Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə oldu. Görüşün konstruktiv, tərəflərin milli maraqlarına cavab verən önəmli hadisə olduğunu da demək olar. Həm də prezidentlərin bir araya gəlməsinin Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılmağa başlandığı gündən iki gün sonraya təsadüf etməsi bir çox mətləblərə aydınlıq gətirir. Burada ilk diqqəti cəlb edən Azərbaycan Prezidenti İlham Əliyevin qrosmeystersayağı və zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş regional siyasətidir. Cənab Prezidentin gedişləri o qədər sərrastdır ki, sanki bu əvvəlcədən hazırlanmış ssenaridir. Amma cənab İlham Əliyevin də dediyi kimi, nəyin nə zaman ediləcəyini Prezidentimiz daha yaxşı bilir.
Bu siyasətin kökü 20 il əvvələ gedib çıxır. Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyev xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutub və prinsipiallığı, özünə inamı sayəsində qələbələrini sıralayıb.Adətən xalq, kütlə radikal olur, bu dəfə isə İlham Əliyev bütün hadisələrdə hər kəsdən bir neçə addım öndə olub, hər kəsi qabaqlayıb. Hətta çevik reaksiyası ilə regional aktorluğa can atan ölkələri pat vəziyyətinə salıb. Avropa ölkələrinin Cənubi Qafqaz siyasətində Azərbaycanın önəmini ortaya qoyub, ölkəmizin xeyir-duası, imzası, razılığı olmadan hər hansı layihənin reallaşa bilməyəcəyini dəfələrlə sübuta yetirib. Azərbaycan Orta Dəhliz kimi tanınan Şərq-Qərb nəqliyyat arteriyasının nəbzidir, döyünmədiyi halda bütün proses, həyat dayanmış olar. Bunu bütün iştirakçı dövlətlər də bilir, amma Fransanın timsalında Qərbin bəzi ölkələri Ermənistan üzərindən oyunlar quraraq axına qarşı üzməyi planlasalar da, yenə Azərbaycana möhtac duruma düşüblər. Azərbaycanın razılığı olmadan heç bir layihənin həyata vəsiqə qazana bilməyəcəyini anlamağa başlayıblar. Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmək üçün tələsik geri çağrılması Prisin gizli planlarını ifşa edib....2003-cü ildə prezidentliyə başlayandan indiyədək İlham Əliyev Rusiyaya 50 dəfədən çox səfər edib. Səfərlərin əhəmiyyətli hissəsi MDB çərçivəsində baş verən hadisələr və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı olub. Bundan əlavə, İlham Əliyevlə Vladimir Putin arasında telefon danışıqları da mütəmadi olaraq aparılır. Belə ki, 2024-cü ilin fevral və mart aylarında prezident seçkilərində qazandıqları inamlı qələbələr münasibətilə bir-birlərini təbrik ediblər. Martın sonunda İlham Əliyev “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı Putinə başsağlığı verib və terror aktını qətiyyətlə pisləyib.Rusiya və Azərbaycan dövlət başçılarının hazırkı görüşü Rusiya sülhməramlılarının 2020-ci ilin noyabrından yerləşdirildikləri Qarabağdan çıxarılmasının başlanmasından və Ermənistan-Azərbaycan sərhədinin 1991-ci il MDB-nin məqsədləri və prinsipləri haqqında Alma-Ata Bəyannaməsinə uyğun olaraq delimitasiyası prosesinin başlanmasından az sonra baş tutub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan da yaxın vaxtlarda danışmaq imkanı əldə edəcək. Görünür, söhbət mayın 7-də nəzərdə tutulan Rusiya liderinin andiçmə mərasimindən, mayın 8-də keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitindən və mayın 9-da Qələbə gününün qeyd olunmasından gedir.Bu görüşün hər iki tərəf üçün əhəmiyyətini şərtləndirən daha bir mühüm amil var. Qərb mətbuatının yazdığına görə, Dina Titusun başçılıq etdiyi bir qrup amerikalı konqresmen bu həftə Azərbaycana qarşı sanksiyalarla bağlı qanun layihəsini təqdim etməyi planlaşdırır. Bu barədə Konqresdəki mənbələrdən məlumat verilib. Qanun layihəsi Bayden administrasiyasını 180 gün ərzində ABŞ qanunlarına əsasən təyin edilmiş şəxslər qrupuna qarşı sanksiyalarla bağlı qərar verməyə çağıracaq. Belə bir qanun layihəsinin qəbulu “hakimiyyətin müxalifətə qarşı amansız repressiyaları və Azərbaycanda insan haqlarının pozulmasından ciddi narahatlığı” kimi absurd iddialarla izah olunur. Belə ki, qanun layihəsində erməni məhbusların hüquqlarının pozulmasından bəhs edilir. Bu, "Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyini və ədalətli və davamlı sülh danışıqları aparmaq qabiliyyətini ciddi sual altına qoyur", - sənəddə deyilir.Bütün bunların fonunda Rusiya və Azərbaycan liderlərinin görüşü artıq sadəcə qonşu münasibəti deyil, geosiyasi kontekst qazanır. “Rusiya və Azərbaycanın Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik baxımından qarşılıqlı fəaliyyətindən də çox şey asılıdır. Biz isə etimad, əməkdaşlıq, qarşılıqlı anlaşma tədbirlərinin gücləndirilməsinə və bütün məsələlərin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda həllinə yönəlmişik”, - deyə Azərbaycan Prezidenti danışıqlarda qeyd edib.Öz növbəsində Putin əvvəlcə Heydər Əliyevin BAM-ın tikintisinə mühüm töhfəsini qeyd edib. O, həmçinin xatırladıb ki, ölkələr arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb, Rusiyadan Azərbaycana yatırılan investisiyalar isə 6 milyard dollar təşkil edib. Çox güman ki, BAM-ın tikintisinin başlanmasının 50 illiyi ikitərəfli münasibətləri və regional gündəliyi müzakirə etmək üçün yaxşı məlumat fürsəti oldu, xüsusən də son vaxtlar Cənubi Qafqazda baş verənləri xatırlasaq. Əslində, Rusiya və Azərbaycanın əsas rol oynayacağı yeni təhlükəsizlik sistemi yaranır. Digər tərəfdən, Heydər Əliyevlə birlikdə işləyənlərin çoxu onun BAM-ın tikintisinə verdiyi töhfəni qeyd edirdilər ki, bu da Rusiyanın Şərqə üz tutma siyasəti fonunda xüsusi aktuallıq kəsb edir.
Bu arada Peskov bəyan edib ki, Azərbaycan Rusiya üçün böyük qonşu, dost, tərəfdaş və müttəfiqdir. “Bu münasibətləri hər cür davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”, deyə o vurğulayıb. Xüsusilə, Peskovun sözlərinə görə, bu, iqtisadi potensiala aiddir, çünki Rusiya Bakının İtaliya və Türkiyədən sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır. Son zamanlar Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri möhkəmlik baxımından sınaqdan keçirilir. Məsələn, Bakı AŞPA-dakı üzvlüyünü dondurub və təşkilatın ermənipərəst mövqeyinə görə Avropa Şurasından çıxmaqla hədələyir. Fransa “Azərbaycanın son aylarda ikitərəfli münasibətlərə xələl gətirən davamlı hərəkətləri” səbəbindən öz səfirini məsləhətləşmələr üçün Bakıdan geri çağırıb. Həmçinin, Dina Titusun başçılıq etdiyi bir qrup amerikalı konqresmen bu həftə “Dağlıq Qarabağda etnik təmizləmə” ilə əlaqədar respublikaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim etməyi planlaşdırır.Bununla belə, Rusiya-Azərbaycan münasibətlərində mənfiyə doğru heç bir dəyişiklik yoxdur. Azərbaycan prezidenti İlham Əliyev Bakı və Moskvanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirməyi planlaşdırdıqları “daha bir möhtəşəm layihə” elan edib. “Şimal-Cənub nəqliyyat dəhlizinə gəlincə, bu gün Vladimir Vladimiroviçlə mən bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq tapşırıqlar verilib. Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin həyata keçirilməsinə başlayacağıq”, - İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə BAM-ın veteran inşaatçıları ilə görüşündə deyib.O bildirib ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan və İran sərhədi ilə birləşdirən dəmir yolu xətti var. “Lakin yükgöndərənlərin ehtiyacları bizə bu yolun yeni hissələrinin tikilməsi zərurətini diktə edir ki, biz yükdaşımaları artıra bilək və bununla da Şimaldan Hind okeanına unikal nəqliyyat marşrutunu təmin edək”, - Azərbaycan Prezidenti vurğulayıb.
Qafqazda təhlükəsizlik...
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, ölkələrimiz Qafqazda regional təhlükəsizliyin təmin edilməsində fundamental rol oynayırlar, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və inkişaf etməkdə davam edir: “Bizim görüşlərimizin gündəliyində regional təhlükəsizlik məsələləri daima yer alır və biz onların həllindən məmnunuq. Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”.Vladimir Putin bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları isə 6 milyard dollar təşkil edib: “Hökumətlərarası komissiya fəal işləyir və əməkdaşlığın bir çox maraqlı istiqamətləri var - həm real sektorda, iqtisadiyyatda və infrastrukturda”. Rusiya prezidenti xatırladıb ki, liderlərin görüşü Heydər Əliyevin rəhbərlik etdiyi Baykal-Amur magistralının tikintisinin başlanmasının 50 illiyi ərəfəsində keçirilir. “Mən əminəm ki, atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər və əmək illəri bu gün də təkcə Rusiya üçün deyil, həm də MDB üçün mühüm rol oynayır”, - deyə Vladimir Putin bildirib.Bəli, Azərbaycan nəinki Cənubi Qafqazın, o cümlədən dünyanın nüfuzlu ölkələrindəndir. İri layihələrin təşəbbüskarı və icraçısıdır. Bu səviyyəyə çatması üçün ölkəmiz çətin sınaqlardan keçib, Ermənistanın 25 illik işğalına 44 gündə son qoyub, super güclərin bir arada olduğu beynəlxalq təşkilatın bacarmadığını təkbaşına edib. Dünya birliyi tərəfindən tanınmış ərazilərinin hər qarışında suverenliyini bərpa edib.
V.VƏLİYEV
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta