AZ

Cihad Azur:“BVF COP29-a hazırlıq çərçivəsində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır”

Beynəlxalq Valyuta Fondu (BVF) COP29-a hazırlıq çərçivəsində Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

Bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Vaşinqtonda keçirilən BVF-nin Yaz iclasları çərçivəsində deyib.

"Biz Azərbaycan müstəqillik əldə etdikdən sonra son 30 ildə aparılan bütün islahatlarla bağlı əməkdaşlıq edirik. Və bir qurum olaraq biz bu tədbirin uğurla keçməsini təmin etmək üçün COP29-a hazırlıq çərçivəsində Azərbaycanla əməkdaşlığa hazırıq. Biz müntəzəm olaraq siyasi məsləhətləşmələr aparırıq, həmçinin Azərbaycana texniki yardım göstəririk", - deyə o bildirib.

C.Azur qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2021-ci ildə COVID-19-un yaratdığı şokdan xilas olub:

"2021-2023-cü illərdə artım yavaşladı və inflyasiya aşağı düşdü. Real ÜDM 2023-cü ildə 1,1 faiz artıb. Bu, əsasən, qeyri-neft-qaz sektoru, yəni nəqliyyat, tikinti, mehmanxana biznesi kimi sahələrlə bağlı olub. Ortamüddətli dövrdə artım və inflyasiyanın yavaşlaması gözlənilir. 2024-cü ildə artımın 2023-cü illə müqayisədə yaxşılaşaraq 2,8 faizə çatacağını, 2025-ci ildə isə 2,3 faizlə demək olar ki, eyni qalacağını gözləyirik. Yaxşı xəbər budur ki, bu il və gələn il inflyasiya 5 faiz civarında qalacaq”.

C.Azur əlavə edib ki, BVF Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edir, maliyyə institutunun missiyaları mütəmadi olaraq ölkəyə səfər edir.

"Ona görə də bizim fəal əməkdaşlığımız var. Yaz və illik görüşlərimiz zamanı bizim ikitərəfli münasibətlərimiz, eləcə də region üçün vacib olan bir sıra məsələləri müzakirə etmək imkanımız var. İndi Azərbaycanın mühüm mandatı var - COP29-u təşkil etmək. COP mühüm bir başlanğıcdır. Düşünürəm ki, bu, bu ilin vacib məqamlarından biri olacaq və Fond kömək etməyə hazırdır. Bildiyiniz kimi, Fond iqlimlə bağlı işini müxtəlif üsullarla genişləndirib. Biz COP29-a hazırlaşmaq və dünyanın bu noyabrda müzakirə edəcəyi prioritetlərə regional ölçü gətirmək üçün hökumətlə işləməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.

C.Azur qeyd edib ki, Fond layihələri maliyyələşdirmir, lakin ölkələrə “yaşıl” keçidin həyata keçirilməsinə kömək edir.

"Biz yeni “Davamlılıq və Davamlı İnkişaf Fondu”nu işə saldıq. Layihə ölkələrə həm siyasət, həm də struktur islahatları baxımından böyük dəyişikliklərin edilməsinə kömək etmək məqsədi daşıyır ki, bu da ölkələrə mövcud vəziyyətdən çıxmağa və daha "yaşıl" iqtisadiyyatlara doğru irəliləməyə kömək edir. Biz region üçün, eləcə də Azərbaycanla uyğunlaşma məsələsində üç səviyyədə işləyirik. Bölgəmiz ən çox tullantı mənbələrindən biri olmasa da, yenə də ən çox zərər çəkənlərdən biridir. Buna görə də iqlim şoklarının mənfi təsirlərini uyğunlaşdırmaq və azaltmaq üçün bir sıra siyasətlər və investisiya potensialı vasitəsilə ölkələrə inkişafa kömək etmək vacibdir.

İkinci səviyyə tullantıların azaldılması və müəyyən sayda yeni sektorların, bərpa olunan enerji mənbələri, günəş enerjisinin inkişafıdır ki, bu da qeyri-karbon enerji istehsalının payını artıracaq. Üçüncü səviyyə ölkələrə yeni investisiya imkanlarının müəyyən edilməsinə kömək etməkdir. Bu, ən sürətlə inkişaf edən sektorlardan biri olacaq və buna görə də bu, ölkələr üçün investisiyaları artırmaqdan ötrü bu sektorlardan istifadə etmək üçün bir fürsətdir. Azərbaycan ekoloji sektorda yeni fəaliyyətlərin inkişaf etdirilməsi üçün potensial və resurslara malik ölkədir", - deyə o bildirib.

(“Trend”)

Seçilən
157
3
vergiler.az

2Mənbələr