Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq və dostluq münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf edib. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələrin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlayıb. Həmin illərdən bu yana yüzlərlə dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə və sazişlər, o cümlədən iqtisadi sahədə 50-yə yaxın saziş imzalanıb və həyata keçirilib. Xüsusilə iki ölkə arasında 2008-ci ilin iyulun 3- də Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Eyni zamanda, 2022-ci il fevralın 22-də Moskvada aparılan danışıqlardan sonra iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. Sənədə əsasən, Rusiya və Azərbaycan tərəflərdən birinin təhlükəsizlik maraqlarına təhlükə yaranarsa, dərhal məsləhətləşmələrə hazırdır, milli maraqlara cavab verən və digər ölkələrə qarşı yönəlməyən hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Ümumilikdə bu gün Azərbaycanla Rusiya arasındakı iqtisadi əməkdaşlıq da yüksək səviyyədədir. Respublikamızda təmsil olunan iri rus istehsalçıları, şirkətləri və bankları arasında «Qazprom», «Lukoyl», «VTB Bank», «Avtovaz», «Rosselxozbank» var. Azərbaycanda «KamAZ» və «Ural» markalı yük avtomobillərinin istehsalı və yığılması layihələri həyata keçirilir, «Qazel» markalı avtomobillərin yığılması zavodu istifadəyə verilib.
Bu gün artıq Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsi 4,5 milyard ABŞ dollarına çatıb. Belə ki, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
Bu həftə Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazıldı. Belə ki, aprelin 22- dəAzərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Moskvada hər iki Prezidentin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilmişdir. Rusiya prezidenti bu magistral yolun tikintisində Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi qeyd etdi: «BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.Bu işdə ona böyük bilik və təcrübə, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı və əlbəttə ki, xüsusi şəxsi keyfiyyətlər, ilk növbədə, çalışdığı insanlara qayğıkeş, hörmətli münasibət kömək etdi və o, bu nəhəng problemləri həll edə bildi. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.»
Xatırladaq ki, BAM magistralı ilə ildə təxminən 180 milyon ton yük daşınır. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər Cənub- Şərqi Asiya və Orta Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqələri məhz BAM vasitəsi ilə qurulub. Rusiya ekspertlərinin bildirdiklərinə görə, 2030-cu ilədək BAM-nin daha 3,5 min kilometr uzadılacağı, yeni stansiyaların tikiləcəyi nəzərdə tutulub.
Rusiya və Azərbaycan arasında turizm imkanları da davamlı olaraq genişlənir. Rəsmi məlumatlara əsasən, ötən il Rusiyadan respublikamıza 625 mindən çox turist səfər edib. Qısa müddət ərzində Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilib.
Bu gün dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan çox önəmlidir.
Elçin Zaman, «İki sahil»