Сari ilin 11 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul etmişdir. İştirakçılar ilə görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib.
Dövlətimizin başçısı keçmiş Qarabağ münaqişəsinin tarixini, bu torpaqların əsl sakinlərinin kim olduğunu, Ermənistanın işğal siyasətinin mahiyyətini və onun acı nəticələrini, həmçinin yeni reallıqları qonaqların diqqətinə çatdırdı. Azərbaycan istər işğal zamanı, istər İkinci Qarabağ müharibəsi zamanı, istərsə də antiterror tədbirləri zamanı bütün humanitar normalara əməl edib. Beynəlxalq ekspertlər də bütün humanitar normalara əməl olunduğunu vurğulayıb.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər və bu məsələdə əsas skripkanı çalan Fransadır. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir.
Dövlətimizin başçısı qeyd etdi ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi.
Fransanın 2020-ci ildən başlayaraq bu günə qədər davam etdirdiyi qeyri-konstruktiv və təxribatçı rola diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Fransa Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır.
Antiterror tədbirləri nəticəsində ərazimiz üzərində tam nəzarət bərpa olundu.
Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi.
Prezident İlham Əliyev 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəblərinə toxunaraq bildirdi ki, sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı.Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.Azərbaycan artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc edib, bu plan internetdə də mövcuddur. Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər.
Prezident bir daha bəyan etdi ki, bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır: “İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik”.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta