AZ

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Aprelin 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, komitə sədri Ziyafət Əsgərov bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairin oxşar tarixi, müstəqillik yolu barədə danışıb. 

O bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş ölkədir. Komitə sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından, Əlcəzairin həmişə Azərbaycanın haqq işini dəstəkləməsindən məmnunluğunu ifadə edib, iki ölkə arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyindən söhbət açıb.

Ziyafət Əsgərov qonaqlara torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilər tərəfindən şəhərlərimizin dağıdılmasından, Xocalı soyqırımının törədilməsindən, tarixi abidələrimizin məhv edilməsindən danışıb, həmçinin Fransanın Əlcəzairdə əhaliyə qarşı etdiyi ağlasığmaz hərəkətlər barədə fikirlərini bölüşüb.
Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan xalqını təbrik edib, əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra görüş qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi şəraitində davam etdirilib.

Bizim.Media
 

Seçilən
11
5
bizim.media

4Mənbələr