İlham Əliyev və Sadır Japarov işğaldan azad olunmuş ərazilərdə – Yenilənib
Azərbaycan səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib.
Yeniavaz.com xəbər verir ki, onu burada Prezident İlham Əliyev qarşılayıb.
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar.
Daha sonra Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam şəhərində olublar, burada Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.
Yeniavaz.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli görülən işlər barədə dövlət başçılarına məlumat verdi.
Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Kompleksin ərazisinə tarixi abidələr, Pənahəli xanın iqamətgahı, qonaq evi, Mehdiqulu xanın məqbərəsi, Xanoğlan məqbərəsi, İbrahim xanın məqbərəsi, Pənahəli xanın məqbərəsi, Xurşidbanu Natəvanın abidəsi və qəbiristanlıq daxildir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı erməni vəhşiliyinin canlı şahididir. Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu kompleksin bərpası işlərinə başlanılıb. Həmçinin 2022-ci il oktyabrın 4-də XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin bərpadan sonra açılışı olub.
İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Sonra dövlət başçıları Qarabağ atlarına baxdılar.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə etdi.
***
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına məsciddə görülən işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb. “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunmuşdu.
Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Ərazidəki dağıntılar aradan qaldırılıb, məscidin daxilində sütunların və kənar divarların yanında kəşfiyyat qazıntıları, giriş hissəsindəki tarixi daş döşəmənin üzə çıxarılması, tarixi və texniki tələblər əsasında müvafiq suvaq nümunələrinin və laboratoriya analizləri əsasında boya nümunələrinin yaradılması, sınıq günbəzin və tağların taxta konstruksiyalarla bərkidilməsi işləri yerinə yetirilib.
Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənərək bərpa olunub, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiyası işləri görülüb.
Qeyd edək ki, işğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir.
Damdakı günbəzlərin zədələnmiş suvağının aradan qaldırılması, günbəzlərin və anbarların əhəng suyu və əhəng qatı ilə gücləndirilməsi, divar tacının yenidən qurulması və uyğun təbii daşlarla doldurulması prosesi tamamlanıb. Məscidin içindəki daşlar, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.
Yeniavaz.com xəbər verir ki, dövlət başçılarına Mərkəzdə yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin - konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.
Dövlət başçıları Ağdam, Füzuli və Xocavənddə görülən işlərdən, eləcə də bu rayonlarda həyata keçiriləcək layihələrdən bəhs edən videoçarxa baxdılar.
***
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.
Yeniavaz.com xəbər verir ki, dövlət başçılarına layihə barədə məlumat verildi.
Bildirildi ki, Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılıb. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Məktəbin ərazisində idman meydançası, köşk, kiçik skamyalar, qazanxana yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Xıdırlı kənd tam orta məktəbinin təməlini qoydular.
Qeyd edək ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.
Yeniavaz.com xəbər verir ki, dövlət başçılarına qalanın bərpası işləri barədə məlumat verildi.
Bildirildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. Burada 12 hektar ərazi abadlaşdırılıb, inzibati bina, bilet satışı məntəqəsi, avtodayanacaq tikilib. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, otel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası yaradılıb.
Dövlət başçıları Şahbulaq qalasının həyətində təndir çörəyinin və qutabın bişirilməsinə baxdılar.