Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydən öncə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən, iki ölkə liderinin qarşılıqlı münasibətlərindən xəbər verir. Məhz bunun nəticəsidir ki, Rusiya sülhməramlıları iki dövlət başçısının razılaşması ilə vaxtından əvvəl Azərbaycan ərazisini tərk etdi.
Hər şey qarşılıqlı anlaşma, hörmət və yüksək siyasi mədəniyyət şəraitində baş verdi. Qarabağda təhlükəsizliyi təmin etmək üçün gələn sülhməramlılar missiyalarını başa vuraraq geri qayıtdılar. Sülhməramlıların çıxmasından sonra Prezident İlham Əliyevin Rusiyaya səfər etməsi Bakı-Moskva xəttində heç bir problemin olmadığını isbat edir. Cənab İlham Əliyevlə Putin birbaşa təmasda bu məsələləri müzakirə etdi, o cümlədən, regionun gələcəyi ilə bağlı hər iki tərəfin gündəliyini uyğunlaşdırdı. Cənubi Qafqazda prioritet məsələ sülhün və sabitliyin bərpa edilməsidir. Regiondankənar oyunçuların müdaxiləsi bu perspektivi sual altına salır. Bu baxımdan, region ölkələri olan Azərbaycan və Rusiyanın gündəliyi bu məsələdə eynidir.
Prezidentin Moskva səfəri həm də Ermənistan-Rusiya qarşıdurması fonunda diqqət çəkir. Hazırda Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə anti-Rusiya siyasətini inkişaf etdirir və bu, Rusiyanın bölgədəki maraqlarına ciddi təhlükə yaradır. Bu kontekstdə Azərbaycanın bölgədəki əhəmiyyəti Rusiya üçün daha da artıb.
Burada ən önəmli məqam Azərbaycanın Rusiya ilə yaxın münasibətləri ilə yanaşı Qərblə də əməkdaşlığının davam etməsidir. Bəzi Qərb dövlətlərinin ölkəmizə qarşı qeyri-dost münasibəti istisna olmaqla ümumi münasibətlər normaldır, hətta bu gün Ermənistanı bölgədəki maraqları naminə alət kimi istifadə edən Qərb üçün Azərbaycan daha önəmli tərəfdaşdır.
Bu, Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət kursunun uğurlu nümunəsidir. Azərbaycan bütün tərəflərlə əməkdaşlıqda maraqlıdır. Azərbaycan iki cəbhənin qarşıdurmasında yer almadan həm Qərb, həm Rusiya ilə normal münasibətlər qurub. Bu siyasət ölkəmizin hər iki cəbhə üçün vacib oyunçu olmasını təmin edir və təbii ki, bu prosesdə bizim üçün əsas məsələ milli maraqlarımızın təmin olunmasıdır. Prezident İlham Əliyevin siyasəti Azərbaycana məhz bu imkanları qazandırıb.
Prezidentin Rusiya səfərində əlamətdar hadisə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyinin keçirilməsi idi. BAM dedikdə təkcə Rusiyada yox, bütün post-sovet məkanında ulu öndər Heydər Əliyev yada düşür. BAM-ın yubileyi, orada Heydər Əliyevlə bağlı səslənən fikirlər və Prezident İlham Əliyevin bu mərasimə dəvət olunması Rusiyada ümummilli liderə yüksək hörmətin əlamətidir.
BAM veteranları ilə görüşdə Rusiya prezidenti Vladimir Putin ulu öndər Heydər Əliyevi hörmətlə yad etdi. Prezident İlham Əliyevə xitabən bildirdi ki, sizin atanızın bu layihədə mühüm rol oynadığını hər kəs yaxşı bilir.
“Əslində o, Azərbaycan üçün vacib olan bu möhtəşəm layihənin təşkilatçılarından biri olub. Biz bunu xatırlayır və ona minnətdarlıq edirik. Mən əminəm: atanızın bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər təkcə Rusiya üçün deyil, MDB üçün bu gün də mühüm rol oynayır. Bir çox tərəfdaşımız bu nəqliyat arteriyasından istifadə edirlər”, - Putin bildirdi.
Rusiyada ulu öndər Heydər Əliyevin xatirəsi həmişə əzizi tutulur. Ötən il ulu öndərin 100 illiyi ilə bağlı Rusiyada genişmiqyaslı və mötəbər tədbirlərin keçirilməsi, bu il BAM-ın 50 illik yubileyində ulu öndərin xatirəsinin yad edilməsi bunun bariz nümunəsidir.
Vaqif Hüseynli
Demokrat.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta