AZ

Blinken: ABŞ İsraili dəstəkləyir, lakin Qəzzada iztirablara son qoymağa çalışır

"ABŞ İsraili dəstəkləyir, eyni zamanda Qəzza xalqının “dəhşətli iztirablarına” son qoymağa çalışır". Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. “Oktyabrın 7-də baş verənlərin bir daha təkrarlanmaması üçün İsrailin səylərini qətiyyətlə dəstəkləyirik. Ancaq eyni zamanda Qəzzada hər gün gördüyümüz dəhşətli iztirablara son qoymaq üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - deyə Blinken Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun tədbirində deyib. “Qəzza zolağında mülki əhaliyə maksimum müdafiəsi, maksimum dəstək bizim əsas məqsədimizdir. İndi buna son qoymağın ən sürətli yolu atəşkəsə nail olmaq və girovların azad edilməsidir. Və buna nail olmaq üçün fövqəladə səylər göstərilir”, - deyə ABŞ dövlət katibi bildirib. ABŞ dövlət katibi həmçinin bildirib ki, Birləşmiş Ştatlar İsrailin Qəzza zolağının Rəfah şəhərində mümkün əməliyyatını dəstəkləməyəcək, çünki mülki əhalinin müdafiəsini ehtiva edən bir plan görməyib. “Biz Rəfahda İsrailin böyük hərbi əməliyyatını dəstəkləyə bilmərik”, - deyə o, Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun tədbirində bildirib. Amerika diplomatiyasının rəhbəri vurğulayıb ki, Vaşinqton əməliyyat zamanı İsrail tərəfindən “hələ ki, dinc əhalinin müdafiə olunacağını inandırıcı şəkildə təsdiqləyəcək bir plan görməyib”. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin Rəfah əməliyyatına hazırlığını davam etdirdiyini bildirmişdi. Onun sözlərinə görə, o, artıq öz ölkəsinin mövqeyini ABŞ-ın diqqətinə çatdırıb, yəni Rəfaha qoşun göndərmədən Fələstinin HƏMAS hərəkatının radikalları üzərində yekun qələbəyə nail olmaq mümkün deyil. Netanyahu Rəfah əməliyyatının başlama tarixinin artıq müəyyən edildiyini bildirib, lakin bu barədə açıqlama verməyib. Qadir, Bizimyol.info

Seçilən
116
50
bizimyol.info

10Mənbələr