AZ

“Baxdım ki, “klok”da yenə pul var” – Elnur Allahverdiyevin modelyerin atasını öldürən dayısının MƏHKƏMƏSİ

Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Heftelik.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Mustafa Zeynalovun keçmiş həyat yoldaşı Rübabə Zeynalova şahid qismində çıxış edib.

O, çıxışı zamanı uzun müddətdir Mustafa Zeynalovdan ayrıldığını bildirib:

“Özüm məhkəmə-tibbi eksperti kimi işləyirəm. 2008-ci ildən Mustafa ilə boşanmışıq. O uşaqları qoyub gedəndən sonra boşanmağa görə müraciət etdik. Hadisə haqda məlumatım olmayıb. Bir gün gecə 2-3 kimi Mustafa mənə zəng etdi. Məni Maştağaya çağırdı. Dedi ki, tez dur, gəl. Mən də soruşdum ki, nə olub, heç nə demədi. Durdum Azadlıq prospektindən taksi ilə Maştağaya getdim. Ora çatanda Mustafa yolun kənarında durmuşdu. Maşını saxladıb mən də düşdüm. Mənə dedi ki, arxamca gəl. Dedim nə olub, yenə heç nə demədi. Dedi bir nəfər itib, amma mənim günahım yoxdur. Məni xalasıgilin bağ evinə apardı. Dedi ki, mənə bir nəfər borclu idi, indi borcunu qaytarıb. Həyətə girəndə xalasıoğlu İsmayılı çağırdı. O da əlində qara “klok”la gəldi. Mustafa dedi ki, “klok”da pul var, bunu uşaqlara xərcləyərsən. Elə hey deyirdi ki, harasa getməlidir, ancaq hara gedəcəyini demirdi. Mən “klok”u götürüb evə qayıtdım. Özüm həkiməm deyə çox əl dəymiş ola biləcəyini düşünüb “klok”u dəyişdirdim. Sonra şkafa qoyub yatdım. “Klok”da olan pulu saymadım belə. Səhəri gün işdə olanda mənə polis idarəsindən zəng gəldi. Dedilər ki, şöbəyə gəlin. Çağırılma səbəbini bilmirdim. Şöbəyə çatanda ilk sual o oldu ki, bəs Mustafa mənə pul verib, ya yox. Dedim ki, verib. Sonra şöbədən polis əməkdaşları ilə evə gəldik. Könüllü sürətdə pulu onlara təhvil verdim. Bİrinci dəfə 18 min 600 manat pul aktlaşdırıb apardılar. Onlar gedəndən sonra baxdım ki, qara “klok”un içində yenə pul var. Bu dəfə də könüllü sürətdə müraciət etdim, 11 min manatdan biraz çox pulu aktlaşdırıb apardılar. O vaxta qədər “klok”da nə qədər pul olduğunu bilmirdim”.

Daha sonra şahid qismin Bəkir Bəkirov ifadə verib. O hadisə günü mərhumun ona görüşə gedəcəyini və bu barədə ona kağız verdiyini deyib:

“Ayın 6-da qardaşım zəng elədi ki, gəl bizə, səninlə işim var. Onlara getdim. 1 saat sonra qardaşım yoldaşı ilə gəldi. Yoldaşı harasa getdi, özü ilə oturduq söhbət edirdik. Dedi ki, axşam bir nəfərlə görüşəcəm, üstümdə də 300 min manat pul olacaq. Mənə görüşəcəyi adamın adını, nömrəsini və üstündə olan pulun miqdarını yazıb kağıza verdi. Dedim ki, narahatsansa, görüşmə. Dedi ki, yox, 3-4 dəfə həmin adamın evində olmuşam.  Axşam idi. Bir müddət sonra qardaşıma zəng etdim. Gördüm ki, zəng çatmır. Kağızda yazıb verdiyi nömrəyə zəng etdim. Telefonu Mustafa açdı. Dedim ki, qardaşım sənin yanındadır? Dedi ki, yox, onunla günorta görüşmüşük. Dedim ki, mənə deyib axşam səninlə görüşəcək. Mustafa telefonda dedi ki, dur gəl, gedək birlikdə axtaraq. Bəlkə də məni də öldürmək istəyib. Sonra qızlara dedim ki, bəs qardaşım kağız verib. Orda nömrə yazılıb. Qızlar da polisə zəng etdi. Mustafa ilə axırıncı dəfə danışanda dedi ki, get, polisə ver. Qardaşım deyirdi ki, həmin bu adam ona vəzifə vəd edib”.

Daha sonra hakim prosesi başqa vaxta təyin etməyi təklif edib. Növbəti proses mayın 30-na təyin edilib.

İttiham aktına görə, hadisə keçən il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. Təqsirləndirilən şəxslər K.Bəkirovun əvvəlcədən guya kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobilə əyləşdiriblər. Daha sonra Namiq Əliyev əvvəlcədən silah kimi aldığı şampan şüşəsi ilə onun baş nahiyəsinə iki zərbə endirib. K. Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetirib. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır daş bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.

Xatırladaq ki, Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər “Kontakt Home”-də hüquqşünas kimi bu sahə üzrə yüksək vəzifədə işləyib.

Namiq Əliyev isə bankda şöbə rəhbəri çalışıb, dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.

Qeyd edək ki, Mustafa Zeynalov “Kontakt Home”-nin sahibi kimi daha çox tanınan, hazırda deputat olan Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.

Aydın olur ki, Elnur Allahverdiyev rüşvət aldığına görə 5 il həbs həyatı yaşamış dayısına şirkətində mühüm vəzifə etibar edib və uzun illər şirkətin hüquqi məsələlərinə məsul olub…

 

Seçilən
287
1
heftelik.az

2Mənbələr