Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40a ünvanında çoxillik zeytun ağacları kəsilib.
Bu barədə Pravda.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Bildirilib ki, əvvəlcə ərazi hasarlanıb, tikinti yekunlaşdıqda isə, yaşıllıq məhv edilib.
Müraciətlərdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi məsələni nəzarətə götürüb. Hazırda ərazidə yaşıllaşdırma işləri həyata keçirilir.
Sakinlərin narazı qaldığı məqam isə odur ki, Birlik zeytun əvəzinə, şam ağacları əkir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Pavda.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən ünvandadır.
"Əməkdaşlarımız tərəfindən aparılan ilkin araşdırmaya əsasən ərazidə 14 ağacın kəsildiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır. Hazırda kəsilən ağacların yerinə ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən yeni ağac tingləri əkilir", - İ.İbrahimova qeyd edib.