AZ

Makronun İrəvana hərbi dəstəyi: "İki məqsədi var" - Şərh

“Region dövlətlərinin xarici siyasət strategiyaları və dünyanın bir sıra güc mərkəzlərinin bölgə ilə bağlı siyasətləri, toqquşan maraqları Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsir edən əsas amillərdəndir. Bu baxımdan, Ermənistanın xarici siyasətində baş verən dəyişikliklər, Fransanın Cənubi Qafqaz siyasəti, rəsmi İrəvanla münasibətləri regionun təhlükəsizlik sisteminə əhəmiyyətli dərəcədə təsir edir. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında hərbi – siyasi sahədə tərəfdaşlıq münasibətlərinin dərinləşməsi müşahidə edilir və bu proses regionun təhlükəsizlik mühitinə neqativ dinamika gətirməkdədir”.




Bu fikirləri Bakupost.az -a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli deyib.

O bildirib ki, Ermənistan – Fransa hərbi əlaqələri İkinci Qarabağ müharibəsindən əvvəl mövcud olsa da, bu əlaqələr məhdud xarakter daşımaqla o qədər də əhəmiyyətli olmayıb:

“Fransa-Ermənistan hərbi əlaqələrində ziddiyyət yaradan vacib məqamlardan biri İrəvanın təhlükəsizlik siyasəti ilə bağlıdır. Belə ki, Ermənistan ikitərəfli və çoxtərəfli müstəvidə Rusiya ilə dərin əlaqələrini, müttəfiqlik münasibətlərini davam etdirməklə yanaşı Moskvanın sərt geosiyasi qarşıdurma vəziyyətində olduğu Fransa ilə də hərbi – təhlükəsizlik əlaqələrini inkişaf etdirir. Erməni rəsmilərinin müəyyən anti-Rusiya, KTMT ritorikasına, kosmetik addımlarına baxmayaraq, Ermənistan Rusiya ilə təhlükəsizlik – müdafiə sahəsində imzaladığı uzunmüddətli müqavilələrdən hələ ki, imtina etməyib, KTMT-dən çıxmayıb. Bütün bunlarla bərabər, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası mövcudluğunu davam etdirir. Ermənistanın Türkiyə və İranla sərhədlərini rus sərhədçiləri qoruyur. Qeyd edim ki, İrəvan və Paris arasında son silah sövdələşmələrinin əhəmiyyətli hissəsini Ermənistanın Fransadan hava hücumundan müdafiə sistemləri alması təşkil edir. Halbuki, Ermənistan və Rusiya eyni hava hücumundan müdafiə sisteminə malikdirlər. Ermənistan Fransa ilə hərbi əlaqələrini inkişaf etdirməyi özünün silah idxalını diversifikasiya etmək məqsədi ilə həyata keçirdiyini bəyan etsə də, bu ölkə ətrafında yaranmış ziddiyyətli təhlükəsizlik, geosiyasi mənzərəni dəyişmir”.

M.Məmmədlinin dediyinə görə, rəsmi İrəvan və Paris iki ölkə arasında hərbi əməkdaşlığın erməni ordusunun müdafiə qabiliyyətini artırmaq məqsədi ilə edildiyini və bu əməkdaşlığın üçüncü ölkələrə qarşı olmadığını iddia etsə də, Fransa tərəfindən Ermənistanın silahlandırılmasının mümkün səbəblərinə nəzər saldıqda fərqli qənaətə gəlmək olar:

"Ermənistan-Fransa hərbi-siyasi tərəfdaşlığının yeni mərhələyə daxil olmasının əsas səbəblərindən biri Fransanın regional geosiyasi maraqları ilə bağlıdır. Olanlardan məmnun qalmayan və özünü “oyundan kənar” vəziyyətə düşmüş hesab edən Fransa məhz Ermənistan vasitəsilə bölgədə rolunu artırmağa çalışır. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Paris Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq məqsədi ilə Moskvanın regionda əsas hərbi-siyasi müttəfiqi olan Ermənistanı öz “orbitinə” çəkməyə çalışır və bu istiqamətdə ardıcıl addımlar atmaqdan çəkinmir. Fransanın Ermənistanla münasibətlərini dərinləşdirməsinin əsas məqsədlərindən biri də Orta Şərqdə və digər regionlarda geostrateji maraqlarının toqquşduğu Türkiyənin Cənubi Qafqazda təsirini azaltmaqdır. Beləliklə, görünən odur ki, Ermənistanla münasibətləri müttəfiqlik səviyyəsinə çatdırmaqla Fransa bir tərəfdən Türkiyənin regionda təsirini azaltmağa çalışır, digər tərəfdən də İrəvanı tədricən Rusiyanın nüfuz dairəsindən uzaqlaşmağa təşviq edir. Bu məqsədlərinin reallaşmasında Fransanın istinad etdiyi məqamlardan biri Avropa İttifaqının bölgədə həyata keçirdiyi strategiyadır. İttifaqın “Şərq Tərəfdaşlığı” proqramı və digər layihələrlə region dövlətlərini “qoca qitəyə“ yaxınlaşdırmaq siyasəti bu baxımdan Parisin bölgə ilə bağlı geostrateji maraqlarına cavab verir. Digər amil onunla bağlıdır ki, son zamanlar Fransanın Orta Şərqdə, Afrikada mövqeyinin zəifləməsi də Parisin xarici siyasətində post-sovet məkanını, xüsusilə də Cənubi Qafqazı xeyli aktuallaşdırıb. Son aylarda baş verən proseslər o qənaətə gəlməyə əsas verir ki, Fransa özünün geostrateji maraqları səbəbindən və daxilindəki erməni diasporu, lobbi qruplarının təsiri ilə Ermənistanı silahlandırmaqda, bu ölkə ilə hərbi- siyasi əlaqələrini müttəfiqlik səviyyəsinə qaldırmaqda qərarlı olduğunu nümayiş etdirir. Fikrimcə, Ermənistan-Fransa hərbi-siyasi tərəfdaşlığı iki əsas səbəbdən Cənubi Qafqazın təhlükəsizlik mühitinə mənfi təsir edir. Birincisi, Ermənistan və Azərbaycan arasında hələ də sülh müqaviləsi imzalanmayıb və bütövlükdə, münaqişə bitsə də, iki ölkə arasında ciddi problemlərin qalması səbəbindən davamlı sülh əldə olunmayıb”.

Ekspert vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün imkanların yarandığı vaxtda Fransanın Ermənistanı silahlandırması regionda hərbi- siyasi eskalasiyanı artırır:

"Həmçinin, görünən odur ki, Ermənistan Qərblə yaxınlaşma siyasətindən də Azərbaycana qarşı istifadə etməyə çalışır. İkincisi, son illərdə kəskinləşən Rusiya-Qərb münasibətləri fonunda Ermənistanın Qərbə doğru reveransları, Fransa da daxil olmaqla bəzi aparıcı Qərb dövlətlərinin Ermənistandan Rusiyaya qarşı istifadə cəhdlərinin Cənubi Qafqazı yeni geosiyasi qarşıdurma meydanına çevirmək potensialı böyükdür. İndiki mərhələdə Ermənistanın qüvvələr balansı siyasətini tədricən Rusiyaya qarşı çevirməsi regionda xaotik geosiyasi proseslərin getməsinə səbəb olar ki, bu da nəticədə, Cənubi Qafqazın təhlükəsizlik sistemi üçün ciddi fəsadlar yarada bilər.

Sevinc,
BakuPost
Seçilən
274
50
bakupost.az

10Mənbələr