AZ

Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.DİM-dən Adalet.az-a bildirilib ki, respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil ediləcək.İmtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri Azərbaycan bölməsi, 1296 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12454-ü cari ilin, 7262-si isə əvvəlki illərin məzunlarıdır, 45 nəfər xarici ölkə vətəndaşıdır. Bakıda 14573, Naxçıvanda 536, Gəncədə 1310, Sumqayıtda 1358, Abşeronda 964, Mingəçevirdə 581, Lənkəranda 394 bakalavrın imtahan verəcəyi gözlənilir.Bu imtahanda 11 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 5, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil edilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 218 imtahan rəhbəri, 1799 nəzarətçi-müəllim, 264 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.Magistraturaya qəbul imtahanında bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nəzarətçisi tərəfindən yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.İmtahanın nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.DİM diqqətə çatdırır ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Tövsiyə olunur ki, imtahan verən şəxs cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd etsin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasın.Dövlət İmtahan Mərkəzi bir daha xatırladır ki, kartı zədələmək və cırmaq olmaz. İmtahanın nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.“Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür.İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.Bakalavrlar imtahana gələrkən aşağıda qeyd olunan sənədləri mütləq özləri ilə gətirməlidirlər:- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;- İmtahana buraxılış vərəqəsini.Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Seçilən
790
13
adalet.az

10Mənbələr