Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə Musiqi Gecələri" çərçivəsində növbəti "Duet" adlı konsert 27 aprel saat 19:00-da Muzey Mərkəzində ( III mərtəbə, akt zalı) keçirildi. Bu dəfəki konsertdə Humay Qasımzadə (piano) və Qleb Xoxlov (violin) çağdaş musiqinin seçilən bəstəkarlarından olan Morton Feldmanın "Spring of Chosroes", Pierre Boulez "Anthemes", Qalina Ustvolskayanın "Sonata" və Reiko Fütingin "Five Meditations on Music from Luigi Rossi`s Collection" əsərlərini ifa etdilər.
Humay Qasımzadə fortepiano ifaçılığı üzrə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra (professor Ədilə Vəkilovanın sinfi) Norveçin Bergen şəhərində magistratura pilləsində təhsil almışdır. İfaçılıq fəaliyyətini sırf müasir musiqi istiqamətində davam etdirmək məqsədilə daha sonra Manhattan School of Music-də (Nyu York) yenidən magistratura, Bowling Green State University-də (Ohio ştatı) isə doktorantura təhsilini başa vurmuşdur. H.Qasımzadə bir çox beynəlxalq festivalların iştirakçısı, müsabiqələrin qalibi olmuşdur. Onun doktorluq dissertasiyası ilin ən yaxşı dissertasiyası seçilmiş, Azərbaycan bəstəkarlarının solo fortepiano əsərlərindən ibarət albomu Amerikanın məşhur "İnnova" səsyazma şirkəti tərəfindən seçilərək, yayımlanmağı nəzərdə tutulmuşdur. H.Qasımzadə hazırda Cadenza Contemporary Orchestra-da pianoçu kimi fəaliyyətini davam etdirir.
Qleb Xoxlov musiqi təhsilini violin ixtisası üzrə almış, 2016-cı ildən etibarən isə müasir musiqi ifaçılığı üzrə ixtisaslaşmış və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını Qədim və Müasir İfaçılıq Sənəti fakültəsini fərqlənmə ilə bitirmiş, daha sonra "Müasir Musiqi Orkestri"də təcrübə keçmişdir. Q.Xoxlov fəaliyyətini məhz müasir musiqi ifaçılığı üzrə davam etdirmiş, onun təşəbbüsü ilə yaradılmış "Vacuum Quartet" 2017-ci ildən fəaliyyət göstərir. Q.Xoxlov ötən il "Cadenza dəvət edir" layihəsi, həmçinin Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş "I Bakı Müasir Musiqi Günləri" festivalı çərçivəsində Bakıda həm ustad dərsi, həm də konsert proqramı ilə çıxış etmişdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az