2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərində adambaşına xərclər 362 manat, kənd yerlərində 332 manat olub.
Əhali ərzağa daha çox pul xərcləyir. Ötən il qida məhsullarına xərclənən pul 155 manat təşkil edib. Digər xərclərin heç biri ərzaq qədər yüksək olmayıb.
Əhali ayda adambaşına kommunala (su, işıq, qaz və digər yanacaq növlərinə) 28 manat, ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 27 manat, mehmanxana, kafe və restorana 24 manat, nəqliyyata 23 manat, paltar və ayaqqabıya 20 manat, səhiyyə xidmətlərinə 18 manat, istirahət və mədəniyyət xidmətlərinə 14 manat, rabitə xidmətlərinə 11,5 manat pul xərcləyib.
Qruplaşdırdıqda əhalinin xərclərinin 42,7 faizi ərzaq, 29,3 faizi qeyri-ərzaq, 28 faizi isə xidmətlərə çəkilən xərclərdən ibarət olub.
2020-ci illə müqayisədə ərzaq və qeyri-ərzaq xərclərinin artması, pullu xidmətlərin isə payının azalması müşahidə edilib.