan sonra Mükafatın Münsiflər Heyəti son qərarı qəbul edir.

Təqdimatı keçirilən 2023-cü il üzrə müsabiqəyə 96 ölkədən 400-dək yazı daxil olub. Yazılardan 4-ü həmin istiqamətlər üzrə birinci, 4-ü ikinci, 4-ü isə üçüncü yerə layiq görülməklə ümumilikdə 12 yazı qalib elan edilib. Bu dəfə də qaliblərə müvafiq olaraq üçüncü yer üçün 10 min, ikinci yer üçün 20 min, birinci yer üçün 100 min İsveçrə frankı məbləğində pul mükafatları verilib.

Xatırladaq ki, Fetisov Jurnalistika Mükafatları dünya jurnalistikasında ən yüksək məbləğdə pul mükafatlarıdır.

Azər Həsrət artıq üçüncü ildir ki, Fetisov Jurnalistika Mükafatlarının Ekspert Şurasında təmsil olunur. Onunla bərabər dünyanın müxtəlif ölkələrindən beynəlxalq səviyyədə tanınan təcrübəli ekspertlər də Şurada fəaliyyət göstərir.

 

Seçilən
46
3
azertag.az

5Mənbələr