“Zəngəzur dəhlizi məsələsi həqiqtən də hazırda siyasi gündəmin əsas mövzularından biridir. Bu, Cənubi Qafqaz, Rusiya və İran kimi qonşularımız, eləcə də Orta Asiya, Çin üçün maraqla izlənilən bir geopolitik məsələdir. Ona görə də bu istiqamətə müzakirələr səngimir. Təbii ki, birinci növbədə Ermənistan buna müqavimət göstərir. İrəvanın istəyi ondan ibarətdir ki, Rusiya sərhəd xidməti bu yola nəzarət etməsin. İkincisi, Ermənistanla İran arasında gizli bir sövdləşmə mövcuddur ki, Naxçıvanın blokadası uzun müddət davam etsin, Azərbaycanla onun bir parçası olan Naxçıvan arası nəqliyyat yolu bərpa olunmasın”.
Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli deyib. O, bu məsələdə Rusiya və Ermənistanın razılığa gələ bilmədiklərini bildirib:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, üçtərəfli razılaşmada açıq-aşkar nəqliyyat yolunun bərpası, bu yolun Rusiya sərhədçilərinin nəzarətində altında fəaliyyət göstərməsi əksini tapıb. Ona görə də burda əsas problem Ermənistanla Rusiya arasındadır. Ermənistan Naxçıvana yolun açılmasına özünün kommunikasiya qovşaqlarının artması kondeksində bəlkə də razılaşar. Amma istəyir ki, Rusiya bu yola nəzarət etməsin. Rusiya da məsələnin bu cür qoyuluşuna etiraz edir”.
Q.Məhərrəmli Zəngəzur dəhlizi ilə bağlı İranın da gizli maraqlarının olduğunu qeyd edib:
“İranın gizli maraqları var. Çünki yükdaşımalar, sərnişin nəqliyyatının o istiqamətdə işləməsi İranın iqtisadi maraqlarına birbaşa ziddir. Yəni geopolitik düyün elə formalaşıb ki, onu açmaq, həll etmək getdikcə çətinləşir”.
Q.Məhərrəmlinin sözlərinə görə Azərbaycan bu üç dövlətlə münasibətdə düşünülmüş şəkildə addım atır:
“Ona görə də Azərbaycan Rusiyayla da əlaqələrini normallaşdırmağa, İranla qarşılıqlı münasibətlərini yaxşı qurmağa, Ermənistanla aparılan danışıqlarda işguzar, konstruktiv mövqedə dayanmağa çalışır.
Regiona getdikcə təsiri artan Türkiyənin də bu məsələdə böyük marağı var. O çalışır ki, Azərbaycan, Orta Asiyay ölkələri, Çin, Əfqanıstan və Pakistanla əlaqələri bu dəhliz vasitəsilə reallaşdırılsın. Bu dəhliz Şərq dünyasının Avropaya çıxışının incə bir nöqtəsidir”.
Q.Məhərrəmli dəhlizin açılması üçün Rusiya və Ermənistanın razılığa gəlməsinin vacibliyini vurğulayıb:
“Ona görə mənə elə gəlir ki, Rusiyayla Ermənistan arasında anlaşma yaranmayınca, dəhlizin fəaliyyətə başlaması çətin olacaq. Təbii ki, burda Rusiyanın özünün də müəyyən gizli maraqları var. İndiki halda dəhlizin işə düşməsinin bu və ya başqa formada Rusiyanın maraqlarına uyğun gəlməyən nöqtələri var. Türkiyəylə, İranla əlaqələr bu dəhliz vasitəsilə reallaşdırıla bilər, amma faktiki olaraq bu o şərtlə mümkün olar ki, yola Rusiya nəzarət etsin. Əslində belə geniş götürəndə bu, müstəqil dövlətlərin bir çoxunun maraqlarına ziddir. Ona görə də belə bir düyünün açılmasına ehtiyac var”.
Professor bildirib ki, Zəngəzur dəhlizi məsələsində Qərb də Ermənistana təsir göstərir:
“Bu məsələdə Ermənistanın arxasında dayanan Qərbin də müəyyən marağı var. Qərb ciddi şəkildə Ermənistandan peyk kimi istifadə etməklə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Bu da əlavə çətinliklər yaradır. Həm Avropa Birliyi və ABŞ-la arasında, həm də region ölkələri arasında həll olunmamış bir çox məsələlər Zəngəzur dəhlizində bir nöqtədə birləşir. Ona görə hesab edirəm ki, bunun həlli yolu ya Rusiyanın sərt cərrahi müdaxiləsi ilə, ya da Ermənistan, Rusiya, Azərbaycan və Türkiyə anlaşması nəticəsində mümkün ola bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Prezident bildirib ki, üçtərəfli bəyanatda müvafiq razılaşma əksini tapsa da, Ermənistan üç ildən çoxdur ki, bu müddəanı pozur.
Vasif Əlihüseyn
BakuPost