Penitensiar xidmətin Baş idarəsində ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun sədrliyi, xidmətin rəhbər şəxslərinin, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının rəisləri, Mühafizə Alayı və Konvoy taborunun komandirlərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Xidmətdən Herbiand.az-a verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan nazir müavini Penitensiar xidmətin fəaliyyətində şəffaflığın təmin edilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma və maddi-məişət şəraitinin daha da yaxşılaşdırılması, peşəkar və gənc kadrların işə cəlb olunması istiqamətində həyata keçirilən son işlər barədə geniş məlumat verib.
Müşavirədə Penitensiar xidmətin tabe qurumlarının rəhbərlərinin çıxışları dinlənilib.
Əməliyyat müşavirəsinin sonunda xidmət rəisi zəruri işlərin həyata keçirilməsi ilə bağlı əməkdaşlara mühüm tapşırıqlar verib.