AZ

Qızı mağazadan oğurluq etdiyinə görə hamilə arvadını öldürən şəxs yenidən hakim qarşısında

Abşeronda arvadını xüsusi amansızlıqla öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası aprelin 30-na təyin edilib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Nəmətov 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi Vüqar Nəmətovun şikayətini təmin etməyib.

Qeyd edək ki, 2022-ci il oktyabrın 22-də gecə saat bir radələrində Abşeron rayonu, Saray qəsəbə sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-də saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən onu qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisədən əvvəl Vüqarın 7 yaşlı qızı yaxınlıqdakı mağazadan 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurlayıb. V.Nəmətov 25-26 həftəlik hamilə olan arvadı Səidənin də bundan xəbəri olmasına görə əsəbiləşib, qızını cəzalandırmaq məqsədilə yaşadıqları evin həyətindən boru parçasını götürüb uşağı döyüb. Səidə ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbiləşib. Daha sonra Vüqar dəmir parçası ilə Səidəni döyərək öldürüb.

Seçilən
197
2
oxu.az

10Mənbələr