AZ

Dünyanın ən dərin mavi çuxuru kəşf edildi

Yazını böyüt
Yazını kiçilt

Dünyada bu günə qədər kəşf edilən ən dərin mavi çuxurun Meksika sahillərində “Taam Ja” olduğu müəyyən edilib. Tədqiqatçılar dənizdəki bu çuxurun dibinə hələ çatmayıblar.

Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, sahil ərazilərində rast gəlinən mavi çuxurlar, əsas süxurları əhəngdaşı və ya gips kimi həll olunan materiallardan ibarət olan şaquli çuxurları təmsil edir. Səthdəki suyun mineralları həll etməsi, çatları genişləndirməsi və nəticədə süxurun çökməsi nəticəsində yaranan bu dəliklər, onları əhatə edən sudan çox daha tünd mavi rəngə sahib olması ilə diqqət çəkir.

2021-ci ildə Yukatan yarımadasının cənub-şərq sahilindəki Çetumal körfəzində kəşf edilən “Taam Ja” mavi çuxuru ötən il 274 metr dərinliyi ilə dünyanın ikinci ən böyük mavi çuxuru elan edilib.

Bununla belə, ötən il dekabrın 6-da ekspedisiya üçün çuxura enən bir qrup oranın ən azı 420 metr dərinliyində olduğunu müəyyən edib. Beləliklə, “Taam Ja” Cənubi Çin dənizindəki 301 metrlik “Dragon Pit”dən də dərin olmaqla birinci yeri tutub.

Meksikadakı “El Colegio de la Frontera Sur” elmi tədqiqat mərkəzindən bir qrup, suyun təzyiqi, temperaturu və keçiricilik məlumatlarını ölçən bir cihazla çuxura bir ip atıb. Bütün 500 metrlik kəndir açılanda belə dibinə çatmayan qurğu çuxurun divarları yüngül bucaq altında davam etdiyi üçün dəniz səviyyəsindən 420 metr aşağıda qalıb.

Tədqiqatçılar həmçinin “Taam Ja”da biri 400 metr dərinlikdə müxtəlif təbəqələr aşkar ediblər. “Frontiers in Marine Science” jurnalında dərc edilən araşdırmaya görə, bu təbəqənin temperatur və duzluluq baxımından Karib dənizi və yaxınlıqdakı sahil laqonlarına bənzəməsi, çuxurun okeanla gizli bir əlaqə ilə bağlı ola biləcəyini göstərir.

“Taam Ja” çuxurunun əvvəlki ölçmələri səs dalğalarını dəniz dibinə göndərən və onların qayıdış sürətinə əsasən dərinliyi hesablayan cihazla aparılıb. Lakin əks-səda adlandırılan bu alətlər mavi çuxurların su sıxlığının dəyişməsi və bəzən onların şaquli strukturunun olmaması səbəbindən heç də həmişə səmərəli nəticə vermir.

Alimlər bundan sonra çuxurun nə qədər dərin olduğunu öyrənməyi və içərisində gizlənə biləcək tunelləri kəşf etməyi planlaşdırırlar. Bu səfərlər zamanı yeni canlılarla rastlaşa biləcək tədqiqatçılar məqalədə yazır: “Taam Ja” mavi dəliyin dərinliklərində fiziki-kimyəvi və geomorfoloji proseslərlə əlaqəli, unikal biotop əmələ gətirən və kəşfini gözləyən biomüxtəliflik ola bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
316
5
hafta.az

10Mənbələr