Son 3 ayda işğaldan azad olunan ərazilərin bərpasına 1,2 milyard xərclənib
Bu ilin dövlət büdcəsində işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulan 3 milyard 825 milyon manat vəsaitin 31,9%-i və ya 1 milyard 220,7 milyon manatı ilk 3 ayda xərclənib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istifadə edilən vəsaitin 1 milyard 138,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisi, yenidən qurulması (avtomobil və dəmir yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 885,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 212,3 milyon manat, meliorasiya işlərinin aparılması üçün 34,1 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılması üçün 0,8 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsi üçün 0,4 milyon manat və digər infrastruktur layihələrinin icrası üçün 5,6 milyon manat), 23,6 milyon manatı sosial təyinatlı layihələrin tikintisi, yenidən qurulması (təhsil və səhiyyə tədbirlərinə), 20,1 milyon manatı Zəngilan şəhərində Konqres Mərkəzinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) ümumi istifadəsi üçün vahid inzibati binanın layihələndirilməsi və tikintisi, 15 milyon manatı ərazilərin minalardan təmizlənməsi, 23,5 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.
Elnur Əli