Tarif Şurasının son qərarı vətəndaşların dərman vasitələrini daha ucuz əldə etməsinə şərait yaradacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat xatırladıb ki, Tarif Şurasının son iclasında yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətlərinin yuxarı həddi təsdiq edilib.
"Məlum məsələdir ki, əvvəllər dərman vasitələrinə vahid qiymət tətbiq olunurdu. Yeni qərardan sonra dərman vasitələri üçün təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunacaq və bu qiymətdən ucuza da satıla biləcək. Bununla da əczaçılıq standartlardan uzaqlaşıb rəqabətliliyə meyil edəcək. İstər-istəməz bu rəqabətlilik vətəndaşların dərman vasitələrini daha ucuz əldə etməyinə şərait yaradacaq", - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır.
"Beynəlxalq təcrübə göstərir ki, əhalinin rifah səviyyəsi yüksəldikcə insanlar öz sağlamlığına daha çox diqqət yetirir və nəticə etibarilə dərman vasitələrinin istehlakı artır. Azərbaycan yüksək sayda istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir.
Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Yerli dərman istehsalının ölkəmiz üçün ciddi sosial-iqtisadi səmərəsi olacaq", - deyə deputat əlavə edib.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Milli.Az