Bakı, 4 may, AZƏRTAC
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunun dördüncü gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma növündə yarışlar keçirilib.
Qızıl və gümüş medallar Çindən olan atletlərin aktivinə yazılıb. Gərgin keçən final qarşılaşmasında Yutinq Huanq-Lihao Şenq cütlüyü Jiayu Han-Linşu Du ikilisini 17-15 hesabı ilə üstələyib.
Üçüncü yer uğrunda mübarizə tamaşaçıların böyük marağına səbəb olub. İtaliya və Avstriya komandalarının duelində birincilər 16-14 hesabı ilə qələbə qazanıblar. Sofia Sessarello-Danilo Dennis Sollazzo bürünc medalların sevincini yaşayıblar.
Mükafatlandırma mərasimindən sonra Sofia Sessarello yarışla bağlı təəssüratlarını bölüşüb: “Bu, Bakıya üçüncü səfərimizdir. İlk dəfə buraya gələndə şəhəri gəzmək imkanımız olmuşdu. Paytaxtınızı və Bakı Atıcılıq Mərkəzini bəyəndiyimi deməliyəm. Burada yarışmaqdan məmnunuq.
Üçüncü yer uğrunda atışlar həqiqətən də gərgin keçdi. Böyük üstünlüyə sahib olduğumuz halda, rəqib komanda xalları bərabərləşdirdi. Bu da hər ikimizdə olan gərginliyin nəticəsi idi. Həmin anda məşqçimiz taym-aut götürdü deyə üçlükdə müəyyən söhbətlər edib motivasiya aldıq və bunun nəticəsində qalib gəldik”.
Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.