AZ

Bakıda "Böhran kommunikasiyası" mövzusunda növbəti təlim başlayıb

Bu gün Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə dövlət qurumlarının mətbuat xidməti rəhbərləri üçün silsilə təlimlər çərçivəsində "Böhran kommunikasiyası" mövzusunda növbəti təlim başlayıb.

"Report" xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, media nümayəndələri ilə dövlət orqan və qurumları arasında düzgün və effektiv kommunikasiya mexanizminin qurulması cəmiyyətin ilkin mənbədən informasiya ilə təmin edilməsi baxımından olduqca önəmlidir.

O vurğulayıb ki, böhran kommunikasiyası dövründə media ilə qarşılıqlı səmərəli işin və əlaqələrin təşkili, müxtəlif səviyyələrdəki media mesajlarının operativ hazırlanması və ictimaiyyətə ötürülməsi peşəkar və müasir tendensiyalara əsaslanan yanaşma tələb etdiyindən bu kimi təlimlərin davamlı olaraq keçilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi mühüm əhəmiyyət daşıyır.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə bildirib ki, belə peşəkar təlimlərin baş tutması PR mütəxəssislərinin media ilə qarşılıqlı əməkdaşlığının inkişafına, genişləndirilməsinə və sözügedən sahədə ünsiyyətin dinamikliyini artırmağa böyük töhfə verəcək.

Təlim zamanı Media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən və uğurlu mentorlarından biri, "High Park Communications" media şirkətinin təsisçisi və direktoru Kolin Gibson "Böhranın müəyyən edilməsi", "Böhran zamanı planlaşdırma", "Böhran zamanı medianın idarə edilməsi və müxtəlif tərəflərlə düzgün kommunikasiya strategiyası", "Böhran zamanı sosial medianın rolu", "Ssenari planlaşdırılması", "Ssenari üzrə fəaliyyət", "Nəticələr üzrə müzakirə" adlı sessiyalarda çıxış edərək kommunikasiya mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparıb.

İki gün davam edəcək təlimin keçilməsində məqsəd dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

Seçilən
208
14
report.az

10Mənbələr