Bakı, 26 aprel, AZƏRTAC
Bu gün Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq dinamik inkişaf edir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib. Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin aprelin 22-də Rusiyaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni töhfələr verəcək. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsidir. Məlumdur ki, Baykal-Amur Magistralı bu günədək dünyada həyata keçirilən ən böyük nəqliyyat layihələrindən biridir. Dəmir yolu indiki kimi yeni texnologiyaların, müasir texniki avadanlıq və maşınların olmadığı zamanlarda, yalnız insan təfəkkürünün və əməyinin gücü ilə inşa edilib. Bu nəhəng nəqliyyat layihəsi keçmiş sovet respublikalarını birləşdirirdi. Bu layihənin reallaşmasında o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış Heydər Əliyevin müstəsna xidmətləri olub.
“Rusiya Prezidenti Vladimir Putin bu layihənin reallaşmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı və bildirdi ki, Heydər Əliyevin dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salıblar. Hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Bu gün Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. İki ölkə nəqliyyat sahəsində də fəal əməkdaşlıq edir. Şimal-Cənub layihəsi buna bariz nümunədir. Belə bir qlobal layihənin icrası ölkələrimizə böyük dividentlər qazandırmaqla yanaşı, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir”, - deyə Fatma Yıldırım vurğulayıb.