“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyev cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sportinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.
Prokuror bildirib ki, O.Səmədov İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.
Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesablna 1.436..735,18 manatı köçürməklə leqallaşdırıb.
Daha sonra İttihama münasibət bildirən Çingiz Mehdiyev ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Bundan sonra hakim məhkəmə istintaqının aparılması qaydasının müəyyən edilməsini tərəflərdən soruşub.
Prokuror prosesin əvvəlində təqsirləndirilən şəxsin dindirilməsi ilə, daha sonra isə şahidlərin dindirilməsi, sübutların araşdırılmasını təklif edib.
Təqsirləndirilən şəxsin vəkili isə buna etiraz edib. Bildirib ki, əvvəlcə zərərçəkmiş məhkəmə iclasında dindirilməsi təmin olsun.
Vəkil fikirini belə əsaslandırıb ki, zərərçəkmiş şəxsin dindirilməsi zamanı zərərin nədən ibarət olması müəyyən edilməlidir. Vəkil deyib ki, müvəkkili bu işdə vəzifəli olaraq 20-ci adam olmasına baxmayaraq, onu birinci adamın yerinə qoyublar:
"Həqiqətən zərər nədən ibarətdir, vəzifəli şəxslər kimlərdir. Əvvəlcə bunları müəyyən etmək lazımdır. Zərərçəkmiş zərəri bir-bir sadalamalıdır. Biz də bilməliyik ki, zərər nədən ibarətdir".
Müşavirə keçirən hakimlər heyəti belə nəticəyə gəlib ki, ittiham tərəfi sübutları təqdim edir. Buna görə də prokurorun təklif etdiyi qaydada məhkəmə istintaqı aparılacaq. Qərara görə, əvvəlcə təqsirləndirilən şəxsin dindirilməsi ilə məhkəmə istintaqı aparılacaq.
Növbəti proses mayın 6-da davam edəcək.
2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur.
Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.
Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.
İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.
Çingiz Mehdiyev istintaqdakı ifadəsində də özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, 2016-cı ildə “Formula-1” Bakıda ilk dəfə keçirilirdi və hazırlıq üçün vaxt idi. Yarışda lazım olan malları çatdıra bilən şirkət, yaxud da şəxs tapa bilmirdi. Ona görə anasının adına olan şirkət və sürücü ilə müqavilələr bağlayıb.
Lazım olan malların alınması, xidmətlərin göstərilməsi üçün araşdırma aparıb, adamlar və şirkətlər tapıb, onların vasitəsiylə problemi həll eləyib.
Çingiz Mehdiyev vurğulayıb ki, sürücünün hesabına köçürülmüş vəsaitlər də buna xərclənib: Onun sözlərinə görə, M.Abdullayev keçmiş həyat yoldaşının sürücüsü olub.
İstintaq dövründə Ç.Mehdiyevin keçmiş həyat yoldaşı N.Əkbərova və sürücüsü M.Abdullayev onun əleyhinə ifadə verib. Sürücü deyib ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdi.
Amma adına olan möhür və Asan imzası özündə yox, Ç.Mehdiyevdə olub. Onun sözlərinə görə, sənədlər imzalasa da, mahiyyətindən xəbəri yox idi.
Ç.Mehdiyev haqqında araşdırmalar onun keçmiş həyat yoldaşı N.Əkbərovanın müraciəti əsasında başlayıb.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ilkin araşdırmalardan sonra cinayət işi başlanıb.
Keçmiş həyat yoldaşı iddia edir ki, Ç.Mehdiyev özü və qardaşı Zaur Mehdiyevin adına xeyli əmlak alıb. Bu əmlaklar arasında Amerikada evlər də var.
Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.