2018-ci ilin yayından "Qarabağ"da çıxış edən Abdiullah Zubirin müqaviləsi bu yay başa çatır,
Bu mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 48 rəsmi matçda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalan fransalı legionerlə bağlı söz-söhbətlər son günlər yenidən artıb.
İndi də iddia olunur ki, o, karyerasını Fransada davam etdirə bilər. "Tuluza"nın 32 yaşlı vingeri transfer etmək istəməsi haqda yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, Liqa 1 təmsilçisi onunla yaxından maraqlanır.
Həmçinin qeyd olunur ki, "Tuluza"dan başqa, "Seltik" (Şotlandiya) və "Auqsburq" da Zubirin «ləpirində gəzir». Sözügedən oyunçunun Səudiyyə Ərəbistan "Ər-Riyad"ından da təklif aldığı söylənilir.
"Qarabağ" tərəfdarı o qədər də narahat olmamalıdır. Zubirin gedəcək yeri çox görünə bilər, amma o, burada qalacaq.
Mərakeş kökənli legioner "köhlən atlılar"ın yeni sözləşmə təklifini qəbul edib. Minimum daha 2 il karyerasını Azərbaycanda sürdürməyə razılaşıb.
Gözlənildiyi kimi, bu, onun qazancına da təsir göstərəcək.
Hazırda illik gəliri 700 min avroya yaxın olduğu deyilən Zubir önümüzdəki iki ildə 2 milyon avro civarında əməkhaqqı alacaq.
SPORTİNFO.AZ