“Bu gün Gürcüstanda baş verənlər bir neçə günün, yaxud da bir neçə ayın məsələsi deyil. Bu, illərlə yığılmış problemin bir partlayışı kimi də dəyərləndirilə bilər”.
Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Politoloqun sözlərinə görə, artıq 20 ildən çoxdur ki, Qərb bu və ya digər formada Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsini həyata keçirir:
“Gürcüstanda 25 minə qədər QHT var ki, onun böyük bir hissəsini bu gün Qərb maliyyələşdirir. Tarixi təcrübə də göstərir ki, Qərb Gürcüstanın arxasında və yaxud hakimiyyətə gətirdiyi şəxslərin, hökumətlərin arxasında dayanmayıb. Mixeil Saakaşvilinin aqibətini görürük.
2008-ci il müharibəsi də buna bir nümunədir ki, Gürcüstanı faktiki olaraq Rusiyanın əlinə verdilər. Qərb bu və ya digər formada bu duruma müdaxilə etmədi. Qərb Gürcüstanın həm liberal, həm iqtisadi baxımdan inkişaf etmiş ölkə olmasını istəyirdisə, oranın iqtisadiyyatına investisiyalar qoymalı idi. Amma Qərb əksini etdi. Onlar daha çox Gürcüstan cəmiyyətində agentura şəbəkəsini formalaşdırdı. QHT-lər vasitəsilə insanları ələ aldılar. Verilən böyük miqdarda maliyyə yardımları cəmiyyətin yönləndirilməsi üçün istifadə edildi. Nəticə o yerə gəlib çıxdı ki, artıq bu gün 700 mindən çox gürcü Qərbə köçüb – Avropa İttifaqına, ABŞ-a və s. Bu prosesin adını liberallaşma, inteqrasiya və s. qoyurlar, amma o deyil. Görünən odur ki, Gürcüstan cəmiyyəti bu 20 il ərzində bir çox şeyləri itirdi”.
Politoloqun sözlərinə əsasən, hökumət başa düşür ki, mövcud vəziyyətin qarşısı alınmasa, Gürcüstanı qarşıda daha ağır siyasi proseslər gözləyir:
“QHT-lərə verilən pullar xərclənib getdi, ortada isə hər hansı nəticə yoxdur. Həmin pullar iqtisadiyyata ayrılmalı idi. Ona görə də bu gün Gürcüstan cəmiyyətində ciddi problemlər ortaya çıxır. Doğrudur, insanlar yavaş-yavaş anlayırlar ki, Qərbin onları çətin vəziyyətdə qoyması gün üzünə çıxır. Ancaq baş verən etiraz aksiyaları Gürcüstan cəmiyyətini ciddi sarsıdacaq. Lakin burada nikbinlik də var - yəqin ki, bu cəmiyyət anlayacaq ki, Qərbə inteqrasiya heç də hər şeyin yaxşı olacağı anlamına gəlmir. Bu “yaxşılığın” arxasında öz maraqlarını güdən bir siyasət durur”.
Samir Hümbətov hesab edir ki, Gürcüstan bundan sonra nə qədər Qərbə inteqrasiya prosesinə girişsə də, mövcud vəziyyət Gürcüstan hökuməti qarşısında bir nümunə olacaq ki, Qərbdən asılılığın son həddi bura qədər gedib çıxa bilir:
“Yəni ölkədə xaotik vəziyyət yarana bilər”.
Aytən Novruz
Musavat.com